Elşən Musayev: “Ümid edirik ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu dediklərində səmimidir” MÜSAHİBƏ

Elşən Musayev: “Ümid edirik ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu dediklərində səmimidir” MÜSAHİBƏ

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, cəbhədə erməni təxribatı son vaxtlar daha da intensivləşib. Bu təxribatların səbəbini nə ilə izah etmək olar?

- Bu təxribatların çox müxtəlif səbəbləri var. Əvvəla Ermənistan və onun siyasi rəhbərliyi panika içindədir. Həm pandemiyanın özü ilə gətirmiş olduğu iqtisadi-siyasi bəlalar, həm də Paşinyanın uğursuz fəaliyyəti düşmən ölkədə ciddi çaşqınlıq yaradıb. Belə olan halda isə diqqəti əsas məsələlərdən yayındırmağa çalışırlar. Tovuz üzərindən edilən erməni həmləsinin, təxribatının kökündə də bu məqsəd dayanırdı. Digər səbəb heç şübhəsiz ermənilərə stimul verən qüvvələrin aktivliyi və bölgədə sabitliyi pozmaq cəhdidir. Həmin "maraqlı” qüvvələrin kimliyi də heç kimə sirr deyil. Çünki məlum qüvvə və ya qüvvələr haqda dəfələrlə danışmışıq. Başqa bir səbəb budur ki, Azərbaycanın beynəlxalq sferada günü-gündən artan nüfuzu erməniləri ciddi narahat edir və tez bir zamanda Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyini ortalığa qoyur. Yəni, Ermənistan və onun rəhbərliyi anlayır ki, qondarma və işğalçı siyasətlə çox uzağa gedə bilməyəcəklər. Hətta artıq erməni əsilli politoloqlar, siyasətçilər belə işğal altında olan torpaqların əzəli sahibinə qaytarılmasının zərurət və labüd olmasından danışırlar. Bu hal isə Paşinyanı və onun uğursuz komandasını qıcıqlandırır. Qıcıq isə panika, rabitəsizlik, sistemsizlik yaradır. BBC müxbirinin Paşinyanı çox çıxılmaz vəziyyətə salması, yəqin hər birinizin xatirindədir. Ermənistan rəhbəri qəfil sual qarşısında necə çökdüsə, hələ də bütün dünya həmin mənzərədən danışır. Çünki deməyə, danışmağa nəsə yox idi. Danışmağa nəsə olmayanda isə ya nala-mıxa vurursan, ya susursan, ya da təxribat törədirsən. Paşinyanda susacaq sifət yoxdur, çünki qırmızı adamdır. Təxribat isə onların qanındadır, təxribat onların ənənəvi üsullarıdır.

- Cəbhənin Goranboy rayon istiqamətində Ermənistanın təxribat-diversiya qrupunun komandiri əsgərlərimiz tərəfindən əsir götürülüb. Bununla bağlı nə deyə bilərsiniz?

- Ermənistan ordusunun elə bütün əsgərləri təxribatçı-diversantdır. Amma komandirin tutulması və onun növbəti mərhələdə verəcəyi ifadələr, məncə çox mətləblərə aydınlıq gətirəcək. Bildiyim qədər artıq konkret maddələrlə cinayət işi qaldırılıb. Gedişatı hamı kimi mən də izləyirəm. Eyni zamanda düşünürəm ki, məhz komandir diversantın ələ keçirilməsi çox ciddi hadisədir. O şərəfsizi ölü deyil, diri olaraq tutan peşəkar və qəhrəman Azərbaycan əsgərlərinə eşq olsun.

- Rusiyanın Ermənistana 400 ton silah satması faktı ortadadır. Bunu Rusiyanın Ermənistana göstərdiyi növbəti qardaşlıq dəstəyi hesab etmək olar?

- Mən bu haqda xüsusi yazı ilə çıxış etmişəm. Ona görə eyni mövzuda növbəti xırdalıqlara varmayacam. Sadəcə, bir məqamı deyim ki, 400 ton hələ görünən və müəyyənləşdirilən faktdır. Miqyasın daha böyük olması isə istisna deyil.

- Bakıda səfərdə olan Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycanla hərbi əməkdaşlığa hazır olduqlarını və Rusiyanın hərəkətlərinin Azərbaycana qarşı olmadığını bildirib. Bu səfəri və nazirin fikirlərini necə şərh edərdiniz?

- Azərbaycan dövləti hər zaman qarşılıqlı və ədalət prinsiplərinə söykənən əməkdaşlığın tərəfdarı olub. Üstəlik, nəinki tərəfdarı olub, həm də real və əyani addımlarla bunu sübut edib. Bizim hazırda tək problemimiz Ermənistanladır. Çünki torpaqlarımızı işğal edib. Digər ölkələrlə isə daim müttəfiqliyə də, strateji müttəfiqliyə də açıq olmuşuq. Bu gün yenə ümid edirik ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu dediklərində səmimidir. Fəqət, bunu gerçək həyatda göstərmək lazımdır. Gerçək həyatda və əməli fəaliyyətdə. Azərbaycan əsgəri təkbətək döyüşdə, mübarizədə Ermənistanı məğlub etməyə, diz çökdürməyə qadirdir. Yetər ki, kimsə mane olmasın və ya düşmənə güc verməsin, yardım etməsin.//sia.az

 

Aktual.az

Xəbər 1008 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR