Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş plenar iclasda Prezident İlham Əliyevin iştirakı və dövlətimizin başçısı tərəfindən Azərbaycanın maraqlarının ən yüksək şəkildə qorunması diplomatiyamızın növbəti uğurudur.
Aktual.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev söyləyib.
Deputat bildirib ki, dövlətimizin başçısı paneldəki çıxışında bir çox məsələlərə toxundu, sülhlə bağlı fikirlərini açıqladı, qarşı tərəfin və dünyanın bölgədəki sabitliyin bərpası üçün nə etməli olduğunu söylədi və ən nəhayət bir sıra mövzularla bağlı konkret, tutarlı iradlarını bildirdi.
"Münxen Təhlükəsizlik Konfransı İlham Əliyevin parlaq qələbəsi və Paşinyanın növbəti nakautu ilə yadda qaldı. Bu Konfrans bir daha sübut etdi ki, Ermənistanın aylardır sərgilədiyi imitasiya, spekulyasiya heç bir işə yaramır. Bölgəyə mütləq sülh lazımdır. Fəqət, həqiqi bir sülh. Həmin sülhün bərqərar olması üçün isə Ermənistan tərəfi reallıqları gözə almalı, Avropanın üst qurumları və həmin qurumların nümayəndələri faydalı cəhdlər etməli və Azərbaycanın diktə etdiyi şərtlər yerinə yetirilməlidir. Eyni zamanda, Qarabağda məskunlaşan erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağın mümkünlüyü, ilk növbədə, Qarabağa xüsusi missiyalarla göndərilmiş Vardanyanın bölgədəki separat fəaliyyətinə son qoymaqdan keçir. Çünki bu adam xəstə təfəkkürdədir, bu adam cinayətkardır, Avropada çirkli pulların yuyulmasında adı keçən canidir, missionerdir, saxtakardır və kimlərin sifarişi ilə ortada olduğu da məlumdur”, - deyə E.Musayev qeyd edib.
Prezident İlham Əliyevin Konfransın işində və oradakı çıxışlarında bütün həssas mövzulara toxunduğunu diqqətə çatdıran deputat bildirib ki, dövlətimizin başçısı cinayətkar Vardanyanı da ifşa etdi, "Dağlıq Qarabağ” inzibati vahidinin olmadığını da hər kəsin diqqətinə çatdırdı və Paşinyana bütün mövzularda "dərs keçdi”.
"Heç şübhəsiz ki, konfransda bərqərar olan diplomatik üstünlüyümüz Azərbaycanın mövqeyini daha da gücləndirəcək və növbəti uğurlarımız üçün vəsilə olacaq”, - deyə Elşən Musayev bildirib.
Xəbər 5212 dəfə oxunub.