Azərbaycanda Dövlət Proqramı ilə 2036 tələbə xaricdə təhsil almaq hüququ qazanıb.
Aktual.az-ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, həmin tələbələrdən 284 nəfəri 2019-2023, 1752 nəfəri isə 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində bu hüquq qazanıb.
Nazirliyin məlumatına görə, hazırda 2019–2023-cü illər üzrə Dövlət Proqramının iştirakçıları 18 ölkədə, 2022–2028-ci illər üzrə Dövlət Proqramının iştirakçıları isə 17 ölkədə təhsillərini davam etdirirlər.
Ən çox seçilən ölkələr
2019–2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində təhsil alanların ən çox üz tutduğu ölkələr Türkiyə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, ABŞ və Almaniyadır.
2022–2028-ci illər üzrə Dövlət Proqramı iştirakçıları isə daha çox Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, Çin və Almaniyada təhsil alırlar.
Qurum sorğuda qeyd edilən ölkələr üzrə tələbə sayı barədə statistik məlumatı təqdim etməyib.
Təhsil səviyyələri
Hazırda 2019–2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində 214 nəfər doktorantura səviyyəsində təhsil alır.
2022–2028-ci illər üzrə Dövlət Proqramında isə 326 nəfər bakalavriat, 475 nəfər magistratura, 18 nəfər doktorantura səviyyəsində təhsilini davam etdirir. (modern.az)
Xəbər 172 dəfə oxunub.