“Evə basqın edib, 15 yaşlı qızı oğurladılar” - Ağcabədidə sensasion olay

“Evə basqın edib, 15 yaşlı qızı oğurladılar” - Ağcabədidə sensasion olay

Redaksiyaya Bakı sakini Pənah Bayramov müraciət edərək, azyaşlı bacısı qızının oğurlanması barədə məlumat verib

15 yaşlı Ləman Bayramovanın zorakı yolla, yaşadığı evə basqın edilərək qaçırıldığını deyən şikayətçi günahkarların ən qatı şəkildə cəzalandırılmasını tələb edir. 

Hadisə Ağcabədi rayon Afşar kəndində baş verib. Hər şey xalası oğlunun, Elman Əkbərovun, eləcə də onun qardaşı Fazil Əkbərovun onlarla bir daha qohum olmaq istəyindən başlayıb. 

Belə ki, E.Əkbərov 15 yaşlı Ləmanı öz oğluna almaq istəyib və buna görə bir neçə dəfə Bayramovların qapısına gəlib: "Qardaşım qızı orta məktəb şagirdidir. Bu günə qədər bir neçə yerdən ona elçi gəlmişdi. Hər birinə də deyilmişdi ki, uşaqdır, bu yaşda uşağı ərə vermək olmaz. Heç valideyn razı olsa da, mümkün deyil. Qanunlar buna icazə vermir. Ağcabədinin özündə qardaşım yaşayır. Öz xalam oğlu da elçiliyə gəldi. Aramızda da kinayəlilik var. Biz onlardan nə qız alırıq, nə qız veririk. Bunlar hər zaman bizə sataşırlar. Qohum olsaq da, münasibətlərimiz yaxşı deyil. Qadınlar vasitəsilə elçi gedib-gəlməyə başladılar. Biz ilk gündən öz rədd cavabımızı verdik. Hətta mən Bakıda yaşamağıma baxmayaraq, burdan getdim Ağcabədiyə və elçiləri evdən qovdum. Amma bunu nəzərə almadılar və dedilər ki, prinsipə biz bu qızı qaçıracağıq”.

Şikayətçi danışır ki, bu hədəni eşidən kimi 102 xidmətinə zəng edərək bu barədə məlumat verib. Hadisə araşdırmaya yönləndirilib: "Ordan da məni polisə yönəltdilər. İdarədən bir nəfər müstəntiq gəldi və qızdan izahat aldı. Qız da dedi ki, məni qaçırmaq istəyirlər, zəhmət olmasa tədbir görün. Müstəntiq də bizi arxayın saldı ki, narahat olmayın, hər şey nəzarətimiz altındadır. Biz müstəntiqə də izah etdik. Dedik ki, bu qız azyaşlıdır, qarşı tərəfə qanunvericiliyi başa salın, izah edin hər şeyi. Oğlanın əmisi, Fazil Əkbərov Ağcabədi rayon Sığorta İdarəsinin rəisidir. İcra başçısı, polis rəisi, rayonun vəzifəliləri ilə oturub-duran adamdır, qanunu bilir. Başa salsın ki, olmaz. Buna məhəl qoymadılar. Hesab edin ki, izahatı bu axşam aldılar. Biz hamımız da arxayın olduq. Mən səhəri gün çıxıb gəldim Bakıya. Bakıya gələn gün, saat 1-2 arasında hücum ediblər evə, uşağı oğurlayıblar. Qardaşı vəzifədədir və hamı ilə yaxşı münasibətdədir deyə, hələ də uşağı qaytarmırlar. İndi siz deyin, bu, oğurluqdur, ya yox? Xahiş edirəm ki, tədbir görülsün”.

P.Bayramov dedi ki, hazırda qardaşı qızı ər evində yox, oğruların əlindədir. Dekabrın 15-də baş verən oğurluq hadisəsini isə aradan 4 gün keçməsinə baxmayaraq lazımi səviyyədə araşdırmayıblar: "Bu günlər ərzində qarşı tərəfin ailəsindən bir-iki nəfər gəlib ki, gəlin bu məsələni bağlayaq və barışaq. Yaxşı, lap tutaq ki, biz heç nə eləmədik. Biz onunla küsülüyük. Mənim uşağımı oğurlayıblarsa, mən onlarla necə barışa bilərəm? Bu, qanun pozuntusudur, insan oğurluğudur, cinayətdir. Qızdan da izahat alıblar. O da deyib ki, özüm gəlmişəm, məni başqasına verirdilər, ona görə gəlmişəm və sair. Axı bu azyaşlıdır. Bunun izahatı belə qanunla qəbul olunmur. Oğurlanandan sonra qız nə deyə bilər ki? Əsas izahat onun ata evində verdiyidir”.

"Orda mənə prokuror dedi ki, eşitdiyimə görə, sən qızı öz oğluna almaq istəmisən. Dedim, bu, sonranın işidir. Adamlar evə basqın edib, yetkinlik yaşına çatmayan qızı qaçırıblar. Üstəlik, mənim oğlum qızdan da balacadır. Necə oğluma almaq istəyə bilərəm? 

O da götürüb, polis rəisinə zəng elədi və soruşdu ki, bu nə məsələdir? Ordan dedilər ki, guya qızı dayısına təhvil veriblər. Halbuki həmin vaxt dayısı da yanımda idi. Necə dayısına təhvil veriblər? Dedilər, gözləyin. Səhərdən günortaya qədər gözlədik, prokuror bizə heç nə demədən çıxıb getdi. Mən də Bakıya gəldim. İndi burdan hər yerə teleqram vururam”.

P.Bayramov Əkbərovlar ailəsinin bu qanunsuzluğa görə cəzalandırılmasını tələb edir. O, hazırda Bakıda müvafiq instansiyalara rəsmi ərizə ilə müraciət edərək azyaşlı qardaşı qızının oğurluq faktının araşdırılmasında israrlıdır. (Yeni Müsavat)
 
Aktual.az
Xəbər 2658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR