“Ermənistan təxribatlarına dair ilkin hesabat səfirliklərə təqdim olunub”  - Komitə sədri

“Ermənistan təxribatlarına dair ilkin hesabat səfirliklərə təqdim olunub”  - Komitə sədri

"Artıq bir çox beynəlxalq təşkilatlar ermənilərin Azərbaycana qarşı müharibə cinayətlərinə öz münasibətini bildirib”.

Aktual.az xəbər verir ki, bunu brifinqdə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

O bildirib ki, Ermənistan tərəfindən mülki əhaliyə, xüsusilə qadınlara və uşaqlara edilən hücumlarla Cenevrə konvensiyasının və BMT-nin mülki əhali ilə bağlı konvensiyasının tələbləri kobud şəkildə pozulub:
"Ermənistan öz ərazisindən Azərbaycanın cəbhə bölgəsinə aid olmayan, hərbi hədəflər yerləşməyən böyük şəhərlərini atəşə tutmağa davam edir. Ermənistan bununla 190 ölkənin qəbul etdiyi Cenevrə konvensiyasının tələblərini pozsa da, onlara qarşı reaksiya görmürük. QHT-lər olaraq biz də bir çox beynəlxalq təşkilatlara sənədlər göndərmişik. QHT-lərin Monitorinq Qrupu olaraq Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlamışıq. Bu hesabat tam deyil. İlkin variantdır. Hesabat əksər dövlətlərin xarici işlər nazirlikləri və onların Azərbaycandakı səfirliklərinə təqdim olunub. Növbəti dəfə ekologiya ilə bağlı hesabat hazırlayacağıq. Gələcəkdəki hesabatlarda uşaqlar, qadınlar ayrıca bölmə olaraq hazırlanacaq. Baş Prokuror Kamran Əliyevin də bildirdiyi kimi, reallığa uyğun olaraq, bu faktlar göstəriləcək. Bizim üçün faktları toplamaq çətinliklər yaratsa da, bu işləri davam etdiririk. Gələcəkdə təqdim edəcəyimiz aralıq hesabatda da bu hesabatda yer almayan faktlar öz əksini tapacaq”.
O bildirib ki, hesabat Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəymiş ziyanla bağlıdır: " Bu hesabat tam deyil. İlkin variantdır. Noyabrın 15-də aralıq hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. Orada Ermənistan tərəfin rayonlara qadağan olunmuş silahlar atması, həmin silahların atılması nəticəsində dağıntılar, zərər çəkmiş sahələr, ölən və xəsarət alan mülki şəxslər, ölkənin ekologiyasına, fauna və florasını dəymiş ziyan qeyd olunur. Hesabat əksər dövlətlərin xarici işlər nazirlikləri və onların Azərbaycandakı səfirliklərinə təqdim olunub".
Ç.Qənizadə deyib ki, bir çox hallarda "Human Rights Watch” və "Amnesty İnternational” kimi təşkilatların hazırladığı hesabatlar BMT-nin sənədlərində əsas kimi götürülür. Onun fikrincə, həmin təşkilatların burada hazırladığı hesabatlar bu baxımdan vacibdir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri dünyada beynəlxalq cinayət məhkəməsinin olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, ilk dəfə İkinci Dünya Müharibəsindən sonra bu məhkəmədə işə baxılıb:
"Bu gün Ermənistan hərbi siyasi rejiminin göstərişi ilə Dağlıq Qarabağda olan Ermənistan və qondarma rejimin hərbçilər tərəfindən insanlıq əleyhinə cinayət törədilir. Onlar həm müharibə, həm də insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə bağlı məsuliyyətə cəlb edilməlidir. Müharibə cinayətlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi gec-tez cavab verəcək”.
Ç.Qənizadə bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlərin günahkarı məhz ATƏT-in Minsk Qrupunun həmsədrləridir: 
"Bu gün BMT-nin TŞ-yə rəhbərlik edən 5 dövlətdən 3-ü ATƏT-in Minsk Qrupunun üzvləridir. Bu gün ermənilərin bizə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlərin səbəbkarı, günahkarı məhz ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Biz bu gün ermənilərin bizə qarşı törətdiyi cinayətlərə reaksiya verən beynəlxalq təşkilatların, dövlətlərin mövqeyini gələcəkdə istifadə edəcəyik”.
Xəbər 971 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR