İran İsraili vursa... – Kritik həftə Azərbaycana nə vəd edir?

İran İsraili vursa... – Kritik həftə Azərbaycana nə vəd edir?

İsrailin İranın Suriyadakı konsulluq binasına raket zərbəsi iki ölkə arasında gərginliyi pik həddə çatdırıb. İndi hamı Tehranın öz "sifətini” qorumaq naminə verəcəyi cavabın nə olacağını gözləyir. Hətta İsrailə birbaşa zərbə də istisna edilmir. O halda yəqin ki, İsrail də İrana zərbələr endirə, nəticədə bölgədə proqnoz edilməyən hadisələr başlaya bilər.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bu xüsusda deyib ki, Tehran Dəməşqdəki konsulluğa hücuma görə İsraildən qisas almaq və ona maksimum ziyan vurmaq üçün ən düzgün vaxtı seçəcək. Öz növbəsində İrandan cavab zərbəsi gözləyən ABŞ və İsrail öz ordularını yüksək döyüş hazırlığı vəziyyətinə gətiriblər. Bu barədə Amerikanın "New York Times” qəzeti səlahiyyətli mənbələrə istinadən yazıb. "İsrail İranın mümkün həmləsini cavabsız qoymayacaq. Bu halda ABŞ müttəfiqi İsraili dəstəkləmək məcburiyyətində qalacaq”.

Bunu isə politoloq Elxan Şahinoğlu bildirib. "Bu arada İrandakı mərkəzlərin İsrail-Azərbaycan əməkdaşlığına görə Bakını hədələməsi Vaşinqtonun və Brüsselin diqqətindən yayınmayıb. İsraillə tərəfdaşlığa görə İranın Azərbaycana qarşı hər hansı təxribatı olarsa, ABŞ və AB Azərbaycana dəstəklərini artırmalı olacaqlar”, - deyə o qeyd edib. Onun sözlərinə görə, hazırda beynəlxalq aləm üçün əsas mövzu İsrail-İran gərginliyi, iki ölkə arasında toqquşma ehtimalı və bölgədə İsrailin tərəfdaşlarını qorumaqdır. "Ermənistanı Rusiyadan qorumaq mövzusu arxa plana keçib”, - analitik vurğulayıb.

Bəs İsrail-İran birbaşa hərbi toqquşması mümkünmü? O halda Azərbaycan hansısa xoşagəlməz durumla üzləşə bilərmi?

Mən də alıcıyam, qiymətlərdə artım görmürəm

Deputat Azər Badamov İran-İsrail toqquşmasının baş verməsini qaçılmaz hesab edir: "Amma bu toqquşmanın harada və necə olacağı haqqında proqnoz vermək çətindir. Çünki, İsraillə İran arasında uzun dövrdür ki, gərginlik hökm sürür. Amma İranın Dəməşqdəki konsulluğu raketlə vurulandan sonra bu gərginlik pik həddə çatıb. Hətta İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri də İsrailə çox ciddi cavab veriləcəyini və bu hadisəni yerində elə-belə saxlamayacaqlarını bildirdi. Lakin cavabın necə və hansı istiqamətdə olacağı ilə bağlı bir söz demədi. İran mərkəzləri və hətta parlamentin deputatları İsrailin Azərbaycandakı səfirliyinin vurulmasını təklif ediblər. Təbii ki, belə bir sözün deyilməsini məntiqsizlik, ağılsızlıq və ölkələrimizarası onsuz da yaxşı olmayan münasibətlərə balta vurulma cəhdi olduğunu hesab edirəm. Çünki Tehrandakı səfirliyimizə qarşı edilən terror hadisəsindən sonra ölkələrimizarası münasibətlər hələ də öz məcrasına qayıtmayıb. Son vaxtlar isə İran tərəfindən Tehranda səfirliyimizin fəaliyyətinin bərpa edilməsi üçün təkliflər də edilib. Amma hələ də elçiliyimizin fəaliyyəti bərpa olunmayıb.

Azərbaycandakı İsrail səfirliyinin vurulması məsələsini ortaya atanların Azərbaycan-İran münasibətlərinin yenidən yaxşılaşmasını istəməyənlər olduğunu hesab edirəm. İran əgər İsrailin səfirliyini vurmaq istəyirsə, bu niyə Azərbaycan olmalıdır? İsrailin hər yerdə səfirlikləri var və İranın elə bir imkanları varsa, qoy başqa bir ölkədə qisaslarını alsınlar.

Son vaxtlar çox müzakirə olunan mövzulardan biri də İran-İsrail müharibəsinin baş verə biləcəyi ilə bağlıdır. Təbii ki, belə bir müharibə baş verə bilər. Amma qonşu ölkələrdə müharibələrin baş verməsi ölkəmizin maraqlarına uyğun deyil. Biz bütün qonşularımızda sülh olmağını arzulayırıq və regional əməkdaşlıqların formalaşmasını dəstəkləyirik. Amma İran-İsrail müharibəsi baş verərsə, bu, istər-istəməz bütün qonşu ölkələrə də öz mənfi təsirlərini göstərəcəkdir. Bu baxımdan qonşuluğumuzda müharibənin baş verməsini heç vaxt dəstəkləmirik”.

Sona Əliyeva:

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva İranın bu cür bəyanatlarının hansı kütləyə hesablandığından söz açdı: "Əgər İran Azərbaycandakı İsrail elçiliyinə hər hansı zərbə endirərsə, bu Tehran molla rejiminin və Tehrandakı əmmaməli respublikanın sonu olacaq. Çünki Tehran rejiminin belə bir hərəkəti təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region üçün bir təhdiddir. Molla rejimi bu cür açıqlamalarla təkcə Qərbi deyil, regionda maraqları olan müttəfiqlərini də özünə qarşı çevirəcək. Ona görə də, fars şovinist hökuməti bu barədə düşünərkən yüz ölçüb bir biçməlidir. Tehrandan Bakı istiqamətində bircə raketin atılması isə İranın regionda blokadaya düşməsinə gətirib çıxaracaq. Hətta əziz bacısı saydığı Ermənistan da öz cənub qonşusundan üz döndərəcək. Üstəlik, Güney Azərbaycanda və İranın digər bölgələrində 40 milyon Azərbaycan türkü faktoru da unudulmamalıdır. Bununla İranın daxili yenidən qarışacaq və sözün əsl mənasında qan çanağına dönəcək. Üstəlik, İsrail dövləti və Qərb istənilən hücum faktoruna görə Azərbaycana ciddi dəstək verəcək. Təbii ki, bütün bunlar 5 aprel görüşünü ikinci plana keçirən nüanslardır. Düşünürəm ki, "sepah"çı və "ettalatçı" qüvvələr bu cür sərsəm bəyanatlar verməklə öz ölkələrini nə qədər ciddi təhlükə altında qoyduqlarının fərqində deyillər. Azərbaycana qarşı istənilən hücum Türkiyə və Pakistan kimi ölkələri də hərəkətə gətirəcək. İranın "quru" bəyanatları düşünürəm ki, "küçə hədəsi"ndən başqa bir şey deyil. Amma İran Suriyadakı hadisələrin "qisası"nı alana qədər başqa ölkələrin proksi gücləri cənub qonşumuzun içlərinə doğru irəliləyəcək və daha səsgətirici addımlar atacaqlar. Həmişə belə olub, İran bu cür hədə bəyanatlarını öz daxilinə, dindar və aşırı irqçi kəsimə hesablayıb”.

 

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan heç zaman arzusunda olmayıb ki, İsrail dövləti İranı vursun: "Baxmayaraq ki, uzun illərdi İran molla rejimi bütün gücü və imkanları ilə müstəqil Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərir, düşmən Ermənistana hər cür dəstək nümayiş etdirir. Biz müharibənin başlanmasını istəmirik. Həm də İranda, Cənubi Azərbaycanda yaşayan 40 milyonluq Azərbaycan türkü var. Eyni kökənli xalqlarıq. Müharibə başlanarsa, regionda böyük proseslər başlaya bilər. Ən azından soydaşlarımızın Şimali Azərbaycana axını baş verər. Milyonlarla insan qaçqın qonşu ölkələrə sığına bilər. Biz öz soydaşlarımıza necə deyə bilərik ki, Şimali Azərbaycana gələ bilməzsən?! Nəticədə çox ciddi problemlər yaşanar. Ancaq İsrailin Suriyadakı səfirliyinin vurulmasının acığını İranın bəzi səfeh deputatları və mollaları Azərbaycana qarşı yönəldirlər. Bizi hədələyirlər ki, Azərbaycandakı İsrail səfirliyini raketlə vuracağıq. Hansı ağılla bu cür danışmaq olar? Buna axmaqlıqdan başqa ad vermək olmur. İran mollaları unutmamalıdırlar ki, Azərbaycanın yanında çox qüdrətli qardaş Türkiyə var. Çavuşoğlu açıq şəkildə bildirdi ki, hər an Azərbaycanın yanında olacağıq. Rusiyanın Azərbaycanla münasibətlərini də unutmamalıyıq. İran da bunu yaxşı bilir. İran İsraili raket atəşinə tutsa, mütləq şəkildə cavablarını alacaq və bu müharibəyə ABŞ-ın qoşulmaması qeyri mümkündür. Dərhal ABŞ İranı vuracaq. Bütün hallarda bu müharibə başlayarsa, Azərbaycanın xoşagəlməz hallarla üzləşməsi mümkündür. Həm də qeyd etdiyim kimi, molla rejiminin Azərbaycana olan nifrəti ortadadır. Hər cür pisliyə əl atırlar. İndi bunu gözləyirik”.

Xəbər 782 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR