"Biz onlara yalnız bir sual verdik: niyə 400?"


Milli Məclisin spikeri Oqtay Əsədov bir qrup rusiyalı jurnalistlə görüşüb.
Seçki-2015.az saytının "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, spiker görüşdə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı danışıb.

O. Əsədov görüşdə MDB ölkələrindən bir qrup, Avropa Şurası Parlament Assambleyasından 43 müşahidəçinin, Avropa Birliyi ölkələri parlamentlərindən isə 27 nümayəndənin Azərbaycandakı seçkiləri izləyəcəyini deyib: "Bundan başqa, Milli Məclisin dəvəti ilə müxtəlif ölkə parlamentlərinin 60 deputatı Azərbaycandakı seçkiləri izləyəcək. Bundan əlavə, bir çox ölkələrin deputatları seçkiləri izləmək arzusunda olduqlarını bildiriblər".

"Biz onlara yalnız bir sual verdik: niyə 400?"

Spiker ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçi göndərməkdən imtina etməsinə də aydınlıq gətirib: "Bu təsisatdan bizə məktub göndərdilər ki, Azərbaycana 400 müşahidəçi yollamaq istəyirlər. Biz onlara yalnız bir sual verdik: niyə 400? Sizin metodologiyanız haradadır? Azərbaycanda 9 milyon əhali var, siz 400 müşahidəçi göndərirsiniz. Ukraynada 45 milyon insan yaşayır, oradakı seçkilərə də 400 müşahidəçi göndərirsiniz. Türkiyədə 80 milyon əhali var, ora 18 müşahidəçi göndərirlər. ATƏT/DTİHB metodologiyanı izah etmədi, bununla əlaqədar müşahidəçi göndərməmək haqında qərar verdi və bəyan etdilər ki, Azərbaycan "müşahidəçiləri qəbul etməyə hazır deyil". Seçkiləri 27 beynəlxalq təşkilat izləyəcək, bu, kifayətdir.

"Prezidentimiz sərbəst siyasət aparmaq istəyir, bu, çoxlarının xoşuna gəlmir"

O. Əsədov bəzi qüvvələrin Azərbaycana qarşı təzyiq cəhdlərindən də danışıb: "Azərbaycan siyasətini müstəqil şəkildə yürütmək niyyətindədir. Bizə qarşı təzyiqin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Bizim prezidentimiz sərbəst siyasət aparmaq istəyir, bu, çoxlarının xoşuna gəlmir. Bizə qarşı hücumların mahiyyəti də bundadır".

Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR