"Öhdəlik götürsünlər ki, heç bir partiya 83-dən artıq dairədə öz namizədini irəli sürməyəcək, digər dairələrdə isə namizədliyi özü tərəfindən irəli sürülmüş bitərəf şəxsləri dəstəkləməyəcək”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.
Aktual.az həmin müsahibəni oxuculara təqdim edir:
- Qüdrət bəy, Milli Məclisin yaz sesiyasının bitməsinə bir ay vaxt qalıb. Noyabrın 3-də Konstitusiyaya əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Seçkilərə qədər seçki sistemində hər hansı dəyişikliklər ediləcəyini düşünürsünüzmü?
- Köklü dəyişikliklər üçün Konstitusiya islahatlarına gedilməlidir ki, buna, sadəcə vaxt yoxdur. Seçki Məcəlləsinə dəyişiklklər edilməsi ehtimalı da olduqca azdır. Hazırda onu etmək olar ki, siyasi partiyalar öz aralarında saziş imzalasınlar və öhdəlik götürsünlər ki, heç bir partiya 83-dən artıq dairədə öz namizədini irəli sürməyəcək, digər dairələrdə isə namizədliyi özü tərəfindən irəli sürülmüş bitərəf şəxsləri dəstəkləməyəcək. Çünki parlament siyasi institutdur və burda təmsil olunmaq üçün namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş şəxslər seçki yarışında iştirak etməlidirlər. Bitərəf şəxsin özünün seçki proqramı ola bilər, amma olsa da təkbaşına heç nəyə nail olmaq mümkün deyil. Siyasətlə peşəkarlar siyasi komandanın üzvü olaraq məşğul olmalıdır. Siyasi partiyalar öz aralarında belə razılığıa gələrsə Milli Məclisdə fraksiyalar və rəqabət mühiti olar. Biz Avropa məkanında tək ölkəyik ki, parlamentdə deputat fraksiyaları yoxdur. Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır. Biz Milli Məclisinn Daxili Nizamnaməsinə dəyişiklik etməklə fraksiya yaratmaq üçün tələb olunan deputat sayını 25-dən 10-a endirə bilərik.
- Gürcüstanda baş verən etiraz aksiyalarına münasibətiniz necədir? Orda yeni rəngli inqilab ola bilərmi?
- Hazırda Saakaşvilinin liderlik etdiyi Qərbyönümlü müxalifətin növbəti rəngli inqilab etmək imkanı yoxdur. Xalq İvanaşviliyə ona görə dəstək verdi ki, onun Rusiyaya sıx bağlılığının olduğunu bilirdi. Saakaşvili və tərəfdarları sadəlöhvləcisinə düşünür ki, xalq bunu bilmədiyi üçün İvanaşviliyə səs verib. Gürcü xalqı haqlı olaraq Qərbin 2008-ci ildə onları satdığını düşünür. Buna görə də Rusiydan daha çox Qərbə nifrət edir. Gürcü xalqında "Stokholm sindromu” deyilən proses baş verib. Onlar Abxaziyanın və Cənubi Osetiyanın itirilməsi ilə barışıb Rusiya ilə yaxınlaşmaq istəyirlər. Qərbyönümlülər isə azlıqdadırlar. Bu baxımdan Rusiya ayaq üstündə qaldıqca yeni rəngli inqilab mümkün deyil.
- Ermənistanda necə, hərbi çevrilişi mümkün sayırsınızmı?
- Hərbçilər arasında "Qarabağ” klanının tərəfdarları çoxdur, amma onlar da başa düşürlər ki, Paşinyanın devrilməsi yeni müharibəyə yol aça bilər və bu zaman onlar Azərbaycan Silahlı Qüvvələri ilə döyüşməli olacaqlar. Bu isə onları dəhşətə salır. Məhz bu səbəbdən onlar Paşinyana qarşı çıxmırlar. Xalq isə rüşvətxor, talançı, qanunları ayaqlar altına atmış keçmiş prezidentlər Köçəryan və Sarkisyana nifrət edir. Buna görə Ermənistanda çevriliş terror yolu ilə ola bilər. Bu mümkündür. Ermənilər bizi sevməsələr də terroru sevirlər.