Sürücülərə şad xəbər: Cərimələr azalır

Sürücülərə şad xəbər:   Cərimələr azalır

“3 cərimə balı ləğv olunur”.

Azərbaycanda yolayırıcında sağa və ya sola dönərkən yolu keçməkdə olan piyadaya yol verməyən sürücülərə qarşı cəzalar yüngülləşdirilir.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu, Milli Məclis tərəfindən yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 151-3-cü (Piyada keçidində piyadaya yol verilməməsi) maddəsində təsbit olunub.

Yeni maddəyə əsasən, vahid bir maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutulur. Belə ki, Məcəllə qüvvəyə minəndən sonra istər yolayırıcında dönərkən, istərsə də yolayırıcından kənarda nizamlanmayan keçiddə piyadaya yol verməyən sürücü 50 manat cərimə olunacaq.

Buna görə də heç bir cərimə balı nəzərdə tutulmur.

Ekspert qeyd edib ki, hazırda sürücülərin piyadalar barəsində, daha doğrusu piyada keçidində hərəkətlə bağlı qaydaları pozduğu halda şəraitdən asılı olaraq daha çox İXM-in iki maddəsi ilə inzibati məsuliyyət yarana bilər:

“1. Yolayırıcından kənardakı nizamlanmayan (svetoforsuz) piyada keçidində piyadaya yol verməməyə görə sürücülər İXM-in 151-3-cü maddəsi ilə 50 manat cərimə olunurlar;

2. Yolayırıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə olan piyadaya yol verməyən sürücülər İXM-in 151.2-ci maddəsi üzrə yolayırıcını keçmə qaydalarını pozmaya görə 60 manat cərimə olunurlar və onlara 3 cərimə balı yazılır”.

Ə.Hüseynovun sözlərinə görə, Yeni Məcəllə bu qarışıqlığa birdəfəlik son qoyaraq vahid bir maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutur.

Özü də sürücülərin məsuliyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirməklə.

“Yeni İnzibati Xətalar Məcəlləsi mayın 1-dən qüvvəyə minəcək. Əsas məsələ piyadaya yol verməkdir. Harda olursa olsun, sürücü piyadaya yol vermirsə o eyni cür cəzalandırılmalıdır. Mən bu dəyişikliyi müsbət qarşılayıram, fikrimcə, bu, müsbət yanaşmadır”.

Xəbər 733 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR