Dünyanın müxtəlif ölkələrində milyonlarla insanın "nəfəsini tutaraq" izlədiyi böyük futbol həyəcanı yenidən başlayır. Dörd ildən bir keçirilən və planetin ən iri idman hadisələrindən sayılan dünya çempionatı öncəsi azarkeşlər, mütəxəssislər və futbol ictimaiyyəti arasında əsas sual dəyişməz qalır: Kuboku hansı komanda qazanacaq?
Aktual.az bu dəfə deputatlara sorğu ünvanlayıb və onların favoritlərini öyrənib.
Sevinc Fətəliyeva bildirib ki, dünya çempionatlarını həmişə maraqla izləyib:
"Ənənəvi olaraq ailəvi şəkildə Braziliya millisinin azarkeşiyik. Bu səbəbdən də favoritimiz Braziliyadır və dünya çempionu olacağına ümid edirik".
Aqil Abbas Türkiyə millisinə simpatiya bəslədiyini desə də, favoritinin Braziliya olduğunu qeyd edib:
"Sevdiyim komandanın çempion olmasını istəyirəm. Türkiyə millisinin gücü çatmaz".
Müşfiq Məmmədli isə favoritlərinin Argentina və İspaniya yığmaları olduğunu bildirib:
"İstərdim ki, İspaniya millisi çempion olsun".
Zahid Oruc qeyd edib ki, dünya çempionatında türk dövlətlərinin yığmalarına azarkeşlik edəcək:
"Təbii ki, qəlbimiz, beynimiz, dualarımız türk millisi ilə olacaq. Çox arzu edirik ki, onlar qrup mərhələsini uğurla keçsinlər. Bunu edə bilsələr, türk dünyasında futbolun inkişafı ilə bağlı ciddi mesaj vermiş olacaqlar. Buna potensialları, imkanları və gücləri var. Mümkün olduqca əsas oyunları izləməyə çalışacağam".
Qüdrət Həsənquliyev bildirib ki, Türkiyə, İran və Özbəkistan yığmalarına azarkeşlik edəcək:
"Düşünürəm ki, İspaniya millisinin çempion olmaq şansı daha yüksəkdir. Amma futbol sürprizlərlə doludur. Niderland, Fransa, İngiltərə, Argentina və Braziliya da çempion ola bilər".
Vüqar Bayramov isə Türkiyə millisini dəstəkləyəcəyini deyib:
"Amma İspaniya komandasını favorit hesab edirəm. Bununla yanaşı, Fransa və Argentina da güclü namizədlər sırasındadır". (oxu.az)