“Xarici investorlara hazır paketlər təqdim etməliyik” - Qüdrət Həsənquliyev

“Xarici investorlara hazır paketlər təqdim etməliyik” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
 
Aktual.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, 2027-ci ilin dövlət büdcəsi layihəsində 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 625 milyon manat və ya 1.6 % artım proqnozlaşdırılır. Bunu yetərli sayırsınızmı?

– Bizim iqtisadiyyatımız enerji sektorundan çox asılıdır. Dünya bazarında neftin qiymətinin xeyli qalxmasına baxmayaraq ölkəmizdə neft hasilatı azaldığından gələn il büdcədə neft-qaz gəlirlərinin bu illə müqayisədə 0.92 milyard manat azalacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri isə 39.324 milyard manat proqnozlaşdırılır ki, bunun 11.900 milyard manatı Neft Fondundan transfert olacaq. Büdcə gəlirlərinin əhəmiyyətli artımı üçün iqtisadi sıçrayışa nail olmalıyıq. Bunun üçün böyük iqtisadi islahatlar həyata keçirilməli, ölkəyə xarici investisiya cəlbi üçün "Xarici İnvestisiyaların Cəlbi Strategiyası” hazırlanmalıdır. Yeni istehsal və emal müəssisələri yaratmadan, turizmi inkişaf etdirmədən ölkəmizdə güclü iqtisadiyyat, rifah dövləti qurmaq mümkün olmayacaq.

– Xarici investisiya cəlbi üçün nələr təklif oluna bilər?

– Bizdə "Xarici investisiyaların qorunması” və "İnvestisiya fəaliyyəti” haqqında qanunlar var. Amma təcrübə göstərir ki, bu yetərli deyil. 2024-ci ildə ölkəmizə birbaşa xarici investisiya qoyuluşu 7.05 miliyard dollar olubsa, 2025-ci ildə bu rəqəm 6.60 milyard dollar olub. Bizim imkanımız var ki, daha çox investisiya cəlb edək. Ermənistanla sülhə nail olmalı, mülkiyyətin maksimum qorunması ilə yanaşı (bu yalnız məhkəmə islahatları yolu ilə mümkündür), xarici investorlar üçün "proqnozlaşdırılan gəlirlilik” olmalıdr. İnvestor burada layihəsinin 10-15 illik perspektivdə gəlir gətirəcəyinə inanmalıdır. Bunun üçün uzunmüddətli vergi sabitliyi, elektrik, qaz, su və logistika xərcləri proqnozlaşdırılan olmalı, valyuta və mənfəətin ölkədən çıxarılması üzrə aydın qaydalar, sürətli elektron lisenziyalaşdırma olmalıdır. Amma təcrübə göstərir ki, bunlar da ölkəyə investisiya cəlbi üçün yetərli deyil. Bizi maraqlandıran hər bir xarici investorla görüşməli, ona hazır paketlər təqdim etməliyik. Paketdə layihə, infrastruktur, xammal, işçi qüvvəsi, satış bazarı, o cümlədən regional bazara çıxış, dövlət güzəşti, gözlənilən gəlirlilik göstərilməlidir. AZPROMO-nun fəaliyyəti gücləndirilməli xaricdə Azərbaycanın investisiya ofislərinin sayı artırılmalı, onlardan iş tələb olunmalıdır.
 
Həmçinin, böyük xarici şirkət Azərbaycanda zavod tikmək istəyirsə, amma mühəndis, proqramçı, texnik, menecer və ixtisaslı fəhlə tapa bilmirsə investisiya qoymayacaq. Ona görə peşə təhsili və universitetlər investorların ehtiyaclarına uyğunlaşdırılmalı, xaricdə təhsil proqramı genişləndirilməlidir. Ümid edirəm ki, ölkəmizdə bu istiqamətdə görülən işlər sürətləndiriləcək.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR