“Siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız”

“Siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız”

"Bəziləri qəzanı isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir və baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi yumşaq desək, böyük səhvdir".

Aktual.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə xitabən deyib.
Dövlət başçısı qeyd edib ki, indi bizim kifayət qədər enerji gücümüz var: "Mən bunu giriş sözümdə qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisini ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb və siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin burada deyilən ziyanını hesablasaq, məlum olur ki, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib.
Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılıb. İndi yeni elektrik stansiyaları tikilir. Şimal-2 elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Siz bunun izahatını verməlisiniz. İndi havaların isti keçməsi, istehlakın artması barədə verilən məlumat məni qətiyyən qane edə bilməz".
Dövlət başçısı bildirib ki, bununla bağlı yaradılan komissiyanın üzvləri ciddi işləməlidirlər. Prezident İlham Əliyev həm birinci qəzanın, həm də ikinci qəzanın səbəbləri barədə qısa müddət ərzində ona məruzə edilməsi barədə göstəriş verib.  
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR