Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzar daşının üzərində nöqsan yaranıb.
Aktual.az xəbər verir ki, bu barədə şəhidin anası Səmayə Həşimova və bacısı Kəmalə Haşımova məlumat yayıb. Onlar mərmərin dəyişdirilməsini, məzarüstü şəkil və üzərindəki yazıların ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənməsini istəyiblər.
Ailə üzvləri eyni zamanda Polad Həşimovun ev muzeyinin açılmalı olduğunu bildirib və xatirəsinə heykəlin ucaldılmasının vacibliyini vurğulayıblar.
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu və İkinci Şəhidlər Xiyabanı kimi tanınan ərazi Müdafiə Nazirliyinin balansındadır. Bakı Abadlıq Xidməti tərəfindən ərazidə aparılmış işlər başa çatdırıldıqdan sonra, təxminən bir il əvvəl obyekt müəyyən olunmuş qaydada Müdafiə Nazirliyinə təhvil verilib: "Bu gün Müdafiə Nazirliyindən daxil olmuş müraciətdən dərhal sonra Bakı Abadlıq Xidməti operativ şəkildə tədbir görüb, qəbirüstü abidələrin hazırlanmasında iştirak etmiş usta əraziyə cəlb edilib. Hazırda qeyd olunan nöqsan aradan qaldırılıb.
Qeyd etmək istərdik ki, qəbirüstü abidələrin hazırlanması prosesi zamanı şəhid ailələrinin bütün irad və təklifləri diqqətlə nəzərə alınıb, portretlər və digər elementlər ailələrin razılığı əsasında hazırlanıb, bəzi hallarda onların istəyi ilə iki dəfə dəyişikliklər edilib. İşlər tam başa çatdırıldıqdan sonra qəbirüstü abidələr heç bir qüsur olmadan həm şəhid ailələrinə, həm də Müdafiə Nazirliyinə təhvil verilib. Bakı Abadlıq Xidməti şəhidlərimizin müqəddəs xatirəsinə hər zaman böyük həssaslıqla yanaşır və daxil olan hər bir müraciətə operativ reaksiya verərək yaranmış məsələlərin qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görür”.
Xəbər 80 dəfə oxunub.