"Dövlət-din siyasətinin əsas məqsədi milli-mənəvi dəyərləri və ictimai sabitliyi qorumaqdır".
Aktual.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət-din siyasətinin əsas məqsədləri milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsi, bu sahədə rəqəmsallaşmanın genişləndirilməsi və maarifçilik fəaliyyətinin gücləndirilməsidir:
"Müasir dövr həm yeni çağırışlar, həm də geniş imkanlarla xarakterizə olunur və Dövlət Komitəsinin fəaliyyəti də bu reallıqlara uyğun formalaşdırılır.
Konfransın açılışında təqdim olunan sənədli film, komitənin rəqəmsallaşma siyasətinin tərkib hissəsi olan AMİN informasiya sistemi və "Hər məsciddə kitabxana" layihəsi zahirən müxtəlif istiqamətləri əhatə etsə də, əslində, vahid strateji yanaşmanın tərkib hissəsidir. Bu təşəbbüslər Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl həyata keçirilən dövlət-din siyasətinin müasir, innovativ və gələcəyə hesablanmış təqdimatıdır".
Komitə sədri vurğulayıb ki, həyata keçirilən layihələr milli-mənəvi dəyərlərin qorunmasına, dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsinə, dövlət qurumlarının rəqəmsallaşdırılmasına və maarifçilik fəaliyyətinin gücləndirilməsinə xidmət edir:
"Ümumilikdə isə bu layihələrin başlıca məqsədi Azərbaycanda həyata keçirilən və unikallığı ilə seçilən dövlət-din siyasəti ilə dünyəvilik prinsiplərinin bir-birini tamamladığını nümayiş etdirməkdir".
R.Məmmədov qeyd edib ki, təqdim olunan film Azərbaycanda dini və ictimai sabitliyin, eləcə də dini müxtəlifliyin tarixini və bu gününü əks etdirən bədii-vizual təqdimatdır. O bildirib ki, jurnalistlər bu prosesləri yaxından izlədikləri üçün filmdə əks olunan faktların əksəriyyəti onlara yaxşı məlumdur.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda dövlət-din siyasətinin uğurlu həyata keçirilməsi ölkə başçısının dini konfessiyalara, dini mühitə və milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətdən qaynaqlanır.
O əlavə edib ki, bu dəyərlərin təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də təqdim olunması böyük əhəmiyyət daşıyır.
"Bu istiqamətdə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir və hər birimiz bunu yüksək qiymətləndiririk", - deyə R.Məmmədov vurğulayıb.
Komitə sədri bildirib ki, AMİN informasiya sistemi dövlətin rəqəmsallaşma siyasətinin dövlət-din münasibətləri sahəsində tətbiqinin bariz nümunəsidir:
"Bu platforma vasitəsilə bütün xidmətlərimizi rəqəmsallaşdırmağı qarşıya məqsəd qoymuşuq. Sistem həm xidmətlərin əlçatanlığını artıracaq, həm ictimaiyyətin etibarlı və dəqiq məlumat əldə etməsinə imkan yaradacaq, həm də dezinformasiya və saxta xəbərlərlə mübarizədə mühüm vasitələrdən biri olacaq".
R.Məmmədov qeyd edib ki, təqdim olunan digər layihə - "Hər məsciddə kitabxana" təşəbbüsü də tarixi maarifçilik ənənələrinin bərpasına xidmət edir.
"Azərbaycanda məscidlər tarixən yalnız ibadət məkanı olmayıb, həm də elm və maarifçilik mərkəzləri olub. Müxtəlif tarixi və siyasi proseslər nəticəsində bu ənənə müəyyən qədər zəifləyib. Həyata keçirdiyimiz layihə həmin maarifçilik ənənəsini müasir dövrün tələblərinə uyğun şəkildə yenidən bərpa etməyi və cəmiyyətə qaytarmağı qarşısına məqsəd qoyur", - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, layihənin icrası zamanı alınan ictimai rəylər və həyata keçirilən təkmilləşdirmələr bu təşəbbüsün cəmiyyət tərəfindən böyük maraqla qarşılandığını göstərir.
R.Məmmədov bildirib ki, media nümayəndələri ilə keçirilən bu formatda görüşlər artıq ənənə halını alıb.
"Birinci görüşümüz Şuşada, ikinci görüşümüz Şamaxıda, üçüncü görüşümüz isə Qusarda keçirilir. Qarşıdakı dövrdə digər bölgələrdə də belə görüşləri davam etdirməyi planlaşdırırıq", - deyə o qeyd edib.
Komitə sədri Qusar Rayon İcra Hakimiyyətinə tədbirin təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
O vurğulayıb ki, Qusar dövlət-din siyasəti baxımından daim diqqətdə saxlanılan bölgələrdən biridir:
"Bu, həm də dini və etnik müxtəlifliyi ilə bağlıdır. Burada müəyyən çağırışlar mövcud olsa da, biz dövlət qurumu və dövlət-din siyasətini tənzimləyən qurum kimi ilk növbədə imkanları görürük".
Xəbər 64 dəfə oxunub.