Niyaməddin Orduxanlı gənc siyasətçilərə müraciət etdi

Niyaməddin Orduxanlı gənc siyasətçilərə müraciət etdi

Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları bələdiyyə üzvlüyünə namizəd irəli sürə bilər. Məlumat üçün bildirək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəni əhatə edəcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib. 
Dünya ölkələrində, xüsusilə qonşu Türkiyədə bələdiyyə seçkisi insanların böyük maraq dairəsində olsa da, nədənsə, Azərbaycanda vətəndaşlar yerli özünüidarəetmə orqanlarına o qədər də maraqlı deyillər. Siyasi partiyalar da bələdiyyə seçkisinə ciddi hazırlıq görmürlər. Sadəcə bir neçə gənc fəal sosial şəbəkədə bələdiyyə seçkisinə hazırlaşdığını bəyan edib. 

"Moderator.az" saytına açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq  Niyaməddin Orduxanlı deyib ki, Azərbaycanda bələdiyyə institutu 20 il öncə, yəni 1999-cu ildə formalaşıb və indiyə qədər 4 seçki keçirilib. N.Orduxanlı hər seçkidə Abşeron rayonundan bələdiyyəsinə üzv seçildiyini bildirib:

"Bir müddət bələdiyyədə rəhbər orqanında seçilib fəaliyyət  göstərmişəm. Hazırda bələdiyyə orqanında hüquq komitəsinin rəhbəriyəm. Siyasətçi olaraq hər zaman yerli özünüidarə orqanlarına keçirilən seçkilərə böyük önəm vermişəm. Qarşıdan gələn seçkidə də iştirak etmək niyyətindəyəm. Bələdiyyə seçkilərində iştirak zamanı Abşeron rayonu ərazisində seçki təbliğatı aparıram. Bu təbliğatı həm də növbəti parlament 2020-ci ildə keçirilən seçkilərinə hazırlıq kimi dəyərləndirirəm. 20 il ərzində mənə Abşeron rayonundan 4 dəfə etimad göstərib, bələdiyyə üzvü seçiblər. Güman edirəm ki, bu dəfə də səs qazana biləcəm. 5 dəfə də bələdiyyə namizəd olacam. Təbii ki, müxalifət partiyasının-BAXCP-nin namizədi olacam".

Partiya təmsilçisi  BAXCP-nin İdarə Heyətinin qərarı ilə bu həftənin sonunda BAXCP Ali Məclsinin iclasının olacağını bildirib: 

"Partiyamızın 70-ə yaxın rayon şöbəsini, eyni zamanda mərkəzdəki təmsilçiləri bələdiyyə seçkisinə cəlb edəcəyik. Məqsədimiz bələdiyyə seçkisində partiya olaraq kütləvi iştirak etməkdir. Hər bir siyasi partiya öz məqsəd və məramına uyğun olaraq seçkilərə qatılmalıdır. BAXCP olaraq bələdiyyə seçkilərində bir sıra uğurlarımız var. 2014-cü il seçkilərində BAXCP səhv etmirəmsə, 3 -cü yerə çıxmışdı. 200 yaxın BAXCP üzvü bələdiyyə orqanlarına seçilmişdi. Çalışacağıq ki, bu dəfə də uğur qazanaq. 

Niyaməddin Orduxanlı bütün siyasi qüvvələri, xüsusən gəncləri bələdiyyə seçkisinə qoşulmağı tövsiyə edib: 

"Siyasi partiyaların əsas fəaliyyəti seçkiyə qatılmaqdır. Seçkiyə qatılmayan partiyaları başa düşə bilmirəm. Ola bilsin ki, çoxları namizəd problemindən qatılmaqdan imtina edirlər. Bu partiyalar 1700 bələdiyyə namizəd verməyə nümayəndə tapa bilmirlər. Yoxsa siyasətlə məşğul olan şəxs niyə seçkiyə qatılmasın ki?! Bir daha gənclərə müraciət edirəm, onların seçki proseslərinə qoşulması onlara gələcəkdə uğur gətirəcək, təcrübə qazandıracaq. Ona görə də hər kəsi, xüsusən gəncləri seçkidə aktiv olmağa səsləyirəm. Siyasətlə məşğul olan gənclər ilk növbədə yaşadıqları ərazilərin yerli orqanların işində iştirak etməlidirlər".
Xəbər 846 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR