“91-lər” nə işlə məşğuldur... – I YAZI

“91-lər” nə işlə məşğuldur...   – I YAZI

1992-ci ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciət etmiş məşhur “91-lər”in hazırda nə işlə məşğul olması yəqin ki, oxucular üçün də maraqlıdır.

Aktual.az bu marağı nəzərə alıb, “91-lər”in hazırda nə işlə məşğul olmasını araşdırıb.

Akademik Ziya Bünyadov 1997-ci ildə qətlə yetirilib. Müqəddəs Qurani-Kərimi Azərbaycan dilinə tərcümə edən akademik AMEA Şərqşünaslıq İnsitutuna rəhbərlik edib və hakim Yeni Azərbaycan Partiyasında sədr mavini postunu tutub.

Akademik Fərəməz Maqsudov da dünyasını dəyişib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan Fərəməz Maqsudov riyyaziyyatçı alim olaraq ölkəmizi dünyada ləyaqətlə təmsil edib. 2000-ci ildə xəstəlik səbəbindən vəfat edib.

Professor İqrar Əliyev 2004-cü ildə dünyasını dəyişib. Tarixçi alim İ.Əliyev 1999-cu ildə “Şöhrət ordeni” ilə təltif olunub.

Akademik Məmmədtağı Cəfərov 2007-ci ildə dünyasını dəyişib. 200-dək elmi əsəri, onlarca kitabı, o cümlədən monoqrafiya və dərslikləri – "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" monoqrafiyası respublikamızda torpaqşünaslıq elminin inkişafında mühüm rol oynayıb.

Akademik Ömər Eldarov hazırda Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur. “İstiqlal” ordenli alim birinci Avropa Oyunlarında Azərbaycan məşəlini daşıyanlar arasında olub.

Tanınmış jurnalist Sabir Hacıyev uzun müddət “Gəncənin səsi” qəzetinin baş redaktoru olub. Mətbu fəaliyyəti dövründə daim dövlətçilik maraqlarından çıxış edən S.Hacıyev Əlikram Hümbətova qarşı Heydər Əliyevi dəstəkləyən üç nəfərdən biri olub.

Xalq şairi Xəlil Rza Ulutürk 1994-cü ildə dünyasını dəyişib. “İstiqlal” ordenli Xəlil Rzanın oğlu Təbriz Xəlilbəyli Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub.

YAP-ın qurucularından olan Sirus Təbrizli bir neçə il öncə həyatdan köçüb. Mətbuat və informasiya naziri postunu tuan S.Təbrizli emosional açıqlamaları və siyasi bəyanatları ilə diqqət çəkən siyasətçilərdən olub.

Xalq artisti Zeynəb Xanlarova hazırda Milli Məclisin deputatıdır. Son illər yaşı ilə əlaqədar az-az görünən Z.Xanlarova SSRİ xalq artisti adını almış azsaylı sənətkarlardandır.

Sabiq baş prokuror Əli Ömərov hazırda tez-tez gözə dəyməsə də, ara-sıra mətbuatda görünür. Aktiv ictimai-siyasi fəaliyyətlə məşğul deyil.

Eldar İbrahimov Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri və millət vəkilidir. Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvüdür.

Milliyyətcə rus olan Mixail Zabelin də Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvüdür.

Tanınmış həkimlərdən olan Əlfəddin Abdullayev bir müddət 4 saylı şəhər kliniki xəstəxanasına rəhbərlik edib. 2004-cü ildə vəfat edib.

YAP-ın qurucularından olan Murtuz Ələsgərov 2012-ci ildə vəfat edib. Milli Məclisin sədri olmuş professorun övladları yüksək dövlət vəzifələrində çalışır.

Uzun müddət Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olan Zahid Qaralov bu ilin əvvəlində dünyasını dəyişib.

Şair-publisist Adil Qasımov müxtəlif teatrlarda nümayiş olunan onlarla əsərə ssenri yazıb. Hazırda yaşasa da, aktiv fəaliyyəti yoxdur.

Professor Əjdər İsmayılov Ulu Öndərin sadiq silahdaşlarından olub. Müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışan Ə.İsmayılovun hazırda aktiv fəaliyyəti müşahidə olunmur.

Professor Şahlar Əsgərov BDU-da çalışır, fizikdir. Milli Məclisin Təhsil Komitəsinin sədri və YAP İdarə Heyətinin üzvü olub.

Professor Lalə Şövkət Hacıyeva hazırda müxalifət düşərgəsində təmsil olunur. Azərbaycan Liberal Partiyasına rəhbərlik edən L.Şövkət bir müddət dövlət katibi olub.

Professor Rafiq Əmənzadə BDU-da çalışır. Riyaziyyatçı alim Türkiyədə və digər ölkələrdə yerləşən ali məktəblərlə əməkdaşlıq edir.

Davamı gələn həftənin cümə günü...

Adnan/Aktual.az

Xəbər 23919 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR