Son 11 ildə Azərbaycan elektrik enerjisi idxalını 20-25 dəfə azaldıb

Son 11 ildə Azərbaycan elektrik enerjisi idxalını 20-25 dəfə azaldıb

 "Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də potensialını gücləndirib”. 


"Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov"Azərbaycan” qəzetində çıxan məqaləsində qeyd edib.

Nazirin sözlərinə görə, Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib: "Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 mlrd. kVt/saat elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 mln. kVt/saata qədər azalıb. İxrac isə, əksinə, 1,282 mlrd. kVt/saat-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 107,4 mln.kVt/saat idxala qarşı-750,6 mln.kVt/saat elektrik enerjisi ixrac edilib. Gürcüstana 587,9 mln.kVt/saat, İrana 72,6 mln.kVt/saat, Rusiyaya 76,6 mln.kVt/saat, Türkiyəyə isə 13,45 mln.kVt/saat elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 mln.kVt/saat, İrandan 24,4 mln.kVt/saat, Gürcüstandan isə 23,1 mln.kVt/saat olub.Azərbaycanın enerji sistemi ilə Rusiya (2),Gürcüstan (2), İran (5), və Türkiyənin (2) enerji sistemləri arasında yüksək gərginlikli xətt mövcuddur. 2013-cü ildə 500 kV-luq "Samux-Qardabani” HEVX-nin istismara verilməsi nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü vasitəsilə Azərbaycandan Gürcüstana və Türkiyəyə, gələcəkdə isə Qara dəniz və Şərqi Avropa ölkələri istiqamətində elektrik enerjisinin ixracına texniki imkanlar yaranıb. Elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi tədbirlərinə uyğun olaraq cari ilin aprel ayında "Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti TAVANİR arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb və təcrid olunmuş (ada rejimində) İranın Muğan və Astara bölgələri üçün indiyə kimi 48,3 mln.kVt/saat elektrik enerjisinin ixracı həyata keçirilib. Hazırda Azərbaycan və İran energetika sistemləri arasında "Masallı” 230 kV-luq ikinci elektrik verilişi xətti tikilməkdədir. "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir”.

Nazir qeyd edib ki, "Xudafərin” layihəsi üzrə Su Elektrik Stansiyasının tökmə torpaq bənd, sutullayıcı, energetik traktlar, irriqasiya su qəbuledicisi və tikinti sutullayıcısı qurğularının tikintisi üzrə işlər başa çatdırılıb: "Qız Qalası” layihəsi ilə bağlı işlərə də başlanıb. Hər iki stansiyada enerji bloklarının alınması və quraşdırılması planlaşdırılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt, orta illik enerji istehsalı 766 mln.kVt/saat həcmində planlaşdırılan stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaq. Rusiya ilə "Abşeron-Dərbənd” 330-kV-luq ikinci HEVX-nin çəkilməsi, eləcə də Rusiya-Azərbaycan-İran arasında elektrik enerjisi dəhlizinin yaradılması üzrə danışıqlar davam etdirilir”. 

Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR