Binəqədidə yanan bina ilə bağlı məhkəməyə bəzi şahidlər məcburi gətiriləcəklər

Binəqədidə yanan bina ilə bağlı məhkəməyə bəzi şahidlər məcburi gətiriləcəklər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Aktual.az Trend-ə istinadən bildirir ki, prosesdə zərərçəkmiş Lalə Hüseynova ifadə verib. O bildirib ki, yanan binada evi 1995-ci ildə alıb: "Həmin mənzildə yaşamamışam. Mənzili kirayə vermişəm. Mənə dəymiş ziyanı dövlətimiz ödəyib. Heç bir şikayətim yoxdur.

Hakim bildirib ki, zərərçəkmişlərdən - Amilə Kişiyeva, Mirnizam Həbibov, Toğrul Bağırov və Mübariz Səmədov ölkə hüdudlarından kənardadırlar: "Həmin şahidlərin Azərbaycandan kənarda olması barədə sənədlər əldə etmişik, telefonla həmin şəxslərlə danışmışıq. Lakin onların prosesə gətirilməsi mümkün deyil. Bundan əlavə, bir neçə şahid prosesə gəlmir. Onların da barəsində məcburi gətirilmə barədə qərar çıxarılıb və qərarlar müvafiq polis idarələrinə göndərilib".

Hakim əlavə edib ki, iş üzrə adı keçən şahid Xəyyam Babayev məhkəməyə teleqram vurub. Şahid istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, prosesdə iştirak edə bilməyəcəyini qeyd edib.

Proses noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qəti imkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR