Azərbaycanda orta məktəblərdə qəbul edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilməməsi ilə bağlı bir neçə gün öncə imzalanan qərar təbii sual doğurur: belə bir presedent hansı türk-müsəlman ölkəsində var?
Aktual.az xəbər verir ki, Türkiyənin "Yavru Vətən” adlandırdığı, iqtisadi, sosial, beynəlxalq siyasəti Türkiyəsiz təsəvvür edilməyən Şimali Kipr Türk Cümhuriyyətində orta və ali təhsil müəssisələrində hicab məsələsi 2025-ci ildə ciddi mübahisələrə səbəb olub.
Orta məktəb və liseylərdə 2025-ci ilin mart-aprelinə qədər dini simvollar, o cümlədən baş örtüyü (hicab/türban) qadağan idi.
2025-ci ilin martında Nazirlər Kabineti intizam nizamnaməsinə dəyişiklik edərək, liseylərdə (orta təhsilin yuxarı pilləsi) şagirdlərə məktəb formasını tam örtməmək şərti ilə inancına uyğun baş örtüyü taxmağa icazə verdi. Orta məktəblərdə isə qərar məktəb rəhbərliyinə buraxıldı. Üzü tam örtən geyimlər (niqab, burqa, peçe) qadağan olaraq qaldı.
Lakin 25 sentyabr 2025-ci ildə Ali Məhkəmə bu nizamnamə dəyişikliyini Konstitusiyaya zidd hesab edərək ləğv etdi. Nəticədə vəziyyət 2025-ci ilin martından əvvəlki statusa qayıtdı və orta məktəblərdə dini simvollar və baş örtüyü qadağan edildi.
Qazaxıstanda 2016-cı ildən Təhsil Nazirliyinin məktəb forması haqqında qərarı ilə hər hansı dini mənsubiyyəti göstərən geyim elementləri, o cümlədən hicab qadağan edilib. Bu qayda həm şagirdlərə, həm də müəllimlərə şamil olunur.
2023-cü ildə qadağa daha da sərtləşdirilib, 2026-cı ildə isə Təhsil Nazirliyi qaydaya əməl etməyən xüsusi məktəblərin lisenziyasının ləğv oluna biləcəyini elan edib.
Özbəkistan 2018-ci ildən orta məktəblərdə dini mənsubiyyəti əks etdirən elementlərin (hicab daxil) istifadəsini qadağan edib və məktəblərin daxilində baş örtüyünə icazə vermir. 2021-ci ildə isə istisna olaraq milli üslubda ağ və ya açıq rəngli "romol” adlanan (boyunun arxasından bağlanan baş örtüyü) və ya "doppi” (milli papaq) taxmağa icazə verilib.
Qırğızıstan regionda hicaba rəsmi qadağa qoymayan yeganə ölkədir. Məktəblərdə hicaba icazə verilir, baxmayaraq ki, bəzi yerlərdə forma qaydaları ilə bağlı lokal mübahisələr baş verib. Son illərdə niqab qadağan edilib, lakin sadə hicaba nisbətən dözüm nümayiş etdirilir.
Türkmənistanda şagirdlərin geyimi hökumət tərəfindən ciddi şəkildə tənzimlənir. Dövlət tərəfindən təyin olunmuş milli geyim tətbiq edilir. Hicab praktiki olaraq qəbul edilmir, yalnız milli baş örtükləri olmalıdır, qadınlar (müəllim və şagirdlər daxil) dövlətin müəyyən etdiyi üsluba uyğun geyinməlidir.
Rusiya Federasiyasının Tatarıstan Respublikasında dövlət səviyyəsində məktəblərdə baş örtüyünün (hicab və ya sadə platon) taxılmasına dair birbaşa qadağa mövcud deyil. 2013-cü ildən məktəblər dünyəvi geyim tələb edir.
Orta Asiyanın digər ölkəsi Tacikistan 2007-ci ildən məktəb və universitetlərdə hicabı (həmçinin qısa ətək) qadağan edib. 2024-cü ildə "milli mədəniyyətə yad geyimlər”in idxalı, satışı, təbliği və istifadəsi qadağan olunub. Hətta bu qadağaları pozanları yüksək cərimələr gözləyir.
Hicablı qızlar və qadınlar Tacikistanda dövlət müəssisələrinə, o cümlədən məktəblərə daxil olarkən məhdudiyyətlərlə üzləşirlər.
Xəbər 16 dəfə oxunub.