İkiyə bölünmüş Azərbaycan – Gülüstan müqaviləsi

İkiyə bölünmüş Azərbaycan – Gülüstan müqaviləsi

Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində  201 il bundan əvvəl imzalanmış, xalqımızı iki yerə ayıran "Gülüstan müqaviləsi" dəhşətli hadisəyə şahidlik edib.


Belə ki, 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində bağlanan müqaviləylə Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Bu günkü tarix Azərbaycan türklərinin taleyində ən kədərli günlərdən biridir. Məhz o gün imzalanan "Gülüstan sülh müqaviləsi" torpaqlarımızın parçalanmasına gətirib çıxardı.


12 oktyabr dövlətçilik tariximizdə, xalqımızın həyatında ən faciəli gündür. Fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən doğma xalqımızın aqibətinə hələlik davam edən əbədi ayrılıq, parçalanma yazıldı. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətimiz əlimizdən çıxdı.

"Gülüstan müqaviləsi"ndə bircə dəfə də olsun "Azərbaycan" adına rast gəlinmir. "Türkmənçay müqaviləsi"ndə də Azərbaycanın adı göstərilməyib. Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra "əbədi dostluq şəraitində yaşayacaqlarına" söz verdilər.


1813 -cü ilin  12 oktyabrında Gülüstan kəndində  birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalandı. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil oldu. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya  tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şm Azərbaycan  xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.


Rusiya tarixşünaslığında “sülh müqaviləsi” kimi yad edilən bu hadisə, əslində Rusiya ilə müharibədə uduzmuş Qacar İranının Qafqazdan Rusiyanın xeyrinə əl çəkməsi idi. Çünki, bu müqavilənin şərtlərinə görə,  Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyanın təbəəliyinə keçirdi. Sonradan, 1828-ci ildə, ikinci Rusiya-İran müharibəsindən sonra, Türkmənçay kəndində daha bir “sülh” müqaviləsi imzalanacaq və bu dəfə Naxçıvan və İrəvan xanlıqları da Rusiyaya qatılacaqdı.


Yaddan çıxarmaq olmaz ki, Gülüstan müqaviləsi ilə təkcə müasir Azərbaycan Respublikasına aid torpaqlar deyil, həm də Dağıstan camaatlıqları və Gürcü çarlıqları Rusiyanın ixtiyarına keçmişdi. Baxmayaraq ki, Tehranda gürcü çarlarını hələ də xan adlandırırdılar, lakin gürcülər üçün başçılar çar idilər və Rusiya da Cənubi Qafqazda ilk müqaviləsini məhz Gürcüstan çarlığı ilə imzlamışdı.


Əslində, Gülüstan müqaviləsi ilə, gələcək Gürcüstan və Azərbaycan respublikalarının ən azı cənub sərhədləri çəkilmişdi.


1918-ci ildə Azərbaycan və Gürcüstan (əsasən Azərbaycan) öz ərazilərindən kəsib Ermənistan Respublikasının yaradılmasına yardım etdilər. Ermənistan Respublikası 1828-ci il Türkmənçay müqaviləsi əsasında İrandan Rusiyaya keçən İrəvan xanlığının ərazisində qurulmuşdu. Əslində, tarixən İranın özü də bu əraziləri işğal etmiş, ən azı Şirvanşahlar dövlətini yer üzündən silmişdi.


Yəni lap dərinə gedəndə, bu torpaqlar Rusiyanın olmadığı kimi, tam mənasında İranın da deyildi. Lakin iki yüz il əvvəl oynanan bu tarixi dramda başqa iştirakçılar da vardı. Onlardan ən mühümü Osmanlı İmperiyası idi. Əslində Gülüstan müqaviləsinin imzalanması üçün İstanbul sarayının da rəsmi razılığı lazım olmuşdu.


Lakin Azərbaycan tarixində, ədəbiyyatında və ictimai şüurunda bu iki müqavilə ilə bağlı yaranmış – “ikiyə bölünmüş Azərbaycan” məfhumu var.


Gülüstan müqaviləsi nəticəsində bu toplum bir gecənin içərisində iki ayrı-ayrı dövlətin hüquqi sferasına düşdü.


Alimlərin fikrincə, bu ayrılıq 19-cu əsrdə o qədər də hiss olunmurdu, lakin 20-ci əsrdən etibarən toplumun ikiyə bölünmüş hissələri arasındakı fərq modernləşmə və şəhərləşmə nəticəsində sürətlə artmağa başladı. Bununla da eyni bir etnolinqvistik toplum və ya əhali, daha doğrusu xalq iki ayrı mədəni inkişaf layihəsinə cəlb olundu.


Bu tarixi faciədən iki əsrə yaxın zaman keçidində  doğranmış, parçalanmış, bölünmüş Azərbaycanın doğduğu Məmməd Araz haray çəkdi:


Ayağa dur, Azərbaycan!


Nə yatmısan qoca vulkan, səninləyəm!

Ayağa dur Azərbaycan, səninləyəm!


Səndən qeyri,

biz hər şeyi bölə billik.

Səndən qeyri,

biz hamımız ölə billik.

Bu Şəhriyar harayıdır,

Bu Bəxtiyar harayıdır.

Ayağa dur Azərbaycan! 

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir:

- Nər oğlu nər, səninləyəm!

Səninləyəm silah tutan,

kulung tutan, yaba tutan,

Kösöy tutan nişanlı ər səninləyəm! 

Səninləyəm qız atası,

Hanı nərən, hanı səsin? 

Hani andın?


Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın? 

Gözünü sil vətən oğlu,

Ayağa qalx! 

Üfüqünə bir yaxşı bax,

Sərhədinə bir yaxşı bax,

Sərhədinin kəməndinə bir yaxşı bax! 

Dur içindən qorxunu boğ,

Ölümünlə qalımını ayırd elə.

Dur içindən dovşanı qov,

Dur özünü Boz Qurd elə!


Varım – yoxum səninləyəm,

Azım – çoxum səninləyəm,

Şirin yuxum səninləyəm.

Yıxın məni söz atından,

Atın məni tank altına,

Əzin məni xıncım-xıncım 

Kəsmir əgər söz qılıncım.

Didin məni didim – didim,

Atın məni tank altına.

Qundaqdakı bir körpəni xilas edim,


Səninləyəm,

Sözü qəmli, özü dəmli 

rəhbər adam! 

1918 -də vuruşurdu 

danışmırdı rəncbər atan,

rəncbər atam!


Oyat bizi ey yaradan, səninləyəm!

Ya birmərrə yatırt bizi,

Ya birmərrə oyat bizi.

Ya yenidən yarat bizi! 

Ey yaradan, səninləyəm! 

Səninləyəm, yatmış vulkan.

Səninləyəm! 

Ayağa dur Azərbaycan,

Səninləyəm! 


BÜTÖVLÜYÜMÜZ UĞRUNDA (Zəngəzur İnformasiya Agentliyi)


Xəbər 17309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR