Soyuq və küləkli havalar infarkt riskini artırır

Soyuq və küləkli havalar infarkt riskini artırır

Alimlərin apardıqları son tədqiqatlar nəticəsində məlum olub ki, soyuq və küləkli havalar infarkt riskini artırır.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, İsveçdə ürəktutmalarının soyuq havalara təsadüf etməsini aydınlaşdırmaq üçün 1998-2013-cü illər arasında infarkt keçirmiş 274 min nəfərin xəstəlik tarixçəsi araşdırılıb. Tədqiqatlar göstərib ki, onların əksəriyyətində infarktın səbəbi soyuq havalar, aşağı atmosfer təzyiqi, güclü küləklər və günəş şüasının olmadığı şərait olub. Ən çox infarkt halları isə şaxtalı qış günlərində qeydə alınıb.
Tədqiqatlara rəhbərlik edən İsveçdəki Lund Universitetinin kardioloq-professoru David Erlinqe bildirib ki, ciddi sağlamlıq problemi olan və çox vaxt ölümlə nəticələnən infarktın dəqiq səbəbini öyrənmək çox əhəmiyyətlidir. Onun sözlərinə görə, temperaturun 3-4 dərəcə selsidən aşağı düşməsi əsas koronar arteriyanı daraldır və qanın ürəyə axmasını ləngidir. Bunun nəticəsində ürəkdə əlavə təzyiq yaranır. "Soyuğun təsiri ilə dərialtında kapillyar qan damarlarının daralması da ürəyin ümumi fəaliyyətinə mənfi təsir göstərir. Qısa bir müddətdə bədənin enerji və hərarət nisbətinin dəyişməsi ilə müşayiət olunan kəskin dəyişikliklər ürəktutmasına səbəb olur", deyə professor əlavə edib.
Soyuq hava şəraitində baş verən infarktın digər ehtimal olunan səbəbləri isə insan davranışının kəskin dəyişməsi, pəhriz və fiziki məşğələlərdən imtina etməsi, habelə tənəffüs yollarında daralma nəticəsində meydana çıxan xəstəliklərdir. Professor Erlinqe qeyd edib ki, şaxtalı və küləkli havalar emosional stress vəziyyəti yaradır ki, bu da infarkta gətirib çıxara bilər. Onun sözlərinə görə, İsveçin 3 şəhərinin hava çirkliliyi üzrə araşdırmalar göstərib ki, bu amil də ürək-damar sistemində ciddi fəsadlar törədir.
Leeds Universitetinin kardioloqu Kris Qeyl bildirib ki, Birləşmiş Krallıqlarda hər il 100 min insanda ürəktutması baş verir. Professor əlavə edib ki, iqlim şəraitinin rütubətli, küləkli və soyuq olduğu ölkələrdə infarkt riskini azaltmaq üçün bədəni isti saxlayan paltarlar və normal temperaturu olan otaqların olması vacibdir.
Bundan əvvəl aparılan tədqiqatlar da infarktla nəticələn ölüm hallarının əksəriyyətinin soyuq qış aylarında baş verdiyini göstərmişdi.
Xəbər 1133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR