Deputat icra başçılarını “VURDU”: “Pencək düymələməklə deyil”

Deputat icra başçılarını “VURDU”:   “Pencək düymələməklə deyil”

Həftələrlə medianın gündəmini zəbt edən, müzakirələrə səbəb olan “əyalət padşahları” ilə bağlı yazılarımızı davam etdiririk. O “padşahlar” ki, dövlət büdcəsindən ayrılan vəsaitləri aidiyyatı üzrə xərcləmir, lazımi ünvanlara yönəltmir, insanların problemlərinə biganə, dırnaqarası baxır, rayon sakinləri ilə kobud rəftar edirlər.


Heç kimə sirr deyil ki, təyinat aldığı rayonda sözün əsl mənasında “at oynadan” icra başçılarının sayı-hesabı yoxdur. Əbəs yerə deyil ki, hansısa problemini həll edə bilməyən vətəndaş bir çox hallarda onun məhz mətbuat səhifələrində işıqlandırılmasına çalışır. Bu yolla problemini həll edə bilir.

Prezident İlham Əliyev ard-arda imzaladığı sərəncamlarla vəzifələrindən uzaqlaşdırdığı  icra başçıları sadalanan problemlərin yaranmasında və şaxələnməsində birbaşa rol oynayanlardan idi. Bu kimi neqativ halların aradan qaldırılması, icra başçılarının hərəkətlərinin müəyyən çərçivə daxilində, qanunauyğunluqla icrası üçün hansısa təklif, qanun, qəbul edilə bilərmi?

Məsələyə dair fikrilərini Modern.az saytı ilə bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, insanın hərəkətlərinin qanunla tənzimlənməsi effektli olmayacaq:

“İnsanın davranışını, hərəkətlərini hansısa çərçivə ilə tənzimləyəcəyiksə, bu, süni olacaq. Hər şey insanın daxilindən gəlməlidir. Daxili mədəniyyət, işinə, vəzifəsinə hörmət, məsuliyyət, təmsil etdiyi şəxslərin qarşısında hesabatlılıq olmalıdır.

Çərçivəyə uyğun qalstuk taxıb, pencək düymələməklə heç nəyə nail olmaq olmaz. Bununla nümunəvi icra başçısı imici formalaşdırmaq mümkün deyil. Bu yalnız icra başçılarına deyil, elə ixtisasından, peşəsindən asılı olmayaraq bütün insanlara şamil edilir.

Məsələn, mən bir dəfə gördüm ki, Qaqarin körpüsünün qarşısından keçərkən öndəki avtomobilin sürücüsü, siqareti ağzına qoyandan sonra boş qutunu pəncərədən yerə atdı.

Bunu hansısa qanunla çərçivələmək, qaydaya salmaq olmur axı. Sabah həmin şəxsi icra başçısı qoysan yenə o tərbiyənin, mədəniyyətin sahibi olaraq qalacaq və onları nümayiş etdirəcək”. Deputat hər kəsin nəyi necə etməli olduğunu yaxşı bildiyini qeyd edib:

“Onsuz da davranış kodeksi deyilən bir anlayış var, hamı bilir ki, doğru olan nədir, özünü necə aparmalıdır. Amma çərçivəyə salmaqla nəyəsə nail olmaq mümkün deyil.

Onlarla iş aparmaq olar, hansısa hərəkətinə görə cəzalandırıb, başqalarına da örnək kimi vermək olar. Necə ki, cənab Prezident bir neçə icra başçısını elə mətbuatda gedən yazılardan sonra çıxartdı.

Təbii ki, konkret səbəb nə idi bilmirəm, amma hər halda adamlar vəzifədən götürüldü. Ona görə, mən hansısa kodekslə, qanunla onların hərəkətlərinin tənzimlənməsinin effektli olacağını düşünmürəm və uğurlu nəticə verəcəyinə inanmıram”.   //Modern.az

   

Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR