Gənclər
üçün Təhsil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi
"Ziyalı sözü" layihəsinin növbəti tədbiri keçirilib.
Layihənin
budəfəki qonağı şair, jurnalist, politoloq Elçin Mirzəbəyli olub. Binəqədi
rayon Gənclər evindəki görüşdə GTM-in üzvləri, nüfuzlu universitetlərin
tələbələri və media nümayəndələri iştirak ediblər.
Tədbiri
giriş sözüilə açan GTM-in və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin
məqsədi haqqında geniş məlumat verib, Elçin Mirzəbəylinin yaradıcılığından söz
açıb. E.Mirzəbəylinin eyni zamanda ədəbiyyat, jurnalistika, rejissorluq,
politologiya kimi mütəlif sahələrdə çalışdığını deyən F.Həsənzadə bunun səbəbi
ilə maraqlanıb.
Gənclərlə
görüşdən məmnunluq duyduğunu deyən Elçin Mirzəbəyli müxtəlif
sahələrlə məşğul olması və əldə etdiyi uğurlar haqqında danışıb: "İnsan necə
görünürsə, əslində odur. Ona qədərki olan bütün tarixçələr, əldə etdiyi uğurlar
sadəcə bu obrazın aşkara çıxması üçün bir vasitədir. Müxtəlif sahələrlə məşğul
olmaq təkcə insanın öz istəyi, meyli ilə bağlı olmur. Həyat da insanı bir
sahədən digərinə ata bilər. Ancaq həyat səni müəyyən bir yerə atdısa, yol səni
bu istiqamətə gətirdisə, bundan yeganə çıxış yolu düşdüyün yerdə özünü
təsdiqləməkdir. Bunu kimsə üçün yox, özün üçün etməlisən Yəni, özünə "mən
bunu elədim"- deyə bilmək üçün. Mənim də yollarımın haçalı olması və bu
yollarda qazandığım müəyyən uğuların səbəbi odur ki, özümü özümə təsdiqləməyə
çalışmışam. Bir tək ədəbiyyatda sübuta ehtiyacım olmayıb. Çünki bu Allah
vergisidir. Ədəbiyyata heç zaman peşə kimi baxmamışam. Şairlik vəzifə deyil.
Mən bir ədəbiyyat adamı kimi öz içimdən gələn hisslərimi, duyğularımı yazmağa
çalışıram”.
Tədbirin
gedişatında gənclər onları maraqlandıran sualları şairə ünvanlayıblar, görüş
diskusiya şəklində davam edib.
Şair
özünə ədəbi əcdad hesab etdiyi yazarlardan danışarkən deyib: "Mən ədəbiyyat
adına nə oxumuşamsa, kimi oxumuşamsa, Nizamidən başlamış Pasternaka kimi
hamısını özümə müəllim hesab etmişəm. Ancaq ədəbiyyatda ardıcıllıq məsələsi bir
az fərqli yanaşma tələb edir. Çalışmaq lazımdır ki, heç kimin ardıcılı
olmayasan. Ona görə də müəyyən mərhələdə həm milli, həm də dünya ədəbiyyatını
kifayət qədər çox mütaliə etmişəm. Amma bir zamandan sonra çalışdığım qədər
fəlsəfi əsərləri, Sartrı, Freydi, Nitşeni, Kamyunu və başqalarını oxumağa
başladım. Bu əsərlər son nəticədə insanın xarakterinin, dünyagörüşünün formalaşmasına
gətirib çıxarır. Əsas məsələ odur ki, ədəbiyyat sənə nə verir? Ona görə də mən
artıq seçilmiş əsərləri oxuyuram. Söhbət ruhən yaxınlıqdan gedirsə, Azərbaycan
ədəbiyyatından Nəsimini özümə daha yaxın hiss edirəm. Vaxtilə mənim elmi işim
də sufizmlə bağlı olub. Buna görə onu araşdırırdım deyə, o fəlsəfəni başa
düşməyə, içinə daxil olmağa çalışırdım. Mənim üslubumu araşdırmaçılar sərt
modernizm kimi qiymətləndirirlər. Azərbaycanda bu üslubda yazan ikinci yazar
yoxdur. O baxımdan kimə bənzədiyimi dəqiq bilmirəm. Şeiri texniki iş hesab
etmirəm. Halbuki, şeiri texnika ilə yazan şairlər var. Mən həmin an hansı
fikir, hansı misra gəlirsə, onu yazıram. Ona görə də adətən şeirlərim qısa
olur”.
Görüş
iştirakçılarının böyük əksəriyyətinin xanımlar olmasına diqqət yetirən qonaq
deyib: "Çox maraqlıdır ki, Azərbaycanda poeziyanı, ədəbiyyatı daha çox xanımlar
sevirlər. Bu, sevindirici haldır. Çünki kişi övladın tərbiyəsində heç bir rola
malik deyil. Xanımların ədəbiyyatı sevməsi və yaxşı əsəri dəyərləndirməsi, gələcək
Azərbaycan nəslinin formalaşması üçün çox mühüm amildir”.
Bəzən
müxtəlif müəlliflərin şeirlərinin bir-birinə bənzəməsi haqqında şair deyib ki,
şeirlər hisslərin məhsulu olduğundan, hətta bir-birini tanımayan, heç zaman
oxumayan şairlərin belə şeirləri, hansısa fikirləri bir-birinə bənzəyə bilər.
"Məşğul
olduğunuz sahələrdən hansı sizə daha yaxındır”- sualına E.Mirzəbəyli cavab
olaraq deyib ki, əslində bunların hamısını birlikdə qəbul etmək lazımdır:
"Rejissorluq, jurnalistika, ədəbiyyat yaradıcı sahələrdir. Buna görə də
bir-birinə çox yaxındırlar. Politologiyanın əsasında isə analitika, yəni təhlil
dayanır. Eləcə də rejissorluğun da əsasında bu var. Çünki rejissor da hansısa
hadisələri şərh edir. Əgər bunların hamısında uğur qazandığım hesab olunursa,
bunun yeganə səbəbi odur ki, bu sahələrin hər birini sevirəm. Əgər insan bir
işlə məşğul olub, digərini sevdiyini deyirsə, onda deməli, o, birinci özü özünə
xəyanət edir. Üç istiqamət mənim həyatımı təmin etdiyim fəaliyyət sahələrim,
peşəmdir, ədəbiyyat isə peşəm yox, ruhi qidamdır”.
"Bəzən
dünyanın ən gözəl şeiri ən adi, hətta əhəmiyyətsiz bir nüansdan da yarana
bilir. Bu da ondan irəli gəlir ki, uzun zamanın hissi, xatirələri yığılır və
bircə anda hansısa xəfif qığılcımla alışır və şeirə dönür”. Şair bu sözləri
"şeirləriniz adətən nəyin təsiri ilə yaranır?"- sualına cavab olaraq
deyib.
İştirakçılara
qonağın din və elm haqqındakı düşüncələri də maraqlı olub. Şair bu haqda
verilən sualı belə cavablayıb: "Dinlə elmi qarşı-qarşıya qoymaq və iç-içə
gətirmək yalnışdır. Biri ruhi qidadır, digəri isə dünyanın inkişafına, texniki
tərəqqiyə, insanlara rahat həyat bəxş edən istiqamətdir. Bu yanaşma son dövrlər
Azərbaycan cəmiyyətində daha çox kök salmağa başlayıb. Mən tez-tez bu
məsələlərə münasibət bildirirəm. Din ehkamdır, yəni müzakirə olunmur. Amma elm
müzakirəsiz inkişaf edə bilməz. Deməli, dində elm yoxdur. Avropa bu yolları
bizdən daha tez keçib. Orada xristianlıq elmdən ayrıdır. İnsan büün gün dindən
danışırsa, o, psixoloji xəstədir. Allah insanın içindədir. İbadət edirsənsə,
Ona edirsən, özünə edirsən. Bunu başqalarına nümayiş etdirməyə gərək yoxdur.
Dinlər insanlara yol göstərmək üçün yaranıblar. Ancaq dövr dəyişdikcə, onlarda
da dəyişmələr olmalıdır, inkişaf getməlidir. Bütün dinləri oxuyub öyrənmək
lazımdır. Bu, həm də mədəni faktordur. Ağılla, şüurla dərk edilməlidir.
Mənimçün mənəvi yüksəlişin digər bir tərəfi də elmdir”.
Görüş
iştirakçılarından biri E.Mirzəbəylinin şair Bəxtiyar Vahabzadə haqqında çəkdiyi
filmi xatırlayıb və filmin yaranma səbəbi ilə maraqlanıb. Bu haqda şeir deyib:
"Bizim onunla aramızda qəribə bağlılıq vardı. 1988-ci ildə mən "Azərbaycan
marşı”nı yazmışdım. 1989-cu ildə mənim təqdimatı ilk dəfə efirdən Bəxtiyar
Vahabzadə səsləndirib, bu marş haqqında danışıb. Mənim heç xəbərim də yox idi.
Sonra mən burada olmadım, uzun müddət görüşə bilmədik. Qayıdandan sonra bir
dəfə rastlaşdıq, mənimlə görüşmək istədiyini dedi. Mənimsə xarakterim elə idi
ki, həmişə hər kəsdən qaçırdım. O, həmişə istedadlı gənclərə dəstək olub,
onları qoruyub. Ona qarşı həmişə içimdə sevgim olub. Görüşlərimizin birində
ürəyimdən keçdi ki, onun haqqında bir film çəkim, sevgimi və mənə etdiyi
yaxşılıqların minnətdarlığını belə bildirim”.
Tənqid
haqqında danışarkən şair deyib: "Dostlar çox zaman insana kənardan baxa bilmirlər.
Hardasa o sevgi mane olur. Portret olaraq məni ən düzgün Əflatun Amaşov təsvir
edib”.
Daha
sonra iştirakçılar şairin "Ya sevda bitəcək, ya daş bitəcək”, "Səni gözləyirəm”
və başqa şeirlərini səsləndiriblər.
Şair
özü isə gənclərin istəyi ilə "Bizim bu şəhərdə heç kimimiz yox”, "Elə
darıxasan”, "Fotolarda saralır saçımızın qarası”, "Mən sənə Tanrının
əmanətiyəm”, "Bir gün mən olmasam” və s. şeirlərini oxuyub.
Sonda
şair imzalı kitablarını iştirakçılara hədiyyə edib.
Xəbər 430 dəfə oxunub.