“Azərbaycanda heç kim siyasi mənsubiyyətinə görə təqib edilmir” – Elşən Musayev

“Azərbaycanda heç kim siyasi mənsubiyyətinə görə təqib edilmir” – Elşən Musayev


"Bəzi anti- Azərbaycan yönümlü ABŞ KİV-lərində dövlətimiz haqqında dərc edilən qərəzli yazıların heç bir mənbəyi və informasiya tutumu yoxdur. Bunlar kimlərinsə sifarişidir və mövcud siyasi hakimiyyəti gözdən salmaq məqsədi güdür. Üstəlik, burada kuryoz bir məqam da var: Məlum Amerika KİV-ləri bir səhifədə başqa bir dövləti tənqid edərkən, digər səhifədə öz məkanlarındakı özbaşnalıqlardan, hüquq nihilizmindən yazırlar, hətta bununla bağlı video-filan belə paylaşırlar. Həmin videoların qayəsində isə ya Amerikanın mülki geyimli polisləri tərəfindən dinc nümayişçilərin nömrəsiz avtobuslara doldurulub naməlum istiqamətə aparılmaqları əks olunur, ya da tutaq hansısa qaradərilinin sırf qaradərili olduğu üçün ölümə qədər gedən yolu. Sonra da boğazdan yuxarı qışqırırlar ki, ay demokratiya belə getdi, insan haqları, hüquqları feşman gəldi. Oysa, adamlara deyən lazım, gedin birinci özünüzə baxın, ilk öncə insan haqları yolunda öz qurduğunuz barrikadaları dağıdın, sonra kiməsə məsləhət vermə havasına girin” – AKTUAL.AZ  xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev son günlər Amerika mətbuatında Azərbaycanla bağlı dərc edilən qərəzli yazılara münasibət bildirərkən söyləyib.

"Azərbaycanda demokratiya var və həm də yetərincə var. Üstəlik, heç kim bu ölkədə siyasi mənsubiyyətinə görə təqib edilmir. Amma cinayət törədən də cəzasını alır. Çünki Azərbaycan dövləti hüquqi dövlətdir. 

Onsuzda bir dəfə hüququn və qanunun yox olduğu mərhələni yaşamışıq, real xaosu görmüşük. AXC-Müsavat hakimiyyəti dövründə. Elə Qarabağ daxil bütün qlobal problemlərimiz də həmin xaotik dövrün yaralarıdır. Bu səbəbdən heç bir Azərbaycan vətəndaşı bir də həmin dövrlərə qayıtmaq istəmir. Azərbaycan öz uğurlarına və sabitliyinə Ulu Öndər hakimiyyətə gəldikdən sonra qovuşub və bu inkişaf  strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müxtəlif dövrlərdə Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələr bizlərə qarşı qısqanc münasibətdə olublar. Hazırda Amerikanın bəzi dairələrinin və onların nəzarətində olan KİV-lərin sərgilədiyi fəaliyyət də həmin qəbildəndir. Fəqət, onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan öz yolunu gedir, kimsədən asılı deyil. Qanun və qayda isə vətəndaşlarımız üçün prioritetdir. Ona görə də nə Amerikadakı anti-Azərbaycan dairələri nə də qeyri qüvvələr bizlərə məsləhət vermə, dərs keçmə eşqinə düşməsinlər. Hərə gedib öz problemi ilə məşğul olsun” – deyə millət vəkili fikirlərinə davam edib.

Xəbər 899 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR