Prezident İlham Əliyevin uğurlu sosial siyasəti (TƏHLİL)

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti (TƏHLİL)

2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzalanan fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində çox mühüm irəliləyişləri təmin edib. Görülən işlər, reallaşdırılan layihələr ölkəmizin daha da güclənməsinə, daha da qüdrətli dövlətə çevrilməsinə, vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına səbəb olub. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı sosial islahatların məntiqi nəticələridir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan amilinə verilən dəyər bütün dövrlərdə öz aktuallığını qoruyub. Ümumilikdə 2003-2018-ci illər ərzində əməkhaqqı təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib.

Ötən 4 illik dövrdə ölkənin sosial inkişafını Trend-ə şərh edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycan əhalinin sosial müdafiəsi istiqamətində davamlı tədbirlər görülür.

"Bu tədbirlər ötən 4 il ərzində də davam etdirilib. Daha dəqiq desək, Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar nəticəsində ötən 4 ildə respublikamızın sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib:

"Bəhs edilən dövrdə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Həmçinin, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz artım baş verib. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artıma nail olunub. Onu da qeyd edim ki, dövlət başçısının imzaladığı fərman və sərəncamlarla 2018-ci ildən sonra ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir”, - deyə V.İskəndərov vurğulayıb.

Deputat onu da bildirib ki, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının siyasətinin ana xəttini təşkil edir:

"Ümumiyyətlə dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Mənzillə təminat proqramı Vətən Müharibəsi Qəhrəmanları, digər həssas qruplardan olanları (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da əhatə edib. Onu da vurğulamağı özümə borc bilirəm ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olaraq Abşeron rayonunda yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələrinin məzunlarına verilib. Həmin binalarda 365 məzun mənzillə təmin olunub. Son illərdə müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də dövlət uşaq müəssisələrinin məzunlarının mənzillə təminatı həyata keçirilir. Bu da sosial proqramların əhatə dairəsinin daha da genişləndiyini göstərir. Eyni zamanda, son 4 ildə daha 1450-dək müharibə əlili minik avtomobili ilə təmin edilib və avtomobillə təmin edilən müharibə əlillərrinin sayı 7400-ə çatıb”, - deyə deputat əlavə edib.

V.İskəndərov deyib ki, bütün bu sadalananlar bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayiş etdirir: "Dövlət başçımızın da bildirdiyi kimi Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə deyib ki, ötən 4 illik dövrdə Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ölkənin sosial inkişafı istiqamətində çox mühüm irəliləyişləri təmin edib

"Həmin irəliləyişlər sosial sferanın bütün sahələrində özünü göstərir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, minimum pensiya 2,2, orta aylıq pensiya 65 faiz artıb. Eyni zamanda dövlət başçısının imzaladığı fərman və sərəncamlarla 2018-ci ildən sonra ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paketi icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri də daim cənab Prezidentin diqqət mərkəzində olub və bu həssas təbəqəyə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib.

"Son 4 ildə aparılan mühüm sosial islahatların ciddi nailiyyətlərindən biri də Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və DOST Mərkəzlərinin yaradılmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası artıq Azərbaycanın yeni brendi kimi təqdim olunur.

Beləliklə, 2018-ci il aprelin 11-də andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin söylədiyi: "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” – sözləri ötən 4 ildə ən yüksək səviyyədə öz təsdiqini tapdı. Ölkə vətəndaşının rifahı naminə mühüm sosial irəliləyişləri təmin edən uğurlu sosial siyasət qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər qazanacaq”, - deyə deputat əlavə edib.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR