Bu malları mağazaya qaytarmaq - OLMAZ

Bu malları mağazaya qaytarmaq - OLMAZ

Vətəndaşların diqqət yetirməli olduqları məqamlardan biri də alınan məhsullardır. Belə ki, əksər hallarda istisnasız olaraq aldığımız malı qaytara biləcəyimizi düşünürük. 

Amma bu heç də belə deyil. Bəzi hallarda isə qaydaları bilmədiyimiz üçün ehtiyatlı davranmamağımız problemə yol açır.

Aktual.az Fins.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bəzi məhsulların dəyişdirilməsi və ya qaytarılması qanunla qadağan olunub. 

Amma vətəndaşların bundan xəbərsiz olmaları əksər hallarda mübahisələrə və narazılıqlara səbəb olur. Bəzi hallarda bu mübahisələr, hətta məhkəmə proseslərinə çevrilir. Nazirlər Kabinetinin 1998-ci il 12 may tarixli qərarına əsasən, dəyişdirilməyən və qaytarılmayan malların siyası verilib.

Siyahıda qızıl və qiymətli daşlardan hazırlanan məmulatlar, parfumeriya və kosmetik vasitələr, çimərlik geyimləri, alt paltarları və corablar, məişət-kimya məhsulları, şəxsi gigiyena məhsulları, uşaq oyuncaqları, plastik yemək qabları və dəyəri ödənilmiş yararlılıq müddəti ərzində  mağazadan çıxarılan ərzaq malları daxildir.

Ə.Hüseynov bəzi məhsulların geri qaytarılması ilə razı olduğunu bildirir. O bildirib ki, şəxsi gigiyena vasitələrinin, yəni, daraq, diş fırçası, corab və digər geyimlərin qaytarılması ilə bağlı qadağa məntiqi cəhətdən düzgündür:

"Yəni, bu elə məhsullardır ki, istifadə edildikdən sonra qaytarılması gigiyenik cəhətdən düzgün deyil. Bir vətəndaşın istifadə edib geri qaytardığı məhsulu alan digər vətəndaş gözlənilməyən xəstəliklə qarşılaşa bilər. Buna uşaq oyuncaqları və plastik qabları da aid etmək olar”.

Bununla yanaşı, Ə.Hüseynov hesab edir ki, bəzi məhsullarla bağlı qadağaların tətbiq edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. 

Söhbət qızıl-zinət əşyaları və kosmetik məhsullardan gedir. Ə.Hüseynov bildirir ki, bu məhsullarla bağlı qadağa əsassızdır. Onun sözlərinə görə, bəzi hallarda bununla bu məhsullarla bağlı mübahisələr yaranır. Məsələn, müştəri hər hansı ətiri alır. 

Digər mağazada onun daha ucuz olduğunu görür və yaxud evdə köhnə ətirlə müqayisə edib, yenisinin kefiyyətsiz olduğunu müəyyən edir. Amma mağazaya qaytara bilmir. Eyni halı qızıl və zinət əşyalarına da aid etmək olar.

Onun sözlərinə görə, qızıl və zinət əşyaları ilə bağlı şikayətlərin 60%-i AİİB-nin müraciəti əsasında öz həllini tapır: "Müştərinin aldığı məhsulla bağlı çeki varsa, mağazaya müraciət edirik. Əksər hallarda problemi həll etmək mümkün olur”. 

Ə.Hüseynovun sözlərinə görə, bəzi hallarda isə mübahisələr məhkəməyə qədər uzanır. Onun sözlərinə görə, zinət əşyası alan vətəndaşlardan biri aldadılıb. Sumqayıt sakini iyul ayında qızıl mağazasından 4 min manatlıq zinət əşyası alıb. 

Əyyar palatasında ekspertiza zamanı məlum olub ki, qızılın əyyarı deyiləndən aşağıdır. Yəni, zinət əşyasının real qiyməti 1500 manatdır. Ə.Hüseynov bildirib ki, saxtakarlıq halı ilə bağlı məhkəməyə müraciət edilib. 

AİİB sədri hesab edir ki, istehlakçıların hüquqların qorunması üçün qanunvericilikdə bununla bağlı dəyişikliklər edilməlidir: "Belə ziddiyyətli məqamlarla bağlı aidiyyəti qurumlara müraciət edilib”.
 

Aktual.az

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR