Ət alarkən ehtiyatlı olun!

Ət alarkən  ehtiyatlı olun!

Azərbaycanın bir sıra bölgələrində heyvanlar arasında bruselyoz xəstəliyi aşkar edilib. 200-dən çox insanın bu xəstəliyə yoluxması halı da qeydə alınıb.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli Şabranda heyvanlar arasında bruselyoz xəstəliyinin yayılması haqqında məlumatlara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Şabranda heyvanlar arasında bruselyoz xəstəliyinin yayılması haqqında məlumat qətiyyən həqiqətə uyğun deyil:

"Şabranda bruselyoz xəstəliyi yayılmayıb, bu, yanlış fikirdir. Sadəcə belə faktlar aşkar edilib. Bruselyoz xəstəliyi təkcə Şabran rayonunda yox, bir sıra digər rayonlarda da aşkar edilib. Aşkar edilən xəstəlik təlimata uyğun şəkildə zərərsizləşdirilib.
Bizim epizootik tədbirlər planımız var. Təkcə Plana əsasən, respublika ərazisində iribuynuzlu heyvanlardan qan nümunələri götürülür, xırdabuynuzlu heyvanlar isə göz-damla üsulu ilə vaksinasiya edilirlər. Aparılan müayinələr zamanı bu ilin 9 ayı ərzində 1017 baş iribuynuzlu, 731 baş xırdabuynuzlu heyvanda bruselyoz xəstəliyi aşkar edilib. Onlar təsərrüfatlardan çıxarılaraq zərərsizləşdirilib. 1476297 baş heyvanda isə vaksinasiya tədbirləri aparılıb. 10 il əvvəllə müqayisə etdikdə bruselyoz xəstəliyinin yayılma səviyyəsi 2 dəfədən çox aşağı düşüb. Əgər insanlar arasında 700-800 nəfərdə bruselyoz xəstəliyi qeydə alınırdısa, bu il bu rəqəm 210 nəfər olub".

DBNX-nın sözçüsü ölkədə bruselyoza qarşı ekspertiza aparmağın mümkün olmadığı haqqında ittihamlara da cavab verib: "Əgər bruselyozu ekspertiza etmək mümkün deyilsə, onda bəs bu xəstəliklər necə aşkar edilib? Həm Respublika Baytarlıq Laboratoriyasında, həm zona-baytarlıq laboratoriyalarında, həm də diaqnostik kabinetlərdə bruselyoz xəstəliynin asanlıqla müayinəsi aparılır və lazımi tədbirlər görülür. Bu ilin 9 ayı ərzində 981683 baş iribuynuzlu heyvandan, xırdabuynuzlu heyvandan - 149 185 baş ana qoyunlardan və 137 736 baş qoçdan qan götürülüb".

Qeyd edək ki, azadliq.info xəbər verir ki, Şabranda heyvanlar arasında bruselyoz xəstəliyi yayılıb. Rayondan verilən xəbərdə bildirilir ki, keçən illə müqayisədə bu xəstəliyə yoluxma halları azalsa da, mal-qara arasında yayılan xəstəlik faktları bununla bağlı təcili tədbirlər görməyə əsas verir. Xəstə heyvanların ətinin istehlakçılara satılması faktları indiyədək az olmayıb. Bu mənada, bruselyozlu heyvanların ətinin bazarda satılması da istisna deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu xəstəliyə yoluxan mal-qaranı tanımaq elə də çətin deyil. Kənd təsərrüfatıyla məşğul olan insanlar sözügedən xəstəliyə yoluxmanın heyvanların büzüşməsi, ağzından su axması və dilinin üstündə yara olmasıyla xarakterizə olunduğunu bildirirlər. Eyyub Hüseynovun sözlərinə görə, xəstəliyin insanlara keçmə ehtimalı da böyükdür: "Təəssüf ki, heyvanın istehlakçılara təklif olunan ətinin bruselyoz olduğunu müəyyən etmək asan deyil. Bizim tədqiqatlarımız göstərir ki, Bakı bazarlarında olan laboratoriyaların heç biri bruselyoza qarşı ekspertiza aparmağa qadir deyil. Ona görə də insanlar çiy ətə əl vuranda, ət yaxşı bişməyəndə onun istehlak edilməsilə bu xəstəliyə yoluxa bilərlər. Nəticədə uzun müddət çəkən, sağalmayan və 37 dərəcə temperaturla illər boyu müşayiət olunan bir xəstəlikdən əziyyət çəkmiş olarlar. Bu xəstəlik insanda immuniteti aşağı salmaqla arzuolunmayan nəticələrə gətirib çıxara bilər".\milli.az

Xəbər 697 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR