"Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Dünya ölkələrini saran iqtisadi böhran ABŞ və Avropa Birliyi, Yaponiya və Avstraliyadan tutmuş, Polineziyadakı kiçik ada dövlətlərədək sirayət edib. Sabit dönər valyutaların kurs ləngərləri, enerjidaşıyıcılarının ucuzlaşması, Yaxın Şərq və Şimali Afrikanın faktiki olaraq xaos bölgələrinə çevrilməsi, İŞİD başda olmaqla müxtəlif terror təşkilatlarının sivil dünya üçün real təhdidə çevrilmələri, ən nəhayət Suriya, İraq və Yəməndəki olaylara müdaxilə edən dövlətlərin sayının artması onsuz da gərgin qlobal situasiyanı daha da ağırlaşdırıb.
Postsovet məkanındakı durum da ürəkaçan deyil. Ukraynadan başlayaraq Qırğızıstanadək uzanan geosiyasi qeyri-stabillik zolağında Qərbin sərt sanksiyalar tətbiq etdiyi Rusiya da var.
Belə şəraitdə Azərbaycan iqtisadiyyatının kənar zərbələrdən yan keçməsi mümkün deyildi və olmadı da.
Lakin ölkə daxilindəki "müstəqil analitik"lərin, xaricdəki bədxahların dediklərinin tam əksinə olaraq, Azərbaycan iqtisadiyyatı "çökməyib".
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı son illər sürətlə davam etdiyindən xam neft və təbii qaz satışından əldə olunan gəlirlər büdcənin mədaxil hissəsinin əksəriyyətini təşkil edir artıq.
Bir düşünün: neft hasil edən və satan ölkələr arasında Azərbaycan faktiki olaraq yeganə dövlətdir ki, nə "qara qızıl", nə də təbii qazın dünya bazarlarında satış qiymətlərinin kəskin ucuzlaşması iqtisadiyyatda kollaps yaradaraq əhalinin rifahına xəncər zərbəsi endirmədi.
Halbuki Rusiya, Səudiyyə Ərəbistanı və Qətər başda olmaqla, 24 ölkədə gəlirlər azalıb, iqtisadiyyatlarda ən yaxşı halda staqnasiya prosesləri yaşanır, inflyasiya artıb, bəzi dövlətlərdə isə hiperinflyasiya başlanıb.
Rəsmi Bakı əslində Qərb və Şərq üçün "paradoks"dur.
İqtisadiyyatımızda rəqabət qabiliyyəti artıb və neft gəlirlərimizin ən yüksək həddə olduğu illərlə müqayisədə Azərbaycan müvafiq reytinqlərdə irəliləyib.
Hazırda ölkəmiz qlobal iqtisadi rəqabət qabiliyyəti reytinqində dünya ölkələri arasında 40-cı yeri tutur. Beynəlxalq "Fitch" reytinq agentliyi də ölkə iqtisadiyyatına 3B investisiya reytinqi verib.
Bu, bölgədə iqtisadi-maliyyə böhranının davam etdiyi və dərinləşdiyi şəraitdə Azərbaycanın yüksək göstəricisidir.
Fəqət, rahatlaşmaq, uğurlara nail olduğumuzu düşünüb ətalətə qapılmaq çox tezdir. Hətta yolverilməzdir.
Çünki ölkə iqtisadiyyatının irəliləyişini, inkişafımızı əngəlləyən amillər var.
Daha doğrusu, ünsürlər.
Onlar rüşvətxor məmurlar, vəzifə səlahiyyətlərini sadəcə, varlanma mənbəyi sayanlar və süni inhisarlar yaradıb postundan faydalanan, vətəndaşların istismarı hesabına harınlayanlar, qanunları heçə sayanlardır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında belələrinə son, çox sərt xəbərdarlıq edib.

Qanunsuz yoxlamalar yığışdırılmalıdır

"Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ ki, tam oturuşmayıb.

Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir". Bunu dövlət başçısı dedi.

Sahibkarları boğurlar, soyurlar, incidirlər

Dövlət başçısının dediyinə görə, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır.

Prezident İlham Əliyev bəyan etdi: "Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər".

Göründüyü kimi, çox konkret, praqmatik və yetərincə açıq messicdir. Yerli icra hakimiyyəti orqanları və hüquq-mühafizə strukturları işlərində kəskin dönüş yaratmalı, rüşvətxor elementlərin cəzalandırılmasını təmin etməlidirlər.

Eyni zamanda, iş yerlərinin sahibləri əməkdaşı ilə bağlı qanunsuzluqlarını bundan sonra da davam etdirə biləcəklərini düşünürlərsə, kökündən yanılırlar.

Sahibkarlara normal iş şəraitinin yaradılması heç də onlara tam indulgensiya verilməsi deyil. Əksinə, özəl strukturların rəhbərləri qanun çərçivəsindən bir mikron kənara çıxacaq əməlin mütləq cəzalandırılacağını anlamalı, süni işsizlik yaratmağa çalışmamalı, yalnız gəliri düşünməməli, çalışanların haqlarını və hüquqlarını təmin etməlidirlər.

İdxalla bağlı inhisarçılığa son

Azərbaycan iqtisadiyyatının ən ağrılı, ən ciddi problemlərindən biri süni inhisarçılıqdır ki, onu da bəlli, yaradanların tam əksəriyyəti vəzifələrindən sui-istifadə edən məmurlar və özlərini toxunulmaz hesab edən bir para iş adamlarıdır.
Prezident İlham Əliyev belələri barədə də danışıb: "İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz.

Qoy hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!"

İnhisarçılığın Azərbaycana idxal olunan məhsullarda daha qabarıq şəkildə nəzərə çarpdığı sirr deyil. Bundan belə situasiya dəyişəcək, inhisarçılar "süni imperiya"ları ilə vidalaşmalı olacaqlar.

... Dünya bazarında neft və təbii qazın satış qiymətləri ucuzlaşıb, maliyyə böhranı davam edir.
Amma hər şeyə rəğmən, Azərbaycanın inkişafı davam edəcək.

Çünki inkişaf strategiyası düşünülmüş proqrama, praqmatik kursa və ən başlıcası, vətəndaşın rifahının yüksəldilməsi, dövlətin mövqelərinin daha da güclənməsi məqsədinə xidmət edir.

Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR