Millət vəkilindən Ərdəbil imam-cüməsinə ilginc cavab: “Ağlı nə kəsir, onu danışır”

Millət vəkilindən Ərdəbil imam-cüməsinə ilginc cavab: “Ağlı nə kəsir, onu danışır”
  • ,

"Mən bir dəfə də söyləmişdim ki, Həsən Amilinin yumor hissi çox güclüdür. Yəqin ki, o, ya növbəti zarafatını edib, yaxud yeni lətifə danışıb”.
Ovqat.com xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev ötən cümə xütbəsində Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanla əlaqədar dilə gətirdiyi fikirləri şərh edərkən deyib.
Xatırladaq ki, imam-cümə 31 dekabr 1989-cu il tarixində heç nə olmadığını və sərhəd hərəkatının 19 gün sonra baş verdiyini bildirmişdi. İranın azərbaycanlı "legionerləri” isə İran ali dini rəhbəri Xamaneinin Ərdəbildəki nümayəndəsinin bu sözlərini əldə rəhbər tutaraq, 19 yanvarı – yəni Qanlı Yanvar matəmindən bir gün əvvəli Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdilər. Bir növ, matəm gününə toy-bayramla girməyi məsləhət bilmişdilər.
Hazırda Azərbaycanın millət vəkili titulunu saxlayan BAXCP sədri isə İrandan ölkəmizə təlqin olunan bu ideoloji bombardımana çox əhəmiyyət verməməyin tərəfdarıdır. Onun fikrincə, milliyyətindən asılı olmayaraq, İran ayətullahlarının fars molla rejiminin qulluqçuları kimi belə danışmalıdırlar və bu cür qərəzli mövqenin Azərbaycan vətəndaşlarına zərrə qədər təsiri ola bilməz:
"Onun nə dediyi məni narahat etmir, çünki Azərbaycanda hamı bilir ki, o tutduğu vəzifəyə görə fars molla  rejiminə xidmət edən çıxışlar etməlidir. Ona görə də bəzən bu istiqamətdə  ağlı nə kəsir onu da danışır. Hər dəfə nəsə yeni-yeni şeylər fikirləşir. Məni sevindirən odur ki, o, azəri desə də, Azərbaycan türkcəsində danışır. Bu qiymətləndirilməlidir. Hərdən Qarabağın ermənilər tərəfindən işğal olunmasını da məscidə gələnlərə xatırladır”.
Millət vəkilinin fikrincə, ayətullahın fikirləri cənublu qardaşlarımıza çox mətləbləri izah edə biləcək mahiyyətdədir və buna görə Amiliyə "əhsən” düşür:  
"Onun qədim Azərbaycan türklərinin torpaqlarının ermənilər tərəfindən işğal olunmasını deməsi və Azərbaycan türkcəsində danışması insanları düşündürür ki, vətəndaşı olduqları İslam Respublikası İran dedikləri kimi güclüdürsə və İslam təəssübkeşidirsə, niyə Azərbaycana kömək etməyib ki, torpaqlarını qorusun, yaxud işğaldan azad etsin. Yaxud işğalçı xristian Ermənistanla fars hakimiyyətinin bu günkü öpüşüb qardaşlaşması nədir?
İrandakı Azərbaycan türkləri düşünürlər ki, cənab Amili bizimlə türkcə danışır, amma bizim öz dilimizdə məktəblərimiz, universitetlərimiz yoxdur. Uşaqlarımız ana dilində təhsil ala bilmir. Əgər başqa dildə danışmaq yaxşı şeydirsə, qoy müsəlman farslar da Quranın nazil olduğu ərəb dilində təhsil alsınlar.
Cənab Amili mütəmadi olaraq Şimali Azərbaycan haqqında danışmaqla Cənubi Azərbaycanlıları  düşünməyə məcbur edir. Hər şeyi o deməli deyil ki. Allah insanlara şüur verib və cənab Amili də bunu bilir. Buna görə o, hörmətə layiqdir”.
 Bununla yanaşı, Qüdrət Həsənquliyev hesab edir ki, hazırda bizim əsas vəzifəmiz İranla viza rejimini aradan qaldırmaq, mədəni və iqtisadi əlaqələri genişləndirmək olmalıdır. "Qalan məsələlər zamanla öz həllini tapacaq”.
Xəbər 1722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR