Yenə hansı fahişənin yanındasan?

Yenə hansı fahişənin yanındasan?

Kəramət Böyükçöl
O günü bir deputat zəng eləyib Milli Məclisə çağırdı məni. Dedi, adını yazıb vermişəm qapıda duran polisə. Getdim. Özü də lap uça-uça. İçəri girəndə üstümü-başımı yoxlayıb əvvəlcədən peçatlanmış və qollanmış balaca bir kağız parçasını da türkün məsəli, əlimə verib dedilər:
– Keç!
Çıxdım yuxarı. Etiraf etmək lazımdır ki, çox qəşəng yerdir Milli Məclis. Mənə elə gəlir ki, bu yerdə həqiqəti demək lazımdır, ironiya-zad eləmirəm ha, yenə deməyin ələ salır bizi.
Çətinliklə olsa da dəyərli və hörmətli deputatın otağını tapdım və oturub xeyli söhbət elədik. Çay da içdik. Gələcəyim barədə çoxlu məsləhətlər verdi mənə. Özü də deputat da var deputat, lap yekəsindən idi bu. 
– Sən maraqlı oğlansan, yaxşı da yazırsan, oxuyuram həmişə. Çox istedadlısan.
– Yazılarımı bəyəndiyinizə sevindim, müəllim!
– Evlisən?
– Kirayədə qalırıq, evimiz yoxdu.
– Ev problemi hamıda var onsuz da. Amma deyirəm ailə qurmusan, yoxsa subaysan?
– Hə, indi başa düşdüm, bağışlayın. Subayam.
– Subaylıq sultanlıqdı, hələ gəz-dolan, cavan oğlansan, sənin nə yaşındı. Təzə nə yazırsan?
– Yaxında romanım çıxacaq.
– Lap gözəl, mütləq hədiyyə elə, yaxşı bir qonaqlıq məndə, elə indidən boyun oluram. 
Deputat ayrı məsələlərdən də danışdı. Özü də uzun-uzadı. O, danışdıqca başımı yelləyirdim, üzümdə razılaşmaq janrında təbəssüm vardı, yəni, hər şeyi düz deyirsiniz, hər şey – ölkə, cəmiyyət, həyat qaydasındadı, hər şey gözəldi, doğrudan da danmaq olmaz.
Düzü, hiss elədim ki, deputatın qabağında çox əzilib-büzülürəm. Bir az pisimə gəldi. Utandım özümdən. Mən belə oğlan deyiləm axı. Düzdü, hərdən ağılsız hərəkətlərim, məntiqsiz çıxışlarım olur, dəlilik eləyirəm. Amma ümumilikdə yaxşı oğlanam, vallah. Daxili qürurum var. Orası da düzdü ki, yaxşı oğlan özünə yaxşı deməz. Əşi, nəysə! Tez özümü düzəltdim, guya, çox məğruram. Başımı qəfil yuxarı necə qaldırdımsa deputat müəllim səksəndi.
Üç-beş dəqiqə keçəndən sonra gördüm ki, yenə əyilirəm özümdən asılı olmayaraq. Axırda fikirləşdim ki, gedib müxalifətin axmaq-axmaq adamlarının yanında acqarına düz durmaqdansa elə bu deputatın qabağında əyilmək yaxşıdı, canımçün. Bəlkə mənə bir gün ağlaya. Həyat belədi, neyləyim?! Sən demə, anam düz deyirmiş: "Bala, ağıllı ol. Gedib ağzına gələni danışma orda-burda. Zəmanə pisdi, adamı hər yerdə güdürlər. Ağzından söz alıb elə yerə çatdırarlar ki, vallah, əlli-ayaqlı gedərsən, heç dədən də gəlməz dalınca. Budu sənə deyirəm, dilini qoy dinməzinə, özü də sakitcə”.
Nə danım, xeyli əyildim də deputat müəllimə. Özü də doyunca əyildim. Belə ürəyim istəyən qədər. Bir az anamın xətrinə əyildim, bir az bacımın, bir az yeznəmizin, bir az bacım qızları, bekara da qardaşım üçün. O qədər əyildim ki, özümə yer qalmadı. Daha yer də yoxuydu əyilməyə. Özü də udquna-udquna əyilməyin ayrı ləzzəti var, elə bil özündən nəyinsə qisasını alırsan, acığını çıxırsan. Əyildikcə qonşu dükanına borcum yadıma düşürdü. Fikirləşdim ki, allah haqqı, nə qədər pis ola, bu deputat dükançı Səriyyə xaladan qat-qat yaxşı adamdı. Özü də min dəfə. O günü arvada nə qədər yalvardım, bir manatlıq konturu nisyə vermədi. Dedi, olmaz! Borcunu qaytar, sonra. Borc da nə borc, cəmi beşcə manat. Bu beş manatdan ötrü evə həmişə uzaq yolla gəlirəm, nədi-nədi o dükanın qabağından keçməyim. 
Hərdən də içimdə əclaf bir hiss əmələ gəlirdi. Ə, boyunu yerə soxum, düz dur, başını dik tut, yekə kişisən, şəxsiyyətin olsun. Yaltaq olma! İstədim içimdəki o hissə deyəm ki, kişiliyin bura nə dəxli var ki? Biz azad və müstəqil cəmiyyətdə yaşayırıq. Guya mən neynirəm ki? Başqaları əlli iki min hoqqadan çıxır. Sonra başımı o üz-bu üzə tərpətdim və düşündüm ki, onsuz da nə qədər əyilən adamlar var, mən kiməm əyilməyim? Adamı elə əyərlər ki... Elə bəri başdan özxoşuna əyilmək yaxşıdı. 
Nədənsə, dinmədim. Doğrusu, dinə bilmədim. Dilim qıfıllanmışdı elə bil. Deputat da ordan-burdan danışmağında. Ayağı da ayağının üstündə. Deyir, guya 90-cı illərin əvvəllərində filan-filan işləri görübmüş, millət, xalq, dövlət və dövlətçilik yolunda filan-filan çətinliklərə sinə gərib, pis çıxmasın, axırda da olub deputat. 
Şübhəsiz ki, o heç bir təzə söz deyə bilməzdi mənə. Anamcanı, hərdən ona etiraz da eləmək istədim. Ancaq nə qədər çalışdım, içimdən diri bir söz çıxmırdı ki çıxmırdı. İçimdəki sözlərin hamısı ölmüşdü sanki. Nə dedisə eləcə razılaşdım. Heç fikrimdə də etiraz eləyə bilməzdim. Tutalım, deputat desəydi, sən xiyarsan, uzaq başı cavab verəcəkdim ki, müəllim, düzdü, bir az xiyara oxşarlığım var, amma vallah, xiyar deyiləm. Vəssalam. Etirazım bu olacaqdı təkcə. 
Düzü, heç kəsin günahı yoxdu, atacanı. Neyləsinlər?! Həyat çox amansızdı. Çox. Bəzən görürsən ki, adamı dindirən olmur, yəni dəyib-dolaşan da olmur, amma adam öz-özünə sınır. Sındırmağın ən müasir üsuludu bu. 
Başqalarını təhqir edə bilmərəm, öz işidi, amma özüm haqqımda bircə bunu deyə bilərəm ki, soxum mənim boyumu yerə, yaltağın yekəsi elə mənəmmiş! Deputat danışdıqca mənim dıydıx-dıydıx gülümsəməyim yadımdan çıxmır. Hərdən də çevirilib Milli Məclisin binasından Bakıya baxırdım. Ay Allah, Bakıya bax! Ay Allah, Bakıya bir bax! Az qala başıma hava gələ. Bakı necə gözəlmiş. Buradan insan görünmür, ancaq binalar görünür. O çölü şüşəli qoşa bina var ha, özüm ölüm, burdan bir ləzzətli görünür, belə çox möhtəşəm. 
Sağ olsun, çox böyük hörmətlə qarşıladı məni əziz və dəyərli deputatım. O üzümdən, bu üzümdən maç da aldı. Təəssüf ki, yanımızda şəkilçəkən yoxuydu. Kaş olaydı. Kaş. Məsələn, məni sevməyən qızlara sübut edəydim ki, necə hörmətli və dəyərli bir oğlanam, gələcəyim necə parlaqdı. Özü də gör necə, yəni dünyanın işini bilmək olmaz, bəlkə mən də gələcəkdə deputat oldum. Əsas odu ki, indidən ayağım açılıb buralara. Sonrası deputat kərimdi. 
Ay Allah, sevgi deyən kimi qəfil yadıma düşdü ki, telefonu söndürüb polisin yanına qoymuşam. Yazıq qız bayaqdan zəng vurur. Görüm heç yazıq günü olmasın onun. Daha boğaza yığıb məni. İki ayağını bir başmağa dirəyib ki, sənin həyatında ayrı qadın var. Daha yorulmuşam. Nə adam balası kimi sevə bilirəm, nə də ayrıla. Bu sevgi nə olan işdi? Dədəm də mənim kimidi, vallah. Bütün çarəsiz sevgilər elə bizim başımıza gəlir. 
Əslində, sevgi gözəl hissdir, ancaq ailəyə çevrilməyə. Elə sevgi kimi qala. Tutalım, o vaxt Məcnun Leylini alsaydı var ha, o allah haqqı, uşaqları doğulacaqdı və bir az keçəndən sonra Leyli Məcnuna deyəcəkdi ki, sən nə kişisən, bütün günü oturmusan evdə, gedib pul qazanmırsan. Bu mənada deputat müəllim hamımızdan yaxşı kişidi. Özü də lap yaxşı. Onun pullarını təsəvvürümə gətirəndə kişilikdən imtina etmək istəyirəm. Bu nə kişilikdi axı? Mən bu ölkədə kişi olmaqdan bezmişəm, daha doğrusu, kişi olmamaqdan. Ə
Deputatın son sözü bu oldu ki, biz gəldi-gedərik, gələcək gənclərin əlindədi. Özü də sənin kimi dəyərli gənclərin. İlahi, mənə dəyərli gənc dedi. Özü də bu boyda deputat. Parlaq gələcək! Gözəl həyat! Ay Allah, sevincimdən oynamağım gəlir. Bəlkə işarə eləyir, demək istəyir, sən də deputat ola bilərsən gələcəkdə. O, danışdıqca çox həvəslənirdim, atacanı. Hətta istədim deyəm qurban olum, dur yerində beş dəqiqəlik oturum. Görüm, o kresloda da həyat kədərlidi?Amma deyə bilmədim, nədənsə. Deyə bilmədim. Tüpürüm mənim üzümə.
Liftlə aşağı düşəndə xeyli deputatlarla da qarşılaşdım, sağ olsunlar, məni əməlli-başlı tanıyırlarmış.Özü də gənc yazıçı kimi. Mənə bax e, bacımın qızlarının canı üçün lap özüm özümə ləzzət elədim. Biri dedi, gəncə eşq olsun, o biri dedi, atana salam de, biri dedi, Bruss Liyə oxşayırsan, biri dedi, yazılarını oxuyuram, çox xoşuma gəlir, biri dedi, nə problemin olsa, gəl yanıma... Amma deputatın biri yanımdan düz keçdi. Ürəyim yaman pis oldu. Bəs bu niyə tanımadı məni? Özü də mən boyda gənc yazıçını. Artıq hiss elədim ki, yavaş-yavaş qudururam. Tez özümü yığışdırdım, dedim əşi, olan işdi, bəlkə problemi-zadı var deyə görmədi, nolar ki...
O üzə-bu üzə baxa-baxa gəlib çıxdım birinci mərtəbəyə. Ayrı deputatların da gözünə görünmək istəyirdim. Yəni ürəyimdən belə keçirdi. Başına ağac dəymiş qoyun kimi səyəlləhlənə-səyəlləhlənə düz polisin yanına qədər gəldim bu əxlaqla. Vallah, zəngimi gözləyən o qızın yerinə olsam, belə yaltaq bir gədəni sevmərəm. Belə də kişi olar? Gözəl də qızdı, gedib özünə düz-əməlli bir oğlan tapmır. Ara vermədən zəng eləyir. Hardasan, aşkım? Harda olacam, cəhənnəmin kor dibində. Görəsən, bu qıza deyən yoxdumu az, səviyyən olsun, sevdiyin oğlana bir bax!
Düz birinci mərtəbədə, qapının ağzında yadıma Milli Məclisin sədri düşdü. Gözüm axtarırdı onu. Sədr ürəyimdən elə keçirdi, elə keçirdi... Niyə? Görüm o da məni tanıyırmı? Ancaq təəssüf ki, sədri görə bilmədim. Yaman təsirləndim. Eh, olmadı ki... Gəlmişkən, onu da görəydim kaş.
Polis dedi, sənə verdiyim kağız hanı? Dedim, qaldı deputat müəllimin otağında.
– Kağız olmasa, çıxmağa icazə yoxdu – polis dedi.
Uy da! Yuxarı qalxdım təzədən. Amma öz aramızdı, ikinci dəfə geri qayıtmaq xoşuma gəldi. Lap ləzzət elədi. Belə yerdə gəzib-dolanmağın nəyi pisdir ki? Parlaq gələcək! Gözəl həyat! Qoy tanımayanlar da tanısın. Amma sevgilimin zənglərini düşündükcə tələsirdim, lap canıma üşütmə düşürdü, ay allah, indi zəng zəngin dalınca, telefon da sönülü.
Qapını döyüb içəri keçəndə gördüm deputat müəllim telefonla danışır. Çox müti bir görkəmdə və yavaşca səslə dedim:
– Müəllim, kağız qalıb.
Deputat əlinin işarəsiylə göstərdi ki, gəl götür. Hətta bu məqamda başımı yelləyib təşəkkür eləməyi də unutmadım. Amma onu da dəqiq bilirdim ki, bu təşəkkür hissi deyil, mənim acizliyim və həyəcanımdı. Kül məni sevən qızın başına!
Kağızı götürüb təzədən düşdüm aşağı. Yenə çoxlu deputatlar, yenə həyəcan, yenə təəssüf... Məni tanıyıb salam verəni də oldu, tanımayanı da. Polisə verdim kağızı. Özü də udquna-udquna.
– Gərək deputat kağızın arxasına qol çəkə – polis dilləndi.
Vay dədə!!! Bütün həyatım belədi, gərək əzab çəkəm, gərək iynəynən gor eşəm, gərək burnumnan pox eşəm! Ay allah, mən nə qələt elədim gəldim bura. Əşi, eybi yox, hər şey qurban olsun parlaq gələcəyə, gözəl həyata. Əsas odu ki, yaxşı gələcəyim olsun. Elə bu iştahla dərindən nəfəs alıb yenidən qalxdım yuxarı. Amma atacanı, qapını döyməyə çox utanırdım. Adama üz verəndə belə eləməzlər axı. Dəhlizin o başında açıq bir pəncərə vardı, bir istədim özümü təpəsi üstə atam yerə. Düşəm düz AzTv-nin başına. Duxum çatmadı. Məndə o hünər hardadı? Dişimi dişimə sıxıb deputatın qapısını döydüm:
– Müəllim, siz bura qol da çəkməlisiniz.
Üzümə çox sərt baxdı, sanki bütün gələcəyim puç oldu. Telefonla danışa-danışa kağızın arxasına bezdim, tez burdan rədd ol, gözüm səni görməsin janrında bir qol çəkdi. Aparıb verdim polisə. Tezliklə canımı qurtarmaq istəyirdim burdan. Mənim Milli Məclisdə nə işim var axı? Ay köpəyoğlu, get otur dədənin xarabasında da! Amma nə günahım, zəng eləyib özü çağırıb, yalvarmamışdım ki...
Telefonumu özümə qaytardı polis. Həmin an qəfil hiss elədim ki, Milli Məclisin sədri arxamdan güllə kimi keçib getdi. Təəssüf görə bilmədim onu. Eybi yox! Qalsın gələn dəfəyə. Amma hər şey bir yana, Milli Məclisdən o qoşa şüşəli bina var ha, bir ləzzətli görünür, bir ləzzətli görünür, özüm ölüm, belə çox möhtəşəm.
Çıxanda telefona baxdım. Sevgilimdən çoxlu zəng və bir də mesaj gəlmişdi: "Telefonu niyə söndürmüsən, yenə hansı fahişənin yanındasan?”
Xəbər 3714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR