Bakıda bağlanan dükanlar: hər şey dəyişəcək

Bakıda bağlanan dükanlar: hər şey dəyişəcək

"Bu gün bağlanan, icarəyə verilən obyektlərin artıq gələn ildən etibarən yenidən açılacağını, sahibkarların işlərini davam etdirəcəklərini proqnozlaşdırırıq. Yəni növbəti ildən hadisələrin gedişində müsbət irəliləyişlər gözləmək olar. Nəzərə alsaq ki, 2015-ci il başa çatmaq üzrədir, ona görə də prezident İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi artıq gələn ildən etibarən ölkədə fərqli bir sahibkarlıq mühitinin və sektorunun yaranmasına gətirib çıxara bilər".

Bunu iqtisadçı ekspert Vüqar Bayramov Milli.Az-a Bakıda bir sıra mağaza və obyektlərin kütləvi şəkildə fəaliyyətini dayandırması ilə bağlı məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, mağaza və obyektlərin bağlanmasının əsas səbəbi alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin son iclasında da qeyd olundu ki, bir sıra iş yerlərinin bağlanması nəticəsində 30 min insan işsiz qalıb. Bağlanan iş yerlərindən bəziləri məhz həmin mağazalardır. Çünki vətəndaşların bir qismi artıq qənaət rejiminə keçib. Bu, təkcə ölkədə gedən proseslərlə yox, qlobal və regional proseslərlə, çətinliklərlə bağlıdır. Dünya iqtisadiyyatında böhran müşahidə edilir. Beynəlxalq Valyuta Fondu da 2015-ci il üçün proqnozlarlarına baxaraq, proqnozun 3,7 faizdən 3,1-ə endirilməsi barədə qərar qəbul etdi. Bu o deməkdir ki, qlobal çətinliklər var. Belə olan halda isə vətəndaşlar yığıma üstünlük verirlər. Bağlanan iş yerlərinin də çoxu məhz satışla məşğul olan obyektlərdir. Satışın həcminin azalması məhz yığım və qənaət, istehlakın azalması amili ilə bağlıdır. İstehlakın azalması isə mağaza və obyektlərin bağlanmasına gətirib çıxarır".

Ekspert hesab edir ki, bəzi addımlar atmaqla mənfi proseslərin qarşısını almaq olar: "Əslində cənab prezident son müşavirədə bu problemin aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi. Aparılan araşdırmalar da göstərir ki, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr də sahibkarların işlərini dayandırmasına və ya iş yerlərinin ixtisar edilməsinə gətirib çıxarır. Çünki yersiz müdaxilələr sahibkar üçün əlavə xərcdir. Ona görə də bu yersiz müdaxilələrin aradan qaldırılması vacibdir. Prezidentin də tapşırdığı kimi, bu müdaxilələr qısa zamanda aradan qaldırılmalı, dövlət qurumları çoxsaylı yoxlamaları dayandırmalıdır. Artıq dövlət qurumlarından biri sahibkarlıq subyektlərində bütün yoxlamaların dayandırıldığı barədə açıqlama verdi. Bu işlər davam etdirilməlidir. Sahibkarlar yalnız qanunla icazə verilən vaxt intervalında yoxlanılmalıdırlar. Belə bir hüququ olmayan dövlət qurumları yoxlamalar aparmamalıdırlar. Bununla yanaşı, inhisarçılıq da aradan qaldırılmalıdır. İqtisadiyyatda inhisarçılığın olması rəqabətə təsir göstərir. Rəqabət olarsa, həm qiymət aşağı düşər, həm də bu, sahibkarları daha çox fəaliyyət göstərməyə, çalışmağa sövq edər. Bu isə ölkədə bağlanan obyektlərin sayının kəskin azalmasına gətirib çıxaracaq. Bu baxımdan ölkə başçısının son müşavirədə qoyduğu tapşırıqların icra edilməsi istiqamətində atılan addımlar bağlanan obyektlərin sayının azalmasına, əksinə, yeni iş yerlərinin açılmasına və yeni sahibkarlıq subyektlərinin yaranmasına gətirib çıxaracaq".

Qeyd edək ki, virtualaz.org Bakıda bir sıra mağaza və obyektlərin kütləvi şəkildə fəaliyyətini dayandırdığı barədə məlumat verib. Saytın hazırladığı reportajda qeyd olunur ki, şəhərin mərkəzi küçələrində müştəri qıtlığı və böhranla üzləşib fəaliyyətini dayandıran brend mağazalarla yanaşı, başqa bir çox iaşə obyekti də qapılarını bağlamalı olub. Paytaxtda qapısından "işləmir" və ya "icarəyə verilir" məzmunlu elan asan kifayət qədər ticarət və iaşə obyektinə rast gəlmək olar. Siyahıda kafe, çayxana, optika və gözəllik salonları, toy təşkilatçılığı ilə məşğul olan şirkətlər, turizm şirkətləri də var.

Xəbər 767 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR