“Qanun layihəsində bir çox yeni məsələlər öz əksini tapıb” – Elşən Musayev

“Qanun layihəsində bir çox yeni məsələlər öz əksini tapıb” – Elşən Musayev

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayevin 7NEWS.az-a müsahibəsini təqdim edirik.

- Elşən müəllim, "Siyasi Partiyalar haqqında” Qanunun ilkin versiyası artıq Milli Məclisin rəsmi saytında dərc olunub. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Bəli, doğru buyurursunuz, artıq ilkin versiya dərc olunub və mən də Partiya sədri olaraq maraqlı tərəf kimi dərhal həmin versiya ilə tanış olmuşam. İlkin qənaətim də odur ki, məlum layihədə bir çox yeni məsələlər öz əksini tapıb. Eyni zamanda bizim verdiyimiz təkliflər. 

- Layihəni tam dolğun hesab edirsinizmi?

- Bu layihə özünüzün də qeyd etdiyi kimi ilkin versiyadır. Qarşıda isə bir neçə mərhələ var. Ayın 28-nə ictimai dinləmə planlaşdırılıb və yəqin ki, həmin dinləmələrin sayı hələ çox olacaq, bu dinləmələr bir dəfə ilə yekunlaşmayacaq. Ardınca komitə iclaslarında qanun layihəsi müzakirə ediləcək. Ən axırda isə Plenar iclas. Yəni, hələ qanun layihəsində təkmilləşmə prosesi gedəcək, müxtəlif fikirlər səslənəcək, müəyyən dəyişikliklər olacaq. Bir daha qeyd edirəm: bu, ilkin versiyadır və hazırki vəziyyət üçün gərək olan bütün işlər ən yaxşı səviyyədə icra edilib.

- Yeni qanun layihəsi Partiyaların fəaliyyətində və ümumən siyasi spektrda canlanma yarada biləcəkmi?

- Qanun layihəsi sadəcə canlanla, aktivləşmə üçün deyil. Qanun layihəsinin əsas məqsədi bütün Partiyaların fəaliyyətinə bərabər şərait yaratmaqdır. Canlanma isə həm də partiyaların öz təşəbbüsünə bağlı bir məsələdir. Eyni zamanda xüsusi vurğu ilə qeyd etmək istəyirəm ki, ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri edirdi. Milli Məclis də öz üzərinə düşən işi layiqincə gördü, mövzu ilə bağlı dərhal aktivlik nümayiş etdirdi, Milli Məclisin sədri, hörmətli Sahibə Qafarova tərəfindən siyasi partiyalara müraciət ünvanlandı və tez bir zamanda qanunun ilkin versiyası hazırlandı. Növbəti mərhələdə də gedişatın eyni aktivlik səviyyəsində davam edəcəyinə, irəliləyəcəyinə əminəm.

- Yeni qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınıbmı?

- Bəli. Alınıb. Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının "Siyasi Partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə” 2010 və 2020-ci illərdə qəbul etdiyi tövsiyyələr, eyni zamanda 20-dən çox ölkənin təcrübəsi nəzərdən keçirilib.

- İctimai dinləmələrdə, komitə iclaslarında yeni təklifləriniz olacaqmı?

- Olacaq. Hətta bununla bağlı partiya funksionerləri ilə ilkin müzakirələrimizi də etmişik.
Xəbər 12111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR