Deputat: Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət regionda hazırkı reallıqlara gətirib çıxarıb

Deputat: Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət regionda hazırkı reallıqlara gətirib çıxarıb

Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə söylədiyi fikirlər və toxunduğu məqamlar mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı növbəti dəfə doğma Qarabağımız barədə danışaraq üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Ermənistanın nələr etməli olduğunu bir daha xatırlatdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Vətən müharibəsində Zəfərindən sonra Azərbaycanın daha da gücləndiyini vurğulayan E.Musayev bildirib ki, Ermənistanın varlığı, inkişafı isə indi onun özündən, qonşu ölkələrə münasibətindən asılıdır. Onsuz da Ermənistan 30 ilə yaxın dövrdə işğal və vandalizm siyasəti həyata keçirdiyi vaxtda bütün kommunikasiyalardan, layihələrdən kənarda qaldı. İşğalçılıq siyasəti yürüdən bu dövlət əhalinin və ölkənin gələcəyini təhlükə altına qoydu. Ermənistan, əslində, Qarabağdan ya öz xoşu ilə çıxmalı, ya da BMT-nin qətnamələrinə uyğun formada çıxarılmalı idi. Amma bunlar olmadı. Başda ATƏT-in Minski qrupu olmaqla, beynəlxalq təşkilatlar ədalətin bərqərar olması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün xüsusi fəallıq göstərmədilər. İş o yerə gəlib çıxdı ki, BMT-nin qətnamələrini Azərbaycan dövləti, qəhrəman əsgərlərimiz şəxsən icra etməli oldular və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımız işğaldan azad edildi.

Hazırda sülh danışıqlarının aparıldığını qeyd edən E.Musayevin sözlərinə görə, müharibədən dərhal sonra Azərbaycanın həyata keçirdiyi siyasət, böyük dövlətlərlə ikitərəfli formatda əlaqələr, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr hazırkı reallıqlara gətirib çıxarıb.

Brüssel görüşünün əhəmiyyətindən danışan deputat bildirib ki, görüşün nəticələri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Brüsseldə keçirilmiş görüşün nəticəsi olaraq sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq komissiyalar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.

"Prezident İlham Əliyev son müşavirədə çox doğru olaraq qeyd etdi ki, Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, 10 noyabr Bəyanatına əsasən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, Azərbaycan da hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq. Ermənistana mesaj verildi ki, vaxtı uzatmağın xeyri yoxdur”, - deyə Elşən Musayev qeyd edib.

Deputatın sözlərinə görə, reallıq budur ki, hazırda diktə edən tərəf Azərbaycan dövlətidir və Ermənistan da həmin reallıqla barışmalıdır, razılaşmalara əməl etməlidir. Ermənistan bunu etmədiyi halda özü itirəcək və beynəlxalq, regional sferadan daha da təcrid olacaq.
Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR