Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası planlaşdırılan konstitusiya islahatları çərçivəsində respublikanın yarı-prezident idarəetmə formasına keçməsi məsələsini müzakirə edir.
Aktual.az xəbər verir ki, bu barədə "Ekonomim” qəzeti məlumat yayıb.
"Prezident və parlament respublikasının xüsusiyyətlərini özündə birləşdirən qarışıq sistemə keçməyin məqsədəuyğunluğu parlamentin gücləndirilməsi və hakim partiyanın çoxluğunu təmin etmək zərurətindən irəli gəlir. İslahatların bir hissəsi olaraq, xüsusən də təkmandatlı seçki sisteminə keçmək təklif olunur. Bu məsələ Türkiyə Demokratiya Fondunun nümayəndələri tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda keçirilən görüşdə qaldırılıb”, - məlumatda deyilib.
Hələlik hakimiyyət nəşrin iddialarına münasibət bildirməyib, lakin Ərdoğan özü bundan əvvəl dəfələrlə respublikanın prezident idarəetmə formasından parlament sisteminə qayıtması imkanları ətrafında polemikanı faydasız hesab etdiyini bəyan edib.
Qeyd edək ki, Türkiyə 2017-ci ildə keçirilən ümumxalq referendumunda konstitusiya dəyişikliklərinin qəbul edilməsindən sonra 2018-ci ildə prezidentlik sisteminə keçib.
Xəbər 79 dəfə oxunub.