Pambıqçılığın inkişafına dair təkliflər hazırlandı

Pambıqçılığın inkişafına dair təkliflər hazırlandı

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki-Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ölkədə pambıqçılığın inkişafına dair xüsusi təkliflər hazırlayıb. Artıq bu təkliflər Nazirliyə təqdim edilib. Təkliflərin yaxın zamanlarda nəzərdən keçirilməsi gözlənilir.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə İnstitutdan məlumat verilib.
Təkliflərdə pambıqçılığın yenidən dirçəldilməsi üçün bu sahəyə ilk növbədə dövlət səviyyəsində dəstək verilməsi, pambıqçılığa xüsusi subsidiyalar və güzəştli kreditlərin ayrılması ilə bağlı məsələlər əksini tapıb.
Həmçinin qeyd edilir ki, xam pambığın satınalma qiymətlərinin yüksəldilməli, pambıqçılıq klasterlər əsasında inkişaf etdirilməli (əkin, yığım, emal, son məhsul və satış) və pambıq istehsalçılarının kooperasiyası təşkil edilməlidir.
Bundan başqa, Nazirliyə təqdim edilən təkliflərdə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün irriqasiya sistemlərinin yenidən qurulması, torpaqların münbitliyi və məhsuldarlığın artırılması üçün pambıq-yonca-taxıl növbəli əkin sisteminə keçidin təşkili, aqrokimyəvi xidmətlərdən geniş istifadənin zərurəti xüsusi vurğulanıb.
İnstitutun sahə üzrə alimləri hesab edirlər ki, ölkədə fəaliyyət göstərən özəl pambıq zavodlarına alternativ olaraq analoji dövlət müəssisələri yaradılmalı və pilot pambıqçılıq zavodları tikilməlidir.
"Aqrolizinq yolu ilə pambıqçılığa dair müasir texnikalar gətirilməli, pambıq son məhsula məhz ölkə ərazisində keçməli və emal sənayesi (toxuculuq-trikotaj, yem, yağ və s.) yaradılmalıdır. Xaricə əsasən hazır məhsul çıxarılmalıdır. Buna ölkə iqtisadiyyatı tam imkan verir. Bundan əlavə, pambıq toxumçuluğu ilə məşğul olan təsərrüfatlar yaradılmalı, pambıqçılıqla məşğul olan xarici investorlar ölkəyə dəvət edilməli, pambıqçılığın inkişafına dair dövlət proqramı qəbul edilməlidir", - deyə Nazirliyə göndərilən təkliflərdə bildirilir.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR