Prezidentin təkrar etimad göstərdiyi Mikayıl Cabbarov - supernazir özəl keyfiyyətləri

Prezidentin təkrar etimad göstərdiyi Mikayıl Cabbarov - supernazir özəl keyfiyyətləri

Elşən Musayev: "Fərq etmir hardasan, hansı nazirliyin başındasan...”

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 23-də çox önəmli fərmanlar imzaladı. Bu fərmanlardan biri Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi oldu.

Vergilər naziri Mikayıl Cabbarov supernazirliyin - İqtisadiyyat Nazirliyinin rəhbəri təyin olundu. Bu təyinatın ardından M.Cabbarov bir anda sosial şəbəkələrdə ən çox müzakirə edilən isimlərdən birinə çevrildi. Səbəb də onun indiyə qədər bir neçə qurumun rəhbəri olması və son illərdə ard-arda üç nazirliyə nazir təyin olunmasıdır. Ardıcıllıqla M.Cabbarovun indiyə qədərki vəzifələrini sadalayırıq.

O, iqtisadi inkişaf nazirinin müavini, "İçərişəhər” Dövlət Qoruğu İdarəsinin rəisi, təhsil naziri, Badminton, eləcə də, Qılıncoynatma federasiyalarının prezidenti, vergilər naziri və son olaraq da, iqtisadiyyat naziri olub. Bu məmurun tez-tez vəzifə dəyişikliyinə məruz qalması ilə bağlı sosial şəbəkələrdə tənqidlərə də rast gəlinir. Doğrudur, dünyanın bəzi ölkələrindən nümunələr gətirilir, bəzi şəxslərin adları çəkilir ki, onlar M.Cabbarovdan daha çox müxtəlif vəzifələrdə təmsil olunublar.

Elşən Musayev ile ilgili görsel sonucu

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev öncəliklə bu təyinata toxundu: "Sosial şəbəkələrdə, cəmiyyətdə son yerdəyişmələr, təyinatlar çox ciddi müzakirələrə səbəb olub. Üstəlik, məlum kontekstdə olduqca fərqli təhlillər verilir və əsas subyektaj kimi də Mikayıl Cabbarovun personası, adı ön plandadır. O anlamda ki, Mikayıl müəllim, yəni cavan bir kadr artıq bu yaşına qədər böyük bir yol qət edib, müxtəlif qurumların rəhbəri, iki müxtəlif nazirliyin birinci adamı olub. İndi də eyni timsalda 3-cü nümunədə və daha böyük səlahiyyətlərlə əhatə olunmuş formada. Ondan başlayım ki, mən Mikayıl Cabbarovu tələbəlik illərindən tanıyıram. Biz eyni fakültəni 1 il fərqlə bitirmişik və onun aydın təfəkkürü, iti zəkası, tərbiyəsi hələ o vaxtlardan şəxsinə nüfuz qazandırıb. Bilmirəm, xatırlayırsınız ya yox, amma Mikayıl müəllim təhsil naziri vəzifəsinə təyin olunanda çoxları düşünürdü ki, bu cavan oğlan həmin qurumda kök salmış qeyri-işlək komanda ilə - təbii, fikrim hamıya aid deyil - bacara bilməz, bunun üçün böyük illərin təcrübəsi lazımdır. Amma gənc nazir sübut elədi ki, ağıl, istək, bacarıq varsa, hər şey mümkündür! O, Təhsil Nazirliyində böyük bir islahat apardı, həmin sektoru yeniləmək, modernləşdirmək, müasir innovativ qaydalara uyğunlaşdırmaq üçün əlindən gələni əsirgəmədi. Ciddi kadr dəyişiklikləri etdi. Nəticə də oldu.

Və məhz həmin nəticədən doğan etimad idi ki, başqa nazirliyə transfer edildi. İndi soruşa bilərsiniz, niyə? Şəxsi fikrimi deyəcəm: Etimad qazananlar növbəti etapda daha çox boşluq olan sahələrə yönləndirilir. Yəqin yaxşı xatırlayırsız, vergi sahəsi bizim yaralı yerimiz idi. Üstəlik, yüz tənqid, min tənqid, fərq eləmirdi. Ayrıca, bu sahədə köklü, hətta lap dərin köklü islahatlara ehtiyac duyulurdu. Bəziləri hətta inanmırdı ki, belə bir məkanda tam modern idarəçilik üslubu yeritmək mümkündür. Amma mümkün oldu - yenə Mikayıl müəllimin sayəsində. Oradakı durumu da Mikayıl Cabbarov normal-sabit vəziyyətə gətirdi. Həm də qısa müddət ərzində!

Bax indi 4 qurum birləşdirildikdən sonra böyük səlahiyyətlərin Cabbaraova verilməsinin səbəbi məhz budur! Onu şəxsən tanıyıram, maddiyyat bu adamın həyatında ən son düşünülən məfhumdur, daim öz üzərində çalışır, tər-təmiz reputasiyaya sahibdir, korrupsiyanın "k” hərfinə belə aidiyyəti yoxdur, ancaq cavan, savadlı, novator gənclərlə işləməyə meyllidir. Beləsi ilə işləmək, beləsini önə çəkmək lazımdır və işlənilir də, önə çəkilir də! Məmur dövlət büdcəsini talayanda, etinasızlaşanda, vətəndaşa laqeyd yanaşanda iqtidar nəsə udur və rəğbət qazanır? Yox, təbii. Məmur əndazəni aşanda, özünü toxunulmaz biləndə siyasi elitaya dividentmi gətirir? Yenə xeyr! Ona görə ilk öncə rəhbərin, dövlət başçısının marağındadır ki, üzərində, tərcümeyi-halında azacıq da olsa qara ləkə, tünd ton olmayan insanlar önə çəkilsin, belələri ən yaxınında olsun. Həmin şəffaf şəxsiyyət tablosunun ən gözəl nümunələrindən biri məhz Mikayıl Cabbarovdur.

Sizə öz müşahidələrimdən çıxış edərək adi bir fakt deyim. Milli Məclisdə büdcə müzakirələri zamanı Mikayıl müəllim daim bizimlə bərabər olur. Kənardan diqqət etmişəm. Kim ona yaxınlaşırsa - fərq etməz deputat, işçi, qapıçı, xadimə, - mütləq ayağa qalxır, qarşısındakını sona qədər səbirlə, ayaq üstdə dinləyir, öz qeydlərini aparır, ən böyük problemi belə uzağı 3 günə həll edir. Təsəvvür edin, təhsil və vergi naziri olduğu dönəmlərdə onun ünvanına təxminən 50-60 məktub göndərmişəm, seçici problemi ilə bağlı müraciətlər ünvanlamışam. Rəsmi cavab öz yerində. Amma hər məktub və hər problemlə bağlı özü şəxsən zəng edib, telefonda daha detallı maraqlanıb, problemin həll olub-olmadığını növbəti dəfə canlı təmasla soraqlayıb, dəqiqləşdirib. Ona görə ürəklə, sevinclə deyirəm: belə operativ, ləyaqətli insanın rütbə və səlahiyyətinin artması hamı üçün xeyirlidir, önəmlidir, vacibdir".

Deputat gedən müzakirələrə bu cür reaksiya sərgilədi: "Müxtəlif və fərqli sahələrdə xidmətə gəlincə, deyim ki, adətən bənzər situasiyalarda xaricdən misallar çəkilir, amma həmin nümunə bizim elə özümüzdə var. Uzağa getməyək - İnam Kərimov. ASAN Xidmətin ölkəyə, dövlətə, vətəndaşa verdiyi töhfə, xeyir, rahatlıq göz önündədir. Onun rəhbəri isə İnam Kərimov olub. Bəs Kərimov kimdir? Eyni Mikayıl Cabbarov xarakterində, zehniyyətində biri. Sonra adam Kənd Təsərrüfati Nazirliyinə transfer ediləndə hamı deyirdi, fərqli sahədir, çətin olar və s. Amma nəticə? Nəticə budur ki, məlum sahədə qısa bir müddət ərzində artım birə-beşdir. Bu fikri cənab prezident də son müşavirədə xüsusən qeyd elədi. Demək, fərq etmir haradasan, hansı nazirliyin başındasan, əsas odur için, könlün, beynin təmiz olsun. Əsas odur ağlın və bacarığın olsun. Xidmət, vicdan məsələsidir. Prezidentin otağına girəndə, ona hansısa məsələni məruzə edəndə bir tək yazan əlin, qələmin, dilindən süzülən sözlərin deyil, içində ruhun, vicdanın da təmiz olmalıdır. İlk öncə özün-özünlə fəxr etməyi bacarmalısan ki, əlimdən gələni edirəm, işləyirəm, səy göstərirəm. Ən əsası, yalan danışmıram! Mikayıl Cabbarov kimi insanların sırası genişlənsin. Parlaq, işıqlı gənclərın önəmli postlarda sayları artsın. Bunun dövlət üçün də, millət üçün də yalnız və yalnız faydası ola bilər”. // "Yeni Müsavat”

Xəbər 1857 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR