Gecə yarısı qətl – İsa Nəcəfovun siyasi publisistik pomanı

Gecə yarısı qətl – İsa Nəcəfovun siyasi publisistik pomanı

Əvvəli: https://aktual.az/gece-yarisi-qetl-isa-necefovun-siyasi-publisist-pomani/ 

 

II FƏSİL

 

 

     1994-cü il sentyabrın 20-də Bakıda respublika üçün müstəsna əhəmiyyətli hadisə baş verdi: Azərbaycan Qərbin neft şirkətləri konsorsiumu ilə Xəzərdə 3 iri dəniz yatağının birgə istismarı haqqında müqavilə bağladı.

     Bu mərasimin bir böyük rəmzi mənası da bunda idi ki, o, "Gülüstan” sarayında keçirilirdi. Məlumdur ki, 1813-cü ildə eyni adlı Gülüstan kəndində Azərbaycan millətini ikiyə parçalanmış müqavilə bağlanmışdı. Onun əsasında cənub əraziləri İran dövlətinə qatılmış, şimal hissəsi isə Rusiyanın himayəsi altına keçmişdir. 180 ildən sonra Heydər Əliyev tarixi ədaləti bərpa etmiş, "Gülüstan” adını "azadlıq və istiqlaliyyət” sözlərinin sinoniminə çevirmişdir.

     Prezident Heydər Əliyevin təbiri ilə "Əsrin müqaviləsi” adını almış birinci neft müqaviləsi imzalandıqdan sonra, Qərbin aparıcı dövlətlərinin (ilk növbədə də şirkətləri konsorsiuma daxil olmuş ABŞ və Böyük Britaniyanın) Zaqafqaziyada geosiyasi sabitliyə olan marağı qat-qat artdı. Lakin "Əsrin müqaviləsi”nin həyata keçirilməsinə hər cür vasitələrlə mane olmağa can atan qüvvələrin işləri dolaşığa salmaq cəhdləri eyni həndəsi silsiləylə artmış oldu.

     Mənafelər kəllə-kəlləyə gəldi. Və bundan sonra hasil olan nəticələri çox gözləmək lazım gəlmədi.

     ... 1994-cü il sentyabrın 21-dən 22-ə keçən gecə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasınfan bir neçə məhbus qaçdı. Onların sırasında keçmiş müdafiə naziri Rəhim Qazıyev, müdafiə nazirinin keçmiş müavini Baba Nəzərli, AXC-nin rəhbərlərindən olan Arif Paşayev və talış separatçılarının lideri Əlikram Hümbətov da var.

     1994-cü il sentyabrın 29-da iki terror aktı törədilir- respublika Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir.

      1994-cü il oktyabrın 2-də Mahir və Rövşən Cavadovlar başda olmaqla Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup üzvü respublika prokurorluğuna silahlı basqın edir.

      1994-cü il oktyabrın 4-də baş nazir Surət Hüseynovun tərəfdarlarından ibarət silhalı dəstələr Gəncədə şəhər daxili işlər idarəsi rəisinin dəstəyi ilə inzibati binaları, MTN-nin rayon şöbəsini, prokurorluğu, televiziyanı, poçtu, hava limanını zəbt edirlər.

      Oktyabrın 4-dən 5-ə keçən gecə ölkə prezidenti Heydər Əliyev qanuni hakimiyyəti və Konstitusiyanı müdafiə etmək xahişi ilə xalqa müraciət edir...

      Həmişəlik yaddaşlara çökmüş həmin faciəli hadisələrin xronologiyası belədir. Bu nəhs olaylar zəncirində mərkəzi həlqə- iki dövlət xadiminin qətlə yetirilməsi və Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) baş prokurorluq binasına basqınıdır ki, bunlar hökumət əleyhinə qiyamən başlanması üçün bir növ siqnal olmuşdu. Oktyabr çevrilişi tarixçəsində bu iki epizod ən az öyrənilmiş səhifədir. Halbuki, məhz bu olaylar 90-cı illərin ortalarında ölkəni lərzəyə salan kəskin siyasi təbəddülat və dönüşlərin ilkin səbəbini, köklərini, mənbələrini daha dərindən anlamağa imkan verir.

     Povest sənədli faktların, mövcud hadisələrin bilavasitə iştirakçıları və şahidləri ilə söhbətlərin, 215/69494, 20940, 10/293, 69447 saylı və sair çoxcildli cinayət işlərinin təhlili əsasında qələmə alınmışdır. Kitabdakı bütün adlar və soyadlar həqiqidir.

 

 

 

III FƏSİL

 

 

     1994-cü il sentyabrın 29-da, saat 23:30-da Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Nuru oğlu Rəhimov "Qızıl Şərq” hərbi şəhərciyində yerləşən evinin girişində naməlum şəxslər tərəfindən qətlə yetirildi. Hadisə yerində Makarov və Steçkin tipli tapançalar üçün patronların 4 boş gilizi və 2 gülləsi aşkar edildi. Eynən bu cür iki güllə də məhkəmə-tibb müayinəsi zamanı öldürülənin bədənindən çıxarıldı. Polkovnikin ölümü baş beyin maddəsinin dağılması və kəllə sümüklərinin sınması ilə müşayiət edilən ikitərəfli odlu silah yarası nəticəsində baş vermişdi.

     Hadisə yerinə hamıdan əvvəl Bakı şəhər Yasamal rayonu polis idarəsinin rəisi Zakir Babayev özünü yetirmişdi. Bunda da bir qanunauyğunluq vardı.

     ... MTN-nin istintaq təcridxanasından dörd nəfər cinayətkar qaçırıldıqdan sonra polkovnik Babayev dincliyini itirmişdi. İlk baxışda bu hadisənin onun başçılıq etdiyi idarəyə heç bir dəxli yox idi. Lakin Daxili işlər orqanlarında 30 ildən çox "külüng çalmış” polkovnik sözün əsl mənasında öz işinin ustası idi. O başa düşürdü ki, bi olay yeni cinayətlər üçün nümunə rolunu oynaya bilər. Polkovnik son günlər axşamdan xeyli keçənə qədər öz iş otağında oturur, sonrakı mümkün hadisələrin gedişi üzərində çaş sındırır, variantları hesablayırdı. Lakin sentyabrın 29-da axşam təxminən saat 10-da növbətçi hissədən daxil olmuş məlumat onun üçün tamamilə gözlənilməz oldu: bir neçə dəqiqə əvvəl Səbail rayonu ərazisində, Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir.

     "Budur, başlandı!”- deyə polkovnik fikirləşdi və selektorun düyməsini basdı.

-          Məmməd, yerindəsən?

-          Bəli, rəsi, - idarənin əməliyyat işləri üzrə rəsi müavini podpolkovnik Mikayılov cavab

verdi.

-          Təzə xəbəri eşitdin?

-          İndicə növbətçi otağından xəbər verdilər.

-          Düş aşağıya, hadisə yerinə getməliyik. Ola bilsin kömək lazım olacaq!

     ... İki saatdan sonra polkovnik idarəyə qayıtdı. Ürəyindən qara qanlar axırdı. O başa düşürdü ki, Afiyəddin Cəlilovun qatilləri hakimiyyətə açıqdan açığa meydan oxuyur və təkcə bu cinayətlə iş bitməyəcək. Hər bir an bunun davamını gözləmək olar.

     Podpolkovnik Mikayılov qapının ağzında göstərişə müntəzir dayanmışdı. Sonra dözməyib:

-          Rəsi, nə etmək lazımdı? – soruşdu.

Polkovnik Babayev dərindən köksünü ötürdü.

-          İdarənin bütün şəxsi heyətini həyəcan siqnalı ilə qaldır. Göstəriş ver ki, rayonun bütün giriş və çıxış yollarını qapasınlar. Hər bir şübhəli maşın ən ciddi müayinədən keçirilməlidir.   

Polkovnik qol saatına baxdı. Axşam saat 11-ə qalırdı.

-          Mənim yerimə burda qalarsan. Mənsə Çingizlə 26-cı bölməyə baş çəkməliyəm. Onların ciddi iş rejiminə keçid haqqında əmri necə yerinə yetirdiklərini yoxlamaq istəyirəm.

Yarım saatdan sonra ratsiya ilə polkovnikə daha bir qətl xəbəri çatdırıldı: Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov Şahbazi küçəsindəki 102 saylı binanın girişində vurulub.

-          Alçaqlar! – polkovnik naməlum terrorçuları ürəyində söydü, sonra da qeyri-iradi: "hələlik naməlumdur, gec-tez biləcəyik”, - deyə düşündü və yenə qol saatına baxdı. Saat on ikiyə iyirmi dəqiqə qalırdı.

 İrəlidə onu əzablı və gərgin gecə gözləyirdi.

 

IV FƏSİL

 

Şəmsi Rəhimov birinci və ikinci mərtəbələrin arasındakı meydançada üzüqoylu qalmışdı. Bir əlində qəzet sıxmışdı. Azca aralıda şlyapası düşmüşdü. Polkovnikin mənzilinin qapısı taybatay açıq idi. Kandarda orta yaşlı, xoşsifət bir qadın dayanmışdı. Hönkürüb qışqırmasın deyə ağzını əliylə sıxaraq, xısın-xısın ağlayırdı.

      Polkovnik Babayev cəsədin üzərinə əyilən kimi, sərraf gözüylə Makarov tapançasından açılmış iki gilizi dərhal sezdi. Biri qapının ağzındakı rezin ayaqsilənin altına diyirlənmiş, digəri qonşu qapının kandarına düşmüşdü.

-          Təcili yardım çağırmısız? – deyə o, qadından xəbər aldı.

-          Bilmirəm.

Babayev təəccüblə Rəhimovun arvadına baxdı.

-          Mən Xüsusi İdarəyə zəng vurdum, - qadın ağlaya-ağlaya dedi. – Orda dedilər ki, gəlirlər, "Təcili yardım”a da özləri zəng edəcəklər.

      Həkimlər tələsməyə bilərdi. Polkovnik Rəhimov yerindəcə keçinmişdi. Burada daha heç bir kömək edə bilməyəcəyini başa düşən Babayev küçəyə çıxdı.

-          Binanı nəzarət altına götürün. Əməliyyat-istintaq işinə başlayın, - deyə öz əməkdaşlarına göstəriş verdi.

Tezliklə ilk mühüm məlumat daxil oldu. Polkovnik Rəhimovun yaşadığı evin beş yüz

metrliyində, İnşaatçılar prospektində 6 nömrəli polis postu yerləşirdi. Növbətçi bildirdi ki, bundan az əvvəl postun yanından böyük sürətlə açıq rənglu "Jiquli” ötüb küçib. Maşın sağa burulub və dayanmaq göstərişinə baxmayaraq, sürətini azaltmadan aradn çıxıb.

        Daha bir saatdan sonra polkovnik Babayevin yanına bir cavan oğlan gətirdilər. Məlum oldu ki, onu həmin altıncı postda saxlayıblar və o, növbətçidən Şəmsi Rəhimovun öldürüldüyünü eşidəndə bildirib ki, deyəsən, qatili görüb.

-          Bala, gördüklərini ətraflı danış. Ancaq xahiş edirəm, tələsmə, - oğlandan da çox həyəcan keçirən polkovnik dedi.

... Axşam təxminən on bir radələrində hamilə arvadını sancı tutub. Rauf "təcili yardım”

Çağırmayıb (məgər ona ümid etməkmi olar), özü arvadını doğum evinə çatdırmaq istəyib. Yaxşı ki, son günlər maşını giriş qapısının yanında hazır saxlayırdı. Arvadı yır-yığış edənə qədər o, motoru qızdırmaq üçün həyətə düşəndə, binanın qənşərində dayanmış təptəzə yeddilik "Jiquli”ni görüb. Sükanın arxasında cavan oğlan əyləşibmiş. Əgər Şəmsi Rəhimovun yaşadığı binanın giriş qapısından iki kişi qaçaraq çıxıb, onları gözləyən maşının içinə hövlnak təpilməsəydilər, fikri arvadının yanında olan Rauf, bəlkə də, buna məhəl qoymayacaqdı. Maşın sürətlə yerindən götürülüb. Giriş qapısı üzərində asılmış fənərin sönük işığında Rauf yalnız maşının nömrəsinin birinci rəqəmini və seriyasının axırıncı iki hərfini sezə bilib: " 7”və "MT”.

      "Moskva nömrəsidir. Olmaya izlər Rusiyaya aparır?”- polkovnik düşündü və dərhal da, bu günlər "Gülüstan” sarayında imzalanmış neft müqaviləsini xatırladı. Lakin qətlin səbəbləri üzərində baş sındırmağa vaxt yox idi. İndi başlıcası terrorçuların izinə düşməkdi. Şəmsi Rəhimovun qonşusunun verdiyi məlumat qızıl qiymətindəydi. " 7” rəqəmindən və iki hərfdən savayı, cavan oğlan digər detalları, məsələn, maşının arxa sol qanadındakı antenanı da yadında saxlamışdı. Hə, bir də, maşının altının yolun ortasındakı çalanın kənarına dəydiyini sezmişdi.

      Polkovnik Babayev yubanmadan əməliyyatçılara Haqverdiyev küçəsindəki maşın yolunun asfalt örtüyünün həqiqətən də dağılmış sahəsini müayinə etmək əmrini verdi. Çalanın dibində üstü köz bağlamış 14 metal əşya aşkar edildi. Özlərini hadisə yerinə çatdıran Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tapıntını ekspertiza üçün götürdülər. Polkovnik Babayev isə idarəyə tələsdi. Rəhbərliklə əlaqə saxlamaq və əməliyyat işinin ilk nəticələri barəsində məlumat vermək lazım idi.

 

davamı var...
Xəbər 4906 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR