Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətində insana və vətəndaşa qayğı dayanır

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətində insana və vətəndaşa qayğı dayanır

Bütün dünyanı təşvişdə saxlayan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizənin ilk vaxtlarından başlayaraq, Azərbaycan hökuməti ciddi tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılan operativ qərargah COVID- 19-un qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli fəaliyyət göstərir. Respublikada epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, virusa yoluxma hallarının qarşı­sının alınması, zəruri profilaktik tədbirlərin gerçəkləşdirilməsi ilə əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyələr verilir.
Bütün bunlar barədə bir qədər ətraflı söhbət açmaq istərdim. Əvvəlcə qeyd edim ki, bir neçə gün əvvəl Bakıda Türk Şurasının COVID- 19-a həsr olunan videokonfransın­da Azərbaycan Prezidenti nitqində səsləndirdiyi dəyərli fikirlərlə hər za­man olduğu kimi, indiki pandemiyaya qarşı mübarizə şəraitində də qlobal çağırışları düzgün qiymətləndirdiyini, ona operativ reaksiya verdiyini, eyni zamanda, üzərinə məsuliyyət götürməyi bacaran qlobal miqyas­lı örnək lider olduğunu sübut etdi. Pandemiyanın ilk günlərindən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasına, özünəqapanma yolunu seçməsinə baxmayaraq, Prezi­dent İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görü­şü üzv ölkələrin yaranmış reallığa məsuliyyətli və xoşməramlı reaksiya verən ilk beynəlxalq təşkilat olduğunu diqqətə çatdırdı.
Yeri gəlmişkən, bu gün Azərbaycan COVID-19-un daha geniş yayıldığı ölkələrdə bu virusa qarşı mübarizədə həmrəyliyinin ifadəsi olan tədbirlərə də geniş yer verir. Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliyanın bayrağının videoproyeksiya olunması məhz bunun bariz ifadəsidir.
Xatırladım ki, adıçəkilən Fond uzun illərdir ki, Azərbaycan mədəniyyətinin dünyada yayıl­ması, habelə beynəlxalq mədəni əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində uğur­lu fəaliyyət göstərir. Bu fəaliyyət çərçivəsində İtaliya ilə Azərbaycan arasında sıx mədəni əməkdaşlıq qurulub.
İtaliyada baş verənlərə dəstək məqsədilə keçirilən sözügedən aksiyada Heydər Əliyev Mərkəzinin seçilməsi isə böyük əhəmiyyətə ma­likdir. Dünya şöhrətli memar Zaha Ha­did tərəfindən layihələndirilən Mərkəz dünya arxitetkturası inciləri arasında­dır. Məhz bu binanın üzərində İtaliya bayrağının videoproyeksiyası xüsusi möhtəşəmliyi ilə diqqət çəkib.
Respublikamızda koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində görülən işlərə də bir qədər ətraflı nəzər salmaq istərdim. Belə ki, bu il mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılıb. Respublika ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsu­si rejimə, martın 24-dən isə xüsusi karantin rejimə keçilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi yasaqlanıb. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayan­dırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunub. Bir sıra dövlət və özəl qurumlarda çalışan şəxslər nəzərə alınmazsa, bütün digər vətəndaşların yaşayış yerlərini tərk etmələri üçün SMS icazə sisteminin tətbiqinə başlanılıb.
Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümum­dünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığa başlayıb. Təşkilatın apa­rıcı mütəxəssislərindən ibarət heyət ölkəmizə gələrək, burada vəziyyətlə tanış olub, görülən işlərə müsbət qiymət verib. Həmin təşkilatının Baş direktoru, doktor Tedros Adha­nom Qebreyesus tərəfindən dövlət başçımıza ünvanlanan məktubda isə respublikamızda pandemiyaya qarşı görülən işlər yüksək dəyərləndirilib.
Burada bir məqama da xüsusi diqqət yetirmək istərdim. Bu gün pandemiyaya qarşı mübarizədə səmərəliliyə nail olunmasında ölkədə yaradılan möhkəb səhiyyə bazası da mühüm rol oynayıb. Belə ki, 16 il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülüb, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib, 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçib.
Pandemiyaya qarşı mübarizədə Azərbaycan həkimlərinə minnətdarlıq edən və vətəndaşları onlara dəstək olmağa çağıran dövlətimizin baş­çısı bildirib ki, onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına ataraq, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ona görə də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə xəstələrə qulluq edən həkimlərin əməkhaqlarının artırılması deyilən fikrin bariz ifadəsidir.
Azərbaycanda pandemiyaya qarşı mübarizənin ilk vaxtlarından başlayaraq görülən işlər sırasında diqqətçəkən bir məqam da odur ki, 5 mindən artıq vətəndaşımız müxtəlif ölkələrdən təxliyə edilib. Respubli­kaya gətirilən həmin şəxslər dövlət hesabına 4 və 5 ulduzlu mehman­xanalarda, Atletlər kəndində, xüsusi karantin zonalarında yerləşdirilib.
Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayan­dırılıb.
Pandemiyaya qarşı mübarizədə test keçirilməsi də diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, indiyə kimi ölkə üzrə 60 minə yaxın test reallaşdırılıb. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən çox olub. Respublikamız aparılan testlərin sayına görə dün­yada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə isə 40-cı yerdə qərarlaşıb. Xatırladım ki, hazırda Azərbaycanda testlərin apa­rılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb.
Yeri gəlmişkən, COVID-19-un qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər sırasında yer alan Sumqayıtda tibbi maska isteh­salı müəssisəsinin qısa bir zamanda istifadəyə verilməsi mühüm önəm daşıyır.
Dövlətimizin başçısı həmin obyektin açılışı mərasimində xalqa müraciətində deyib: "Ölkəmizdə tibbi maska istehsalına başlanıl­ması əlamətdar hadisədir. Hazırda dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var. Bu çətinlik respublikamızda da nəzərə çarpırdı və problem idxal yolu ilə həll edilirdi. Amma mövcud şərait nəzərə alınaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil olundu. Əlbəttə, bu məsələdə sahibkarların böyük rolu var, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərib. Beləliklə, qısa müddətdə yeni müasir istehsal sahəsi yaradılıb və bu, Azərbaycanın özünü tibbi mas­kalarla böyük dərəcədə təmin etməyə imkan verəcək”.
Bundan başqa, ölkəmizdəki bir neçə spirt zavodunda dezinfeksiya vasitələrinin istehsalına və satışına başlanılıb. Beləliklə, mübarizənin daha səmərəli şəkildə aparılması üçün hər çür şərait yaradılıb.
Burada bir həqiqəti də xatırlatmaq istərdim. Koronavirus pandemiya­sının dünya ölkələrinin iqtisadiyya­tına ağır zərbə vurması sirr deyil. Azərbaycanda da makroiqtisadi və maliyyə sabitliyini təmin etmək, məşğulluq problemlərini aradan qaldırmaq istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli müvafiq sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planının artıq reallaşdırılmasına başlanılması məhz bunun bariz ifadəsidir.
İqtisadi artıma və sahibkarlığa, məşğulluq və sosial rifaha dəstək göstərilməsini, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını əhatə edən Tədbirlər Planında, ilk növbədə, sosial sahə daha çox diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki pandemiyadan ən çox zərər görən bu sahə məşğulluq imkanlarını məhdudlaşdırıb. Nəticədə əhalinin böyük bir hissəsinin gəlir əldəetmə imkanı məhdudlaşıb. Ona görə də dövlət tərəfindən 300 min muzd­lu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi qərara alınıb. Bunun üçün ayrılan 215 milyon manat vəsait hesabına bir iş yerinin qorunmasına orta hesabla 717 manat xərclənməsi nəzərdə tutulub.
Yeri gəlmişkən, yuxarıda göstərilən 215 milyon manat 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərdən əlavə dövlət sosial sığorta ayırmaları da hesablanaraq, zərər çəkən şəxslərə çatdırılacaq. Əsas məqsəd isə hər bir işçinin gələcək sosial müdafiəsinin təmin edilməsinə, perspektivdə pensiya ilə bağlı hər hansı problemin yaşanma­masına nail olmaqdır.
Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara 80 milyon manat dəstək göstəriləcək. Onla­ra vergi güzəştlərinin və tətillərinin ümumi məbləği isə 115 milyon manat təşkil edəcək. Bura əmlak və torpaq vergisindən müddətli azadol­maların, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi daxildir.
İndiki dövrdə dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosi­al müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerinin yaradılacağı nəzərdə tutulub. Qeydiyyata düşən işsizlər üçün birdəfəlik ödəmələrə başla­nılıb. Banklar tərəfindən sahibkar­lara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanətinin veriləcəyi də qərara alınıb.
Sonda bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin yeni bir humanist addım atmasına toxun­maq istərdim. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan 65 yaşın­dan yuxarı 176 nəfər məhkum əfv edilib. Ölkə və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu tədbir, ilk növbədə, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətində insana və vətəndaşa qayğının dayandığını göstərməklə bərabər, sübut edir ki, bu gün siyasi mənsubiyyətindən, əqidəsindən, cəmiyyətdə mövqeyindən asılı olmayaraq, hər bir insanın həyatı və sağlamlığı dövlətimiz üçün ən böyük dəyərdir.
Koronavirus pandemiyasından az itki ilə çıxmaq üçün ölkəmizdə həyata keçirilən önləyici tədbirlər Prezident İlham Əliyevin hər zaman olduğu kimi, fövqəladə hallar, təbii fəlakətlər zamanı da nə qədər çevik, operativ qərarlar qəbul etdiyini, uzaqgörən siyasət yeritdiyini bir daha göstərir. Bu, eyni zamanda, möhtərəm dövlət başçımızın xoş günlərdəki kimi, ağır durumda da daim vətəndaşların yanında olduğunu, insanların sosial rifahının qayğısına qaldığını açıq şəkildə ifadə edir.

Sübut ƏSƏDOV,
Azərbaycan Respublikaçılar Partiyasının sədri
Xəbər 2118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR