Bugünkü uğurlarımızın başlanğıc nöqtəsi - Heydər Əliyev

Bugünkü uğurlarımızın başlanğıc nöqtəsi   - Heydər Əliyev

Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur,  bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən  iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan tarixinin keşməkeşli, zaman ilə ölçülməyən illəri, yaşanılan zamanın həqiqətləri, şəxsiyyətləri salnamələrə yazılır. Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, Onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilib. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamına təsadüf etmək mümkün deyil.

Əbəs yerə deyilmir ki, gələcəyə keçmişimizlə addımlayırıq. Gələcəyi düzgün müəyyənləşdirmək üçün, sözsüz ki, keçilən yola bir baxış keçirməyə böyük zərurət duyulur. Bu fikir də hər zaman önə çəkilir ki, insanlar yeniliyi tez qəbul edir, amma bəzən bunun hansı çətinliklər, səylər sayəsində əldə olunduğunu düşünmürük. Bu baxımdan bu gün biz müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən 24 illik müstəqilik tarixində  keçdiyi yola və əldə etdiyi təcrübəyə  qısaca da olsa nəzər salmağı  bir zərurət kimi qəbul edirik.  Eyni zamanda, bu təhlillər zamanı tarixi şəxsiyyətlərin, ölkəni inkişafa aparan strategiyasının müəllifinin liderlik keyfiyyətləri də xüsusi önəm kəsb edir. Çünki ölkə o zaman inkişafa doğru irəliləyir ki, ona güclü siyasi lider rəhbərlik edir.

Ulu öndər Heydər Əliyevin əsəri kimi dəyərləndirilən Azərbaycanın uğurlarından bəhs edərkən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərə, onların bazası əsasında  müstəqillik tarixmizdə həyata keçirilən tədbirlərə baxış keçirmək bir tələbdir. Dahi şəxsiyyət  Heydər Əliyevin “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda  milli oyanış, milli dirçəliş, milli ruhun canlanması  lazımdır” tezisi məhz  hakimiyyətinin birinci dövrü üçün  xarakterik idi. Həmin dövrdə milli dövlət anlayışı  yasaq idi. Lakin ümummilli lider  Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti, ən əsası  bacarığı  sayəsində  xalqımızın  şüurunda “milli maraqlar” anlayışı dərindən kök saldı.

Məhz Sovetlər Birliyi  dövründə milli maraqların real siyasətdə  reallaşması 80-ci illərin sonunda  ölkədə milli hərəkatın  genişlənməsi  üçün zəmin hazırladı, 1991-ci ildə dövlət müstəqilliyimizin qazanılması üçün  baza formalaşdırıldı.  Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı  müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi.  Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədi ilə  böyük səyləri nəticəsində C. Naxçıvanski adına Hərbi Liseyi yaratması və s. addımlar bu  məqsədə xidmət edirdi. Ən əsası ulu  öndər Heydər Əliyev hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqini  düşünərək, 1969-1982-ci illərdə uğurlu siyasəti ilə   ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən  bir diyara çevirdi. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılış mərasimindəki çıxışında həmin dövrü belə xarakterizə etmişdir: “Heydər Əliyev bütün dövrlərdə  öz xalqına sədaqətlə  xidmət etmişdir.  Onun xalq, dövlət qarşısında  misilsiz xidmətləri vardır.  O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və  Azərbaycanın inkişafına böyük səylər  qoymuşdur.  1970-1980-ci illərdə  onun rəhbərliyi altında  Azərbaycan Sovet İttifaqında ən geridə  qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında  o illərdə güclü sənaye potensialı  yaradılmışdır ki,  bu gün də  bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.

Məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq bu fikir böyük inam və qətiyyətlə bildirilir ki,  ulu öndər Heydər Əliyevin fəaliyyəti  uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün xalqımıza, dövlətimizə  xidmət göstərir, Azərbaycan dinamik iqtisadi inkişafı ilə  beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı illər də Azərbaycanın dirçəlişi, inkişafı dövrü kimi tarixmizə yazılıb. Sovetlər Birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran ümummilli lider Heydər Əliyev  1993-cü ildə  hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı ağır durum yaddaşlardadır. Xaos, anarxiya, özbaşınalıq  o illərin xarakterik cəhətləridir. Xalqın sabaha ümidi itmişdi. Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi. Belə çətin dövrdə xalq  dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi.  Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü  ölkəsinin gələcəyinə həsr edən ulu öndər Heydər Əliyev   ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. Bu tarixi paralellər əsasında bu fikri böyük qətiyyətlə bildiririk ki,  ulu öndər Heydər Əliyev  müasir və müstəqil Azərbaycanın banisidir. Çünki   Azərbaycan 1991-ci ilin oktyabarında dövlət müstəqilliyini yenidən bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır. 1993-2003-cü illərdə  dövlətçiliyimizin əsasları qoyulmuşdur. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi əsasında hazırlanan milli Konstitusiyamız   ümumxalq səsverməsi yolu ilə   qəbul olundu.  Əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi nəticəsində  Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu  müəyyənləşdirdi,  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün  tribunalar  qazandı. Beynəlxalq təşkilatlara  üzv qəbul olunması ona bu imkanları daha da artırdı.  “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın  bugünkü gənc nəsli gələcək  Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” – söyləyən ümummilli lider Heydər Əliyev  bu məqsədə nail olmaq üçün  harada yaşamasından asılı olmayaraq  hər bir  azərbaycanlını  müqəddəs Azərbaycan qayəsi ətrafında  birliyə çağırdı. Bir sözlə,  müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi  bir dövləti yaratmaq xilaskar kimi ümummilili lider  Heydər Əliyevə  nəsib oldu.  Azərbaycan xalqının yüksək səviyyədə qeyd etdiyi bayramları sırasına  15 iyun — Milli Qurtuluş Gününün daxil olması da  əsassız deyil.  Bu tarix bir daha Azərbaycan dövlətinin, xalqının həmin illərin çətinliklərindən, ağır durumundan Qurtuluş   günü oldu. Həmin tarix bugünkü uğurlarımızın başlanğıc nöqtəsi, müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin ən yüksək səviyyədə qeyd olunduğu gün oldu.

Ulu Öndər ideyalarınnı uğurlu davamçısı

Dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən danışarkən onun ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan Yeni Azərbaycan Partiyası təsis konfransını 1992-ci il noyabr ayının 21-də müxtəlif regionlardan təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə keçirdiyi halda, bu gün öz sıralarında 670 minə yaxın üzvü birləşdirir. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, hazırda Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə inamın təsdiqidir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə qısa baxış bir daha belə bir ümumiləşdirməyə və reallığı təsdiqləməyə əsas verir ki, bugünkü müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsəri ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyi ilə zənginləşdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün ən yüksək zirvədədir.

Azər Verdiyev

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri

Xəbər 945 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR