Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.
Aktual.az xəbər verir ki, Dövlət Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümüdür.
Azərbaycan Sərhəd Mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin "Sərhədlərin mühafizəsi haqqında” Qanunu qəbul etməsi milli sərhəd mühafizəsinin hüquqi əsasını formalaşdırıb. 2000-ci ildə imzalanan Sərəncama əsasən, hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur.
Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan sərhədlərinin mühafizəsi yenidən qurulub.
2002-ci ildə Azərbaycan Respubliası Dövlət Sərhəd Xidməti yaradılıb.
2007-ci ildə Prezident İlham Əliyev DSX-nin Akademiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və qonşu dövlətlərlə sərhədlərin delimitasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
DSX-nin şəxsi heyəti Vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zamanı DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər.
DSX tərəfindən "Harop”, "Quzğun” və "Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hərbi texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri və digər vasitələri sıradan çıxarılıb, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.
Vətən müharibəsində 47 sərhədçi şəhid olub, 197 nəfər yaralanıb. Döyüşlər zamanı şəxsi igidlik və qəhrəmanlıq nümayiş etdirən 12 sərhədçi, onlardan 4-ü ölümündən sonra, "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bununla yanaşı, yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub.
Qeyd edək ki, Dövlət Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ərəfəsində Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.
Xəbər 31 dəfə oxunub.