Qaşıqçı cinayətində kim çömçə ilə işləyib? – Müəmmalar

Qaşıqçı cinayətində kim çömçə ilə işləyib? – Müəmmalar

Qaşıqçı cinayətinin üzərindən bir ay zaman keçdi. Qətl demirəm, çünki kriminalistika elminin özü belə şokdadır ki, nə baş verir, verib, ya da verməkdədir. Hər halda "ölübsə, ölüsü hardadır, qalıbsa - dirisi?” – sualı qarşısında 7 Avropa, 2 Asiya, 1 ərəb və o boyda nəhənglikdə ABŞ dövləti öz istintaqçıları ilə bərabər düz 30 gündür acız qalıbsa, demək, ortalıqda böyük bir hörümçək toru var və təfərrüat dərindir. Ehtimal edilən icraatdan tam fərqli olaraq.


MİT və rəsmi Ankara abstrakt səs yazısı, cinayətin baş vermə "incəlikləri” haqda bəzən bir-birini təkzib, bəzənsə təsdiq edən açıqlamalar yaymaqdadır. Ən son məlumat isə İstanbul prokurorluğundan gəlib: "Parçalanaraq öldürülüb”. Səudiyyənin baş "savcı”sının Türkiyəyə qısamüddətli səfəri də gündəmə prokuror gəlişindən daha çox, politoloq ovqatı ilə asosasiya olundu. Cinayətin infrastrukturundan, isti izlərdən, qətlin sinxronizəsindən söhbət belə getmir. Mövzu bir tək o istiqamətə köklənib ki, ikitərəfli münasibətlərə ziyan gəlməsin. Ayrı heç nə.

Məni ən çox "heyran” edən isə iki prokurorun Qaşıqçının əl telefonu haqda məntiq illuziyaları oldu: "Onu necə tapaq”?. Eviniz tikilsin, hansı əsrdə yaşayırıq? Telefon nəyinizə lazımdır? Nömrənin uzağı axırıncı 10 gün qrafikini, ən son gəlib - gedən zəngləri, yazışmaları incələyin. Rahat bir formada. Texnologiyanın verdiyi imkanlar çərçivəsində. Vəssalam da. Ehtimal olunan cəsəd varsa, qətl hadisəsi baş veribsə, bu başqa: hətta eynən deyildiyi kimi, kimyəvi maddə ilə maye halına gətirilə, faktiki yox edilə, ya da şaqqalanıb istənilən üsulla konsulluqdan kənara çıxarıla bilər. Amma telefonun özünü maddi sübut kimi axtarmaq, bu haqda polemika aparmaq 21-ci əsrin cinayət-prossesual təfəkkürünə uyğundurmu? Hə, bu halda mümkündür ki, hərəki vəziyyət ikinci etapa dövr alsın və zərərçəkənə məxsus əşyalar sırf əl izlərinin götürülməsi, müxtəlif zəruri ekspertizaların aparılması səbəbilə gərəkli olsun. Amma hələ adamın ölüsünü, dirisini tapın, sonra telefonuna keçin də...

Ümumiyyətlə, ərəb prokuror niyə zəhmət çəkib İstanbula gəlirdi ki? Hadisədən dərhal sonra təyyarəyə minib öz ölkəsinə qayıdan konsul ən yetərli şahid, yarım saatlıq sorğu qarşılığında bütün suallara cavab verəcək şəxs deyilmi? İstanbulun baş prokuroru İrfan Fidanın həmkarı Əl Mücebə verdiyi 3 sualın 3-ü də havada cavabsız qalıb: 1). Cəsəd haradadır?; 2). Yerli müdaxilədən söhbət etdiniz – tərəfdaş kimdir?; 3). Cinayətin planlı olduğunu deyirsiz, söhbət hansı plandan gedir?
Verilməyən cavablar isə əslində gün kimi aydındır: 1). Bir aylıq aralıqdan sonra cəsədin tapılmasına inanmaq və adamın tikələrinin morqda eksponat kimi saxlanılacağını düşünmək üçün çox sadəlöhv olmaq lazımdır; 2). Bu cür qətllərin motivi və sifarişçisi kimsənin dilindən elan olunmur. Nə sifarişi verən, nə də ziyanın dəydiyi tərəfdən. Çünki ya tələ qurduğunu etiraf etməlisən, ya da tələyə düşdüyünü. 3). Plan hər hansı bir şəkildə afiş edilsə (Səudiyyədə ixtiyari qrupun və ya hansısa maraqlı dövlətin adı çəkilsə), bu, bir rakursdan özünüifşa, digər rakrsdan isə diplomatik skandal deməkdir.

***

Bir ay öncənin siyasi gündəminə ekskurs etmək istəyirəm. Qərbin ciddi rıçaqlara sahib təsir dairələri kral Salmana açıq ultimatum ünvanlamışdı: "İstəsək səni bircə aya bitirərik”. Düzdür, bunu demokratiya, ölkədaxili azadlıq qısırlığı ilə pərdələdilər, amma aydın məsələdir ki, əsl məram neftin qiymətindəki məsləhətləşilməmiş qalxıma və "ərəb baharı”ndan sonra Suriya xaric ilk dəfə hansısa ərəb ölkəsinin müstəqil siyasət yürütmə çabasına qarşı kəskin cavabı özündə ehtiva edirdi. Rusiyanın paralel xətdə ciddi təpkisi, demarş sərgiləməsi isə Hindistanla 5 milyardlıq silah alveri fonunda gərginliyi kulminasiya nöqtəsinə çatdırdı. Dünya hegemonları qarşısında baş əyməyən, öz müstəqil siyasətini yürüdən Türkiyənin ard-arda düzənlənən terrorlardan sonra yenicə yaranmış olan sabitlik imicinə kölgə salmaq məqsədi də məlum güclərin açıq planları siyahısındaydı və necə deyərlər, oğul lazım idi ki, 3 topu bir ayaqla doqquzluğa göndərsin, bir güllə ilə 3 quş vursun. Bu bir ehtimal.

İkinci ehtimal: Qaşıqçı cinayəti bir neçə ciddi (birləşmiş) qüvvənin ümumi maraqları kontekstində ərsəyə gələn formatdır. Hadisənin bu qədər primitiv və hətta siyasi mühacirlər, qaçaqlar üçün belə ən təhlükəsiz yer hesab olunan diplomatik məkanda icra olunması isə məqsədlidir. Yəni, hədəf məhz bu cinayəti törədib, şişirdib, ictimai müzakirəyə çıxarıb, dünya mediasının polemikasına dövr etmək olub. Bəlkə də hansısa daha qlobal skandalı əngəlləmək, fikir yayındırmaq üçün. Çünki bu qədər ziddiyyət paraleli bir arada olmaz, ola bilməz: Adamın məşhurluğu, müxalifliyi, Türkiyədəki nüfuzu, "Vaşinqton Post”la işbirliyi, ərazi olaraq məhz konsulluğun seçilməsi və s. Yəni, bu detalların biri kifayət idi ki, əgər cinayət hadisəsi həqiqətən dövlət səviyyəsində törədilibsə belə, gələcək nəticələrdən ehtiyat edilsin. Belə göz görəsi naşılığa kimsə gedərmi? – inandırıcı deyil.

Nəhayət, 3-cü ehtimal: Hadisədən dərhal, hətta 5 dəqiqə sonra Qaçıqçının öldürülməsi deyil, məhz parçalanaraq öldürülməsi haqda az qala 5-10 dövlətin xüsusi xidmət orqanları məlumatlı olub. Yaxşı bəs məlumat haradan sızıb? Qaçıqçı ümumiyyətlə öz nigah kağızını almaq üçün niyə məhz İstanbuldakı konsulluğu seçib? Kim ona məlum tövsiyyəni edib? Bu məlumatları anındaca ətrafa onun "X” fərd kimi tanıdığımız nişanlısı ötürə, Qaşıqçını məlum istiqamətlərə yönləndirə bilərdimi? Niyə də yox? Bəlkə qətlin əsas iştirakçılarından biri elə odur? Məntiqlə Qaşıqçının fiziki məhvi haqda şəxsi daxil hər kəsin 1 ay öncə məlumatı vardısa, niyə kağız dalınca vəkil, nümayəndə deyil, özü gedirdi? Ya da gedirdisə belə, niyə tək gedirdi, konsulluq binasına - qapıya qədər gəldiyi nişanlısı ilə bərabər girmirdi? 80-cı illərdən bəri törədilmiş siyasi cinayətlərin xronologiyasında ailə sevgili, nişanlı "verbovka”larından daha cəlbedicisi olubmu? Benazir Bhttonun qətlində "ər sifarişi”nin olması illər sonra dəlil-sübutlar ortalığa çıxmadımı? Adı və ölümü hər kəsə məlum olan bir Prezidentin zəhərlənməsində şantaja məruz qalan xanımının adı hallanmadımı? Merilin Monro ismi bu günlərə qədər Kennedinin sui-qəsdi ətrafında keçmirmi?...

Bütün hallarda Qaşıqçı qurbanlıqdır. Amma kimin və nəyin qurbanı? – bax bu sualın cavabını istintaq deyil, zamanı gələndə tarix özü verəcək...


Elşən Musayev, Milli Məclisin deputatı

Xəbər 849 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR