Qəzaların sayı artır - Sürücülərin nəzərinə!

Qəzaların sayı artır - Sürücülərin nəzərinə!

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hazırda paytaxt yollarındakı vəziyyəti şərh edib və sürücülərə müraciət ünvanlayıb.
 
BŞDYPİ-nin sözçüsü, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda paytaxtda duman, çiskin, şaxta və qar müşahidə olunur: "Əksər yollarda sürüşmə ehtimalı yaranıb, bəzi ərazilərdə avtomobillərin sürüşməsi artıq nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun hərəkət hissəsində qalması problem yaşadır. Bəzi sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün artıq maddi zərərlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Lakin buna baxmayaraq, gecə saatlarından Bakı şəhər Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilərək ərazidə xidmət təşkil edilib. Sürücülərə təhlükəsizliyin təmin edilməsi ilə bağlı köməklik göstərilir. Yolların təmizlənməsi ilə bağlı "Azəravtoyol”un xüsusi texnikaları, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə yol polisi işlər aparır.
 
Hazırda səkilər qar olduğu, avtomobil yolları təmizləndiyi üçün piyadaların açıq-aşkar avtomobil yollarının hərəkət hissəsi ilə getmələrini müşahidə edirik. Bu da olduqca təhlükəlidir, unutmasınlar ki, avtomobillərin yolda sürüşmə ehtimalı var. Piyadalardan xahiş edirik ki, onlar üçün ayrılmış səkilərlə hərəkət etsinlər.
 
Bir daha avtomobil sürücülərinə müraciət edirik, belə hava şəraitində mümkün qədər şəxsi avtomobildən az istifadə etsinlər. Sürücülərə sürət həddini aşağı salmağı, ara məsafəsini normadan artıq götürməyi və yol boyu qoyulmuş yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Nəqliyyat vasitəsi sürüşürsə, təkərlərdə olan təzyiq nisbətən aşağı salınmalı və sürətlər qutusunun köməkliyi ilə hərəkət edilməlidir. Bundan başqa, bəzi ərazilərdə dövlət nömrə nişanları və işıqları görünmədən avtomobillərin idarə edilməsi faktları var. Bu da yolverilməzdir, sürücülərə bildiririk ki, Yol hərəkəti haqqında qanunda hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanlarının görünməsinin vacibliyi qeyd edilib. Bu yerinə yetirilmirsə, inzibati xəta tərkibinin yaranmasını bilirlər. Mümkün qədər işıq cihazlarını təmiz saxlasınlar ki, "povorotnik” kimi tanınan prosesi etdikdə digər sürücülər məlumatlı olsunlar”.

Xəbər 20 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR