ABŞ Dövlət Departamenti turist və iş vizası almaq istəyən şəxslər üçün müsahibə gözləmə müddətini azaltmağı hədəfləyən yeni pilot proqram təqdim edib. Yeni sistemə əsasən, əlavə ödəniş edən müraciətçilər daha qısa müddətdə müsahibə tarixi əldə edə biləcəklər.
Aktual.az xəbər verir ki, məlumata görə, proqram 1 iyul – 31 dekabr tarixləri arasında sınaq qaydasında tətbiq olunacaq. Hazırda ABŞ vizası üçün standart müraciət haqqı 185 dollardır. Yeni xidmət çərçivəsində isə müraciətçilər əlavə 750 dollar ödəyərək sürətləndirilmiş prosedurdan yararlana biləcəklər.
ABŞ rəsmiləri bu xidməti "könüllü premium xidmət” kimi xarakterizə edirlər. Əlavə ödəniş edən şəxslər seçilmiş ABŞ səfirliklərində və konsulluqlarında 10 gün ərzində müsahibə üçün növbə ala biləcəklər.
Lakin rəsmilər vurğulayırlar ki, sürətləndirilmiş xidmət viza verilməsinə zəmanət vermir. Bu ödəniş yalnız müsahibə tarixinin daha tez təyin olunmasını təmin edir, viza ilə bağlı yekun qərar isə əvvəlki qaydada veriləcək.
Pilot proqramın tətbiq ediləcəyi səfirlik və konsulluqların siyahısının iyul ayından əvvəl açıqlanacağı bildirilib. ABŞ administrasiyası bu addımla uzun növbələri azaltmağı və viza müraciətlərində yaranan yüklənməni qismən aradan qaldırmağı planlaşdırır.
Xəbər 56 dəfə oxunub.