"Vur, komandir, vur"


"Təlimdə nə qədər çox tər töksən, döyüşdə o qədər az qan itirərsən"
(Suvorov, görkəmli rus sərkərdəsi)


Son günlərdə Azərbaycan Ordusunun 60 minlik heyətlə müasir silah-sursat, döyüş texnikası ilə irimiqyaslı təlim keçirməsi bir daha ölkəmizin hərbi gücünün, düşmənə layiqli təpki göstərə biləcəyimizin əyani sübutu idi!

Bu, düşmənlərimizlə birgə həm də beynəlxalq aləmə son sözümüz idi: biz döyüşərək torpaqlarımızı qaytarmaq gücündəyik!

Təbii ki, Ali Baş Komandan İlham Əliyevin Qarabağla bağlı beynəlxalq tədbirlərdə və tribunalarda son zamanlar kəskin və sərt danışığına adekvat, Prezidentin siyasi qətiyyətinə ekvivalent olaraq hərbi güc də nümayiş olunmalıydı.

Azərbaycan Ordusu öz potensialını aprel döyüşlərində əzəmətlə nümayiş etdirdi.

Əslində bu gün Zakir Həsənovun bir müdafiə naziri olaraq uğuru ondadır ki, həm əsgərin-zabitin, həm də xalqın döyüş ruhunun yüksəkliyini sərgiləməsidir!

Ümumiyyətlə isə, Zakir Həsənov naturaca komandandır. Heç də uzaq olmayan keçmişdə daxili qoşunlarda xidmət etmək prestij sayılırdı. Komandir Zakir Həsənov idi.

İndi Azərbaycan Ordusunu tərk etmək istəyənlərin sayı sıfıra düşüb, halbuki ona qədər artıq zabitlər "orduya yararsızdır" diaqnozu qoydurmaqla, ehtiyata keçmək uğrunda vuruşurdular.

İndi döyüş heyəti torpaqlar uğrunda vuruşmağa əmrə müntəzirdir!


Bu gün haqqında qürurla danışdığımız o "MİLLİ DƏYƏRLƏR”ə sayğı, hörmət, nümunəvi VƏTƏN məhəbbəti və əsl YURD sevgisini AZƏRBAYCAN ORDUSUNDA böyük əzmlə müşayiət edirik. Bu, ən ali hisslərlə elə, obaya, torpağa və millətə bağlılığın təcəssümüdür həm də. Əbəs yerə deyilməyib ki, insanda VƏTƏNPƏRVƏRLİK hissi qəhrəmanlığın əsasını qoyan amildir. Bu gün o amil və hisslərlə yaşayan Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik ZAKİR HƏSƏNOV qəhrəman AZƏRBAYCAN XALQININ vətənpərvərlik konsepsiyasında milliliyə sadiqliyi sevərək yaşadan hərbçidir. ZAKİR HƏSƏNOVUN xalqına, millətinə və torpağına milli özünüdərkdən və təəssübkeşlikdən qaynaqlanan bağlılığı atdığı hər addımda, gördüyü hər işdə, danışdığı hər kəlmədə nümunəvilik təəssüratı yaradır. O, cəbhəboyu zonada yerləşən hərbi hissələrin açılışında, yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərin açılışında iştirak etməklə yanaşı, şəxsi heyət qarşısında çıxış etməyi hər zaman özünə borc bilir. Onun ordunun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir qurğu və avadanlıqla təchiz olunması məsələlərinə böyük mənada göstərdiyi diqqət sözün əsl mənasında sərkərdəlikdir. Aydındır ki, bu gün onun rəhbərliyi altında ordumuzun döyüş hazırlığı artır və nizam-intizam daha da möhkəmlənir, Silahlı Qüvvələr ən müasir döyüş texnikası, silah və sursatla təmin olunur.
 
ZAKİR HƏSƏNOV orduya rəhbərlik etdiyi vaxtdan etibarən bir çox müsbət addımları ilə rəğbət qazanıb, cəmiyyətdə sevilib. İnsan cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq təpədən dırnağadək məsləkində, əqidəsində, iradəsində, hünərində və milli təəssübkeşliyində fərd olaraq bütövdürsə, deməli, bundan millət də qazanacaq, cəmiyyət də. Ümumilikdə XALQ qazanacaq, ən sonda isə insan ÖZÜ qazanacaq. Bu gün Azərbaycan Respublikasının müdafiə naziri bu prinsiplərlə yaşayır. Ruhu da, cismi də. 

Bu gün Azərbaycan əsgəri öz komandirindən hədiyyəni səngərdə alır!


Səngərin nə olduğunu səngərdə olanlar yaxşı bilir. Müdafiə Nazirinin səngərdə xidmət edən əsgərə öz saatını qolundan açıb onun qoluna bağlaması isə başqa sevincdir, başqa məhəbbətdir...
General-polkovnik Zakir Həsənovun ən üstün keyfiyyəti döyüş bölgələrində xidmət edən zabit və gizirlərə, əsgərlərə olan xüsusi hörmətidir. O müdafiə naziri olduğu qisa zaman kəsiyində döyüş bölgəsində düşmənlə ən yaxın məsafəli səngərlərdə belə olub...Təmas xəttində düşmənlə 20-30 metr dayanan əsgərlərindən tutmuş dəniz səviyyəsində 3500 metr hündürlükdə olan postlara qədər!

Hamıyla bir-bir  - əsgər və zabitləri ilə görüşüb, problemləri ilə maraqlanıb, əsgər və zabitin problemini dərhal aradan qaldırıb...
Bu gün Azərbaycan Ordusu layiqli kadr dəyişikliklərinə şahiddir - biz sadəcə konspirativlik baxımından adbaad sadalaya bilmirik! Faktiki olaraq isə, Zakir Həsənov kifayət qədər bacarıqlı və təcrübəli hərbçiləri yüksək qiymətləndirərək, onların bilik və döyüş bacarıqlarını gənc nəslə ötürməsi üçün sanballı layihələr həyata keçirir. Hərbi akademiyanın məzunları ən məsuliyyətli postlara təyin olunur, onlara özünü ifadə etmək üçün geniş meydanlar verilir.
Artıq Azərbaycan vətəndaşı - əsgər valideyni nəinki övladından, hətta vətəndən ötrü narahat deyil!

Ordu və onun rəhbərliyi korrupsiyada ittiham olunmur - mətbuat hər dəfə Azərbaycan Ordusunun uğurlarından qürur duyur.
Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra bizdə tam əminlik yarandı ki, Azərbaycan Ordusu düşmənin hücumlarını dəf etməkdə belə aciz bir sipər yox, həm də Azərbaycan torpaqlarını düşməndən azad edəcək qədər cəsur bir ordudur!
"Vur, komandir, vur" eyforiyası ötəri olmadı!
İndi hamı "vur, komandir, vur" əzmindədir!

İndi Azərbaycana ciddi təkliflər olunur danışıq masaları arxasında. Daha əvvəlki illərdə olduğu kimi nağıllarla başımızı qatmırlar - atəşkəs dövründə əsgər və zabitlərini itirə-itirə torpaqları düşməndə qalan ölkə kimi davranmırlar. Konkret təkliflər - beşdən yeddiyəcən rayonun qaytarılması, siyasi müqəddəratın həllində Azərbaycanın mövqeyi xüsusilə nəzərə alınır.
Düşmən hər dəfə üz-üzə gəlmək istədikdə minlərlə döyüşçüsünü itirir - nə qədər gizlətsələr də, dolayısı ilə xarici mətbuatda bu öz təsdiqini tapır!
İndi Azərbaycan Ordusu bu vətən uğrunda döyüşüb onu azad etmək gücünü nümayiş etdirir - ölüm istisnadır!
Bax yeni müdafiə naziri Zakir Həsənovla qazanılan ilk qələbələrdən biri həm də budur!
Mən ehtiyatda olan bir zabit kimi, hərbi jurnalist kimi, həm orduda, həm də informasiya təminatı baxımından prosesləri təhlil etdikdən sonra, əlimizdə-ovcumuzda olanları seç-ayır edərək, bu sətirlərə imza atdım: Azərbaycan Ordusu Ali Baş Komandan əmri və müdafiə nazirinin komandirliyi ilə əldə etmək istədiyi uğura çox asanca imza atmağa hazırdır!
Tarixdə belə bir tandem 48 illik əsarətdən sonra Elzas-Lotaringiya işğaldan azad edilən ərəfədə olmuşdu: xalq öz Ali Baş Komandanına inanır, sərkərdələrinə güvənir, əsgərlərinin döyüş əzmiylə qürur duyurdu!
Sizə inanırıq, cənab Ali Baş Komandan!
Sizə güvənirik, cənab nazir!
Sizinlə qürur duyuruq, Azərbaycan əsgəri!

Aqil Alışov 
 
Miq.Az saytının təsisçisi və baş redaktoru
Ehtiyatda olan baş leytenant
Xəbər 4077 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR