Maliyyə Nazirliyində 4 min manat maaşla iş təklif olunur.
Aktual.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) Maliyyə Nazirliyində vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə elan edib.
Nazirliyin aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Rəqəmsal media sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə bir vakant yer mövcuddur. Vəzifənin aylıq maaşı 4 min manatdır.
Namizədlərdən iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, filologiya, tərcümə, jurnalistika, dövlət və ictimai münasibətlər, politologiya, sosiologiya, regionşünaslıq, hüquqşünaslıq və ya beynəlxalq münasibətlər ixtisaslarından biri üzrə ali təhsil tələb olunur. Eyni zamanda, müvafiq fəaliyyət istiqaməti üzrə azı bir il iş stajı, "MS Office” proqramları, ofis texnikası və internetdən orta səviyyədə istifadə bacarığı, həmçinin B1 səviyyəsində ingilis dili biliyi şərtdir. Müsahibədə iştirak üçün BA2 sertifikatı tələb olunur.
Vəzifəyə nazirliyin rəqəmsal media üzrə kommunikasiya fəaliyyətinin təşkili, rəsmi internet saytı və sosial şəbəkə səhifələrinin idarə olunması, kontent planlarının hazırlanması, paylaşımların və müraciətlərin gündəlik monitorinqi, statistik göstəricilərin təhlili, eləcə də kommunikasiya materiallarının hazırlanması daxildir.
Müsahibə elanı avqustun 17-də verilib. Namizədlər sənədlərini sentyabrın 15-i saat 18:00-dək təqdim edə bilərlər.
Xəbər 37 dəfə oxunub.