Millət vəkili MM-də əlillərin təhsili və işlə təminatı ilə bağlı məsələ qaldırıb

Millət vəkili MM-də əlillərin təhsili və işlə təminatı ilə bağlı məsələ qaldırıb

Millət vəkili Q.Paşayeva MM-in komitələrində 2017-ci ilin dövlət büdcəsi müzakirələrində əlillərin təhsili və işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri qaldırıb

Bu gün hökumət üzvlərinin iştirakı ilə keçirilən Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" və  "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q. Paşayeva fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil və işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva  1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib. "Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bir müddət əvvəl bir neçə görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan 1-ci qrup əlil gənclərimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirdilər və çox ağır vəziyyətdə qalmışdılar. Onlara kömək üçün bir neçə qurumlara xahiş müraciət etdik.  Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı." Millət vəkili Qənirə Paşayeva həmçinin əlillərin işlə təminatındakı  problemlərdən danışıb və bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi məsələlər var.  Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxslər, əlillər daha çox işlə təmin olunsunlar.   Bu sahəyə cavabdeh qurumların isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var. Biz əlillərin işlə təminatı məsələsinə xüsusi diqqət ayırmalıyıq. Bir neçə gün əvvəl görmə imkanları məhdud şəxslərin işlə təminatı məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov və Təhsil naziri Mikayıl Cabbarovla geniş müzakirələr etdiyini deyən millət vəkili Q. Paşayeva Milli Məclisdə görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən danışıb və onların qısa zamanda həllinin vacibliyini xüsusi vurğulayıb. Q. Paşayeva bildirib ki, onlar arasında elə gənclər var ki ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar, amma buna baxmayaraq özlərinə iş tapa bilmirlər. Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır. Onların işlə təmin olunması görmə imkanları məhdud minlərlə uşaq və gəncimizi ali təhsilə meyilləndirmək üçün böyük bir stimul olar. Millət vəkili Q.Paşayeva Millii Məclisdəki çıxışında Təhsil naziri Mikayıl Cabbarova  bu istiqamətdə bir neçə gəncin işlə təmin olunması ilə bağlı xahiş müraciəti göndərdiyini də deyib:”Müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənc bununla bağlı mənə müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik. Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid edirik ki, Təhsil nazirimiz bu qrup gənc mütəxəssislərin işlə təmini məsələsinə xüsusi diqqət ayıracaq və onlar işlə təmin olunacaq”.
 
Aktual.az
Xəbər 802 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR