Azərbaycan Demokratik Maarifiçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayevin Aktual.az-a müsahibəsi.
Elşən müəllim, hazırda gündəmin əsas mövzusu Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik bəyannaməsidir. Xüsusən də zaman seçimi ilə bağlı müxtəlif mülahizələr səslənir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
Tam doğru buyurursunuz ki, dünəndən etibarən mətbuatda, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu, məsələ məhz məlum bəyannamədir. Amma elə lap əvvəldən vurğulayım ki, haqqında danışılan və danışdığımız bəyannamə, ələlxüsus da cənab Prezidentin Rusiyaya səfəri ilə bağlı ilkin mesajlar hələ aylar öncədən verilmişdi. Yəni, səfər qəfil xarakter daşımayıb. Həmin səfər əvvəldən planlaşdırılmışdı, gözlənilən idi və tərəflər arasında imzalanan sənəd də əsas etibarilə özündə Rusiya ilə Azərbaycan arasında olan 30 illik əlaqələrin tarixini, ya da belə deyək: yubileyini ehtiva edirdi. Çox gözəl də görüş oldu. 5 saatlıq müzakirə aparıldı. Üstəlik, sənəddə hər iki ölkənin milli maraqları ən üst səviyyədə təmin olundu. Belə möhtəşəm əlaqələrə, münasibətlərə yalnız sevinmək lazımdır.
Amma bu bəyannamənin məhz Rusiya-Ukrayna münasibətlərinin kritikləşdiyi dövrdə meydana çıxması siyasətçilər və analitiklər arasında fikir fərqliliyi yaradıb. Hadisələrin gedişatında xüsusi hal varmı?
Qətiyyən. Xüsusi hal dəqiq yoxdur. Amma təsadüf var. Yəni, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna bəyənatı ilə Azərbaycan Prezidentinin Rusiyaya səfəri arasında xüsusi paralellik axtarmağa lüzum görmürəm. Sadəcə hadisələr üst-üstə düşdü. Təsadüfən. Müttəfiqlik haqqında bəyannamədəki əsas xətt, istiqamət, prioritetlər də dediyimi təsdiq edir. Sənəd iki ölkəyə aiddir. Azərbaycan və Rusiyaya. Bütün bəndlərdə də milli maraqlarımız təmin olunub. Cənab Prezident qonşu ölkənin rəhbəri ilə çox geniş fikir mübadiləsi apardı, bölgə üçün həssaslıq kəsb edən mövzulara toxunuldu, gələcək perspektivlər müzakirə olundu. Məncə hazırda münasibət bildiriləsi əsas məsələlər, mövzular məhz budur.
Rusiya ilə Azərbaycan arasında olan münasibətlərin gələcək perspektivini necə görürsünüz?
Nikbin və pozitiv. Bu münasibətlər hər zaman olub, tarixi ənənələrə söykənir və qarşılıqlı əməkdaşlıq çərçivəsində davam edir.
Xəbər 596 dəfə oxunub.