Bu çimərliklərə getməyin - XƏBƏRDARLIQ

Bu çimərliklərə getməyin - XƏBƏRDARLIQ

"Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar hər il olduğu kimi bu ildə zəruri təhlükəsizlik tədbiri görülüb. Cari ilin aprel ayından etibarən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə birlikdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız, təhlükəli sahələrin müəyyən edilməsi, eyni zamanda çimərlik operatorlarına təhlüksəizlik qaydaları barədə təlimatların təqdim edilməsi olub”.
Bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.
O bildirib ki, bundan əlavə, xidmətin nəzarət etdiyi çimərliklərdə, habelə IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və sualtı təmizləmə işləri aparılıb:
"Dənizdə üzmə sərhədini müəyyən edən nişanlar quraşdırılıb. Çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün lövhələr yerləşdirilib. Eyni zamanda xidmətdə matros xilasedici vəzifələrinə vakant elan edilib. Xidmətin balansında olan xilasetmə vasitələri, o cümlədən dalğıc-axtarış işlərində istifadə edilməsi üçün nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilib. Xidmət əməkdaşları may ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.
Akşin Əlili qeyd edib ki, xidmət çimərlik mövsümünə tam hazırdır. O, vətəndaşlara müraciət edərək bildirib ki, çimərlik seçimində diqqətli olsunlar:
"Əgər hər hansısa bir çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini, bu kimi ərazilərdən istifadənin təhlükəli olduğunu göstərir. Qanunvericiliyin tələbinə uyğun olaraq, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimmək qadağandır və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək və ya çimərlik ərazisində balıq ovlamaq, xilasetmə texnika və vasitələrindən başqa digər su nəqliyyatı vasitələri ilə çimərlik ərazisində daxil olmaq, spirtli içki içərək suya girmək qadağandır. 13 yaşdan aşağı uşaqlar yalnız valideyn nəzarəti ilə çimərlik ərazisindən istifadə edə bilər. Çimərlikdən təhlükəsiz istifadə səhər saat 9-dan axşam 8-ə kimidir”. (musavat.com)
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR