Gürcü nazir: "Azərbaycan bizim strateji tərəfdaşımızdır"

Gürcü nazir:

“Biz hər il Rusiya ilə tranzit vasitəsilə qaz almaq barədə müqavilə imzalayırıq. Hər il biz belə bir müqaviləni yeniləyirik. Dekabr ayınadək hələ bizim vaxtımız var və biz bu barədə "Qazprom" ilə danışıqlar aparacağıq. Fikirləşirəm ki, hər şey yaxşı olacaq”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri APA-ya eksklüziv açıqlamasında Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, Azərbaycan qazı Gürcüstan hakimiyyəti üçün prioritetdir: "Azərbaycan qazı nəinki bizim üçün prioritetdir, eləcə də Azərbaycan bir ölkə olaraq bizim strateji tərəfdaşımızdır. Biz Azərbaycan ilə uzun illərdir ki, birgə işləyirik, dostluq edirik, çox yüksək səviyyədə dostluq münasibətlərimiz var və bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri bunu sübut edir. Bizim onunla yüksək səviyyədə görüşlərimiz oldu və biz hər bir sahədə razılığa gəldik. Azərbaycanın qaz saxlanılması layihəsində iştirak etmək üçün böyük marağı var və biz gələn il Gürcüstanda bu layihənin tikintisinə başlayacağıq. Bir sözlə, Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır və bu dostluq münasibətləri davam edəcək".

Qeyd edək ki, Gürcüstanın kütləvi informasiya vasitələri "Qazprom" və Gürcüstan hakimiyyətinin son aylar danışıqlarını və Rusiya ilə qaz sahəsində münasibətlər qurmaq cəhdini siyasi qərar hesab edib. Bu xəbərə münasibət bildirən energetika naziri Kaxa Kaladze bunun yalan olduğunu bildirib: "Bu xəbər yalandır. Gürcüstanda "Milli Hərəkat" adlı müxalifət var və onlar çalışırlar ki, bu münasibətləri siyasi istiqamətə yönəltsinlər. Bu, düz deyil. Bu, təmiz kommersiya müqaviləsidir ki, biz Rusiya ilə hər il imzalayırıq. Biz müqavilə imzalayaraq əlavə qaz alırıq və bu istiqamətdə heç bir problem yoxdur".

Gürcüstanın energetika naziri Azərbaycan və Rusiya qazının qiymətini açıqlamayıb: "Bizdə hələ qiymətlər yoxdur və "Qazprom"dan bu barədə informasiya almamışıq, lakin ötən illərdə biz əlavə olaraq kommersiya qazı almışıq və onda Rusiya qazı Azərbaycan qazından bir qədər baha idi, lakin biz ölkənin daxilində qaz təchizatı üçün, kommersiya obyektləri üçün qaz lazım olduğu üçün "Qazprom"dan əlavə qaz aldıq".

Energetika naziri İrandan Ermənistandan keçməklə qaz boru çəkilişinə də münasibət bildirib: "Biz hələ gözləyirik ki, bu istiqamətdə İran ilə münasibətlərimiz necə olacaq, əlbəttə, əgər imkan olarsa, biz bu məsələni müzakirə edəcəyik".

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR