Ermənistan-Türkiyə münasibətlərində istiləşmə Ankaranın regional təsirini gücləndirə və eyni zamanda İrəvanın Rusiyadan asılılığını qismən azalda bilər, lakin bu proses Moskvanın təsiri ilə məhdudlaşacaq.
Aktual.az xəbər verir ki, bu barədə "Stratfor” analitik mərkəzinin hesabatında qeyd olunub.
Analitiklərin fikrincə, son illərdə Ermənistan və Türkiyə uzun müddət davam edən gərginlikdən sonra, xüsusən də Azərbaycanın Qarabağ üzərində tam nəzarəti ələ keçirməsi fonunda münasibətləri normallaşdırmaq üçün cəhdlər göstəriblər:
"Eyni zamanda, İrəvan Rusiyadan daha böyük müstəqillik əldə etməyə və Qərblə daha geniş siyasi, iqtisadi və hərbi əlaqələrin inkişafına çalışır”.
"Stratfor” qeyd edir ki, Ermənistanla Türkiyə arasında yaxınlaşma Ankaranın Avropa, Qafqaz və Yaxın Şərqi birləşdirən regional "orta oyunçu” kimi mövqeyini gücləndirə, həmçinin İranın bölgədəki təsirini qismən zəiflədə bilər:
"Ermənistan üçün bu, ticarət yollarının genişləndirilməsi və Qərb bazarlarına çıxış, eləcə də xarici iqtisadi əlaqələrin şaxələndirilməsi ola bilər.
Eyni zamanda, Rusiya hər iki ölkə ilə münasibətlərinin yaxınlaşma dərinliyini məhdudlaşdıran əsas amil olaraq qalır. Ermənistan Türkiyə və Qərbə çox yaxınlaşarsa, Moskva iqtisadi təsir vasitələrindən istifadə edə bilər”.
Hesabatda əlavə olaraq bildirilib ki, Ermənistan-Türkiyə sərhədinin mümkün açılması Ermənistandakı daxili siyasi proseslərdən və qarşıdan gələn seçkilərin nəticələrindən asılı ola bilər.
Xəbər 38 dəfə oxunub.